Fiziki şəxsin kredit qabiliyyətinin qiymətləndirilməsi

Fiziki şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi istənilən borcun miqdarı ilə həmin şəxsin gəlirinin nisbəti əsasında müəyyən olunur, həmçinin ümumi maliyyə vəziyyətinin və əmlakların qiymətləndirilməsi, ailə tərkibi, müştərinin fərdi xarakterləri və keçmiş kredit tarixçəsinin öyrənilməsi də vacib əhəmiyyət daşıyır.

Məsələn Fransada fiziki şəxsin kredit qabiliyyətinin müəyyən edilməsi skorinq sisteminə əsaslanır. İstehlakçı kreditinin verilməsinin məqsədəuyğunluğu və verilmə şərtlərini əhatə edən bu proqram üç hissəyə bölünür: kredit haqqında və müştəri barədə informasiya, müştərinin maliyyə durumu.

Birinci bölməyə kredit mütəxəssisi tərəfindən bankın təqdim etdiyi kredit məhsulu barədə məlumatlar daxil edilir, müştərinin dosyesinin nömrəsi, agentliyin adı, kreditin məbləği və növü, onun bağlanma müddəti, sığorta ödənişləri olmadan faiz dərəcəsi, borcun təqdim edilmə tarixi, müştərinin aylıq ödənişləri etmək üçün seçdiyi müddət, həmçinin “kreditin aylıq ödənişin mütləq məbləğinin sığorta ödənişi ilə sığortalanması zərurətinin olub-olmaması” barədə sualın cavabı, banka ödəniləcək faizlərin və sığorta ödənişlərinin ümumi həcmi.

İkinci bölməyə müştərinin peşəsi haqqında məlumatlar daxil edilir, onun müəyyən sosial qrupa mənsubiyyəti, işəgötürənin kim olması (hansı müəssisədə çalışması), təmiz illik əməkhaqqı, il ərzində xərclər, əmək stajı.

Üçüncü bölmə müştərinin maliyyə durumunu əks etdirir – burada müştərinin cari və depozit hesablarında olan vəsaitin miqdarı, gəlirlərin xərcləri nisbəti yer alır.

Sayılan informasiyaların daxil edilməsi nəticəsində bank əməkdaşı kreditin verilməsinin mümkünlü (ya da qeyri mümkünlüyü) barədə yekun qərar əldə edir. Əgər cavab mənfi olarsa, bankın agentliyi kredit müraciətini öz departamentlərindən birinə yönləndirib, borcun ayrılmasının mümkünlüyü ilə bağlı əlavə müzakirələr apara və məsələni yenindən nəzərdən keçirə bilərlər

ABŞ-da fiziki şəxsin kredit qabiliyyətinin qiymətləndirilməsinin əsas meyarı onun əvvəlki kredit tarixçəsinin araşdırılmasıdır. Bu müəyyən dükanlardan kreditə alınmış məhsullardan başlaya bilər. Bank kredit üçün verilən müraciət məktubundakı informasiyalardan istifadə edir, ad, soyad, yaşayış yeri ünvanı və sosial kart nömrəsi. Bu üç parametr əsasında kredit kartları emissiya edən banklardan və təşkilatlardan, ev sahiblərindən bütün vaxtında edilməmiş ödənişlər haqqında informasiya toplamaq olar. Bankı daha çox edilməmiş ödənişlərin tarixi və miqdarı, davam etmə müddəti, gecikdirmənin nə qədər uzaldılması maraqlandırır. Bütün bu məlumatlar əsasında kredit tarixçəsi tərtib edilir.

Kredit tarixçəsindən əlavə fiziki şəxsin amerikan bank sistemi tərəfindən qiymətləndirilməsi sisteminə növbəti göstəricilər də daxil edilir: borc və gəlirlərin nisbəti , gəlirlərin stabilliyi və eyni bir iş yerində uzunmüddətli çalışmaq, eyni bir ünvanda yaşama müddəti, kapitalın həcmi.