Forbes: Trumpın sərvəti bir ilə 600 milyon dollar azalıb

ABŞ prezidenti Donald Trumpın sərvəti bir il ərzində 600 milyon dollar azalıb və hazırda 3,1 milyard dollar təşkil edir.

Banker.az xəbər verir ki, bu məlumat Forbes nəşrinin çərşənbə axşamı nəşr olunmuş ABŞ-ın 400 ən varlı şəxsi reytinqinin yenilənmiş nəticələrində yer alıb.

Trump Organization adlı inşaat imperiyasına sahib olan Trump bu il Forbesin illik reytinqində 248-ci pillədə yer alıb. Milyarder ötən il 156-cı pillədə idi. Nəşrin redaktorlarının sözlərinə görə, Trumpın sahib olduğu kapitalın azalmasına Nyu-York daşınmaz əmlak bazarında sərt rəqabət, həmçinin prezident kampaniyasında iştirak zamanı edilən ciddi xərclər səbəb olub.

Artıq 24 ildir ki, siyahıya Microsoft şirkətinin təsisçisi Bill Gates (89 milyard dollar) başçılıq edir. İkinci pillədə iki ildir ardıcıl olaraq Amazon şirkətinin rəhbəri Jeff Bezos (81,5 milyard dollar) yer alır. Onun ardınca investor Warren Buffet (78 milyard dollar), Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberg (71 milyard dollar) və Oracle şirkətinin keçmiş icraçı direktoru Larry Ellison (59 milyard dollar) gəlir.

Forbes nümayəndələri həmçinin qeyd edib ki, bu il siyahıya 22 yeni ad daxil olub.