15 C
Baku
Saturday, April 20, 2024

FOREX bazarına alternativ baxış

Müəllif: Elçin Xəlilov, Financial analyst – Synergy Group of Companies, AtaHolding

 Bütün dünyada olduğu kimi, ölkəmizdə də valyuta birjalarına olan maraq, sadəcə maraqla qalmayıb, onun potensial iştirakçıları arasında bəzən birtərəfli, bəzən isə qarşılıqlı diskussiyalar şəklində özünü göstərməkdədir.

Bildiyimiz kimi, Forex (Foreign Exchange) “over-the-counter”, yəni mərkəziləşməmiş valyuta birjası olmaqla, dünyanın ən böyük qurum və investorlarının gündəlik iştirak etdiyi platformadır.

Gündəlik əməliyyatların həcmi 3 trilyon ABŞ dollarından çoxdur. Həftənin 5 günü, günün 24 saatı açıq olan bazardır. Bu bazarın iştirakçıları əksər ölkələrin Mərkəzi Bankları, böyük investisiya və kredit şirkətləri, fərdi sahibkarlar, broker kontorları, ticarət təşkilatları və sairdir. Hər bir qurum, prinsiplərinə inandığı yanaşma ilə bu bazara girir və ticarət əməliyyatları aparır. Sözsüz ki, bir tərəfin qazanması üçün digər tərəfin itirməsi gərəkdir. Və məhz bu səbəblə bazardakı ən böyük gəlir payını ən kiçik qisim alir. Forex bazarı ilə bağlı araşdırma aparan hər bir şəxs ilk öncə bu bazarda nəyə isə nail olmağın yollarını araşdırmış və bu sahədə xeyli vaxt və əmək sərf etmişdir.

Qarşımıza çıxan ilk analiz metodlarından ikisi – fundamental və texniki analiz yöntəmləridir. Qısaca açıqlyasaq, fundamental analiz – ölkə və iqtisadiyyat səviyyəsində, texniki analiz – şirkətlər və onların müəyyən göstəricilərinə əsasən aparılan analizlərdir. Bunlar retrospektivdir, keçmişdə baş vermiş hadisələrin gələcəkdə də müəyyən ölçüdə özünü təkrar edəcəyinə əsaslanan yollardır. Bu metodların etibar dərəcələrini araşdırmaqdan daha çox, bu metodlara alternativ baxış olaraq düşünülmüş bir metoddan bəhs edilməsi zəruridir. Bu metod “Xaos Nəzəriyyəsinə” və qeyri-linear həndəsəyə əsaslanır.

Bill Uilyams... Bu ad bəziləri üçün yeni, bəziləri üçün tanış, digər qisim üçün isə tanış deyil. Valyuta, səhm, qiymətli kağızlar, forvard və fyuçerz bazarlarında 30 ildən çox təcrübəsi olan bu insan, Xaos Nəzəriyyəsi əsasında sistem tərtib etmiş və bu sistemin yuxarıda adı çəkilən bazarlarda böyük və misilsiz uğur gətirdiyini sübut etmişdir. Bu sistemin texniki tərəfindən yan keçib, onun ideoloji və düşüncə tərəfindən istifadə etmək daha məqsədəuyğun olacaqdır.

Uilyams, bazarları sistematik varlıqdan çox, qeyri-adekvat və proqnozlara qapalı bir sistem kimi təsvir edir. Onun irəli sürdüyü əsas fikirlər aşağıdakı kimidir:

1. Bazarlar canlı orqanizm kimidir;
2. Gələcəyi proqnoz etmək qeyri-mümkündür;
3. Texniki və fundamental analiz heç bir qüvvəyə malik deyil;
4. İnsanlar öz şəxsi fikirlərini alıb-satır;
5. Ənənəvi riyaziyyat, həndəsə və fizika bazarların davranışını açıqlamaqda yetərsizdir;
6. Qiyməti yuxarı və ya aşağı çəkən hər hansı bir məlumatın özü deyil, bu məlumat nəticəsində bu və ya digər tərəfə qərar verən insanlardır və nəticə olaraq, hər bir insanın beyninə girmək mümkün deyil.

Xaos Nəzəriyyəsi, bazarların canlı orqanizmlər kimi görünməsinin vacibliyini iddia edir. Əslində “xaos” çox uğurlu söz olmamaqla yanaşı, özü özlüyündə ən yüksək sistematik bir varlıqdan bəhs edir. Bu nəzəriyyəyə əsasən, dünyadakı bütün canlı sistemlər böyük qanunauyğunluqla hərəkət etməkdədirlər. Metroya girdiyimizdə, yüzlərlə insanın, nadir hallar istisna edilməklə, bir birinə dəymədən tamamilə fərqli istiqamət və bucaqlarla hərəkətə davam etdiklərini müşahidə etmişik. Lakin ənənəvi riyaziyyat bu hərəkətlərin hansı qanunauyğunluqla baş verdiyini açıqlaya bilmir, bunun üçün daha yüksək bir elmin varlığına ehtiyac duyulur: Bu – Xaos Nəzəriyyəsidir.

Gördüyümüz kimi, ənənəvi analiz metodlarına birmənalı olaraq qarşı çıxan bir yanaşma ilə üzbəüzük. Zənnimcə, yuxarıdakı fikirləri bir qədər də açıqlamaq lazımdır.

Ən son maddədən başlasaq, qiymətin formalaşmasına səbəb olan faktorun məhz insanların qarşıda duran məsələyə baxışları olduğunu görərik. Bir qrup insan (deyək ki 10 nəfər) hər hansı bir ərzaq məhsulunun qiyməti ilə əlaqəli subyektiv və bir çox halda fərqli fikirdə olacaqdır. Kimisi daha çox, kimisi daha az vəsait təqdim edəcəkdir. Və qiymət, məhz bu təklif olunan məbləğlər əsasında formalaşacaqdır. İndi düşünək, forex bazarının yüz milyonlarla iştirakçısı var, kimin nə gözlədiyini bilməməyimiz bir yana, bu insanların məhz hansı aktivə yönələcəyini öncədən təxmin etmə bacarığına sahib olmağımız gülünc bir iddia kimi səslənməkdədir. Sözsüz ki, fundamental və texniki analizlərin çox qısa dövr diapazonu üçün əhəmiyyətli vasitələr olduğu danılmazdır, lakin uzun perspektivdə onlara güvənmək məqsədəuyğun sayılmamaqdadır.

Bütün professional həyatı boyu çalışıb forex-de uğur qazana bilməyən insanların, bir də qeyri-ənənəvi metodlarla tanış olmaları faydasız ötüşməyəcəkdir. Bu sahədə çox sayda kitablar yazılmış, diskussiyalar aparılmış və bu metodun varlığını sübut etmək üçün yetərincə möhkəm əsasları olduğu sübuta yetirilmişdir. Bill Uilyams insana bazara baxmanın tamamilə fərqli qapısını çalmasını təqdim edir. Belə ki, bu sistemlə tanış olan hər bir şəxs, kimliyindən asılı olmayaraq uğur qazanacaqdır. Sizin bizimlə ən böyük mənfi cəhətimiz – acgözlüyümüzdür. Heç bir sistem mənəvi dəyərlərin cilovlanması olmadan ayaqda qala bilməz. Bazara girən insan ilk növbədə beynin sol hissəsi ilə deyil, sağ hissəsi ilə hərəkət etməlidir. Yalnız bir şərtlə – gələcəyi görə bilmək arzusundan daşının! Bu mümkün deyil. Özünüz əmin olacaqsınız.

Bill Uilyamsın Azərbaycan dilinə tərcümə edilmiş kitabı yoxdur, lakin rus və ingilis dillərində olan ədəbiyyatları tapmaq mümkündür.
–    Bill Williams – “Trading Chaos”;
–    Bill Williams – “Trading Chaos II”.

Son xəbərlər
Digər xəbərlər