26 C
Baku
Wednesday, April 24, 2024

Formula 1-ə görə viza prosedurları sadələşdirilir

Prezident İlham Əliyev “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb. Banker.az-ın məlumatına görə, sərəncamla müəyyən edilib ki, Azərbaycan Respublikasında keçiriləcək Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri – Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd, Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab edilsin.

Bu sərəncamın birinci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə – təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2016-cı il mayın 15-dən iyunun 30-dək, Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2016-cı il iyunun 1-dən 20-dək müraciət edə bilərlər.

“Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər – 2016-cı il iyunun 10-dan 20-dək.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 Avropa Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər