12 C
Baku
Thursday, March 28, 2024

Fransa bank sisteminin təkamülü

19-cu əsrdə artıq Fransada bankların iki tipi mövcud idi. Əsas funksiyası depozitlərin qəbulu, cari hesabların açılması və əmanətçilərin tələblərinin qarşılanması olan depozit banklarına misal olaraq, indi də fəaliyyət göstərən məşhur və nəhəng “Crédit Lyonnais” və “Societe Generale” kimi bankları göstərmək olar. Bir qayda olaraq, depozit bankları kütləvi əmanətçilərin vəsaitləri ilə qısamüddətli əməliyyatlarla məhdudlaşırdı, əmanətçilər öz pullarını istənilən an tələb edə bilərdilər.  

Digər tərəfdən 19-cu əsrin ortalarında, xüsusən də 19-cu əsrin son onilliklərində dünyaca məşhur “Banque de Paris et des Pays-Bas” və ya «Compagnie Financiere de Suez » kimi işgüzar banklar sürətlə inkişaf etməyə başlamışdı. Onlar fəaliyyəti xırda kütləvi əmanətçilərə deyil, iri müştəri depozitlərinə əsaslanırdı. İşgüzar banklar xüsusi kapital, eləcə də müştərilərin iri depozitləri əsasında əldə etdikləri vəsaitləri müəssisələrin inkişafına yatırırdılar.

Ikinci dünya müharibəsindən sonra bu iki tip bank arasındakı fərq getdikcə yoxa çıxırdı, universal bank funksiyaları inkişaf etməyə başlayırdı. Banklar tədricən müştərilərinə müxtəlif xidmətlər göstərən özünəməxsus “maliyyə univermaqlarına” çevrilirdilər.

1966-1967-ci illərdə Debre islahatları başladı. 1984-cü ildə xüsusi “Bank qanunu” qəbul edildi. Bu qanuna əsasən banklar üçün müəyyən fəaliyyət növlərinin ixtisaslaşması üzrə bütün məhdudiyyətləri aradan qaldırıldı. Bank funksiyalarının universallaşması maliyyə sferasında rəqabəti kəskin şəkildə artırdı, Fransadakı iri bankların inkişafına səbəb oldu.

Bank kapitalının konsentrasiyası və mərkəzləşdirilməsi prosesi bu vaxtlarda sürətlənirdi. Uzun müddət ərzində bank sayının azalması tendensiyası buna əsas sübutdur. Qeyd edək ki, 19-cu əsrin sonlarında Fransada 6 mindən çox bank mövcud idi. Birinci Dünya müharibəsi başlayana qədər onların sayı 2 mindən çox deyildi. Təkcə 1929-1937-ci illərdə 670 bank müflisləşmiş və ya ləğv edilmişdi. 1995-ci ilin yanvar ayı üçün Banklar Assosiasiyasına daxil olan 412 bank, 140 kooperativ bank fəaliyyət göstərir.

Bank sayının azalması ilə yanaşı banklar tərəfindən həyata keçirilən əməliyyatların sayı, eləcə də onların sərəncamında olan sərvətin həcmi də artırdı. Bu təkcə bankların orta həcminin artması deyil, həm də onlardan iri olanlarının daha da güclənməsi demək idi. Buna parlaq nümunə kimi 100 iri bankın balanslarının artmasını göstərmək olar. 1994-cü ildə balansın ümumi həcmi 16,7 trln frank təşkil etmişdir. 1960-cı ildə isə mövcud olan bankların balanslarının həcmi 82,8 mlrd franka bərabər idi. 34 il ərzində balansın həcminin 200 dəfə artdığını müşahidə etmək olar. Hətta inflyasiya və digər amillər nəzərə alsaq da, bu illər ərzində iri bankların gücünün artım tempi çox böyükdür.

 Həmçinin 100 iri bankın daxilində olan diferensiasiyanı da nəzərə almaq lazımdır. 1994-cü ildə Fransanın 15 iri kredit institutunun balansı 12 trln 345 mlrd frank təşkil etmişdir ki, bu da 100 iri fransız bankının göstəricisinin 73%-ə bərabərdir. Getdikcə problemlərin artması şəraitində Fransanın iri bankları arasında nisbət dəyişir. “Crédit Lyonnais” 5 il ərzində tutduğu liderlik mövqeyini itirir.

“Credit Agricole” həm aktivlərin həcmi (1754,2 mlrd frank в 1994-cu il) və depozitlərin miqdarı (940 mlrd), həm də realizə etdiyi mənfəətin həcminə görə Fransa bank sisteminin lideri mövqeyinə çıxa bilmişdir. Bu banka kənd təsərrüfatı kreditinin regional kassaları vasitəsilə nəzarət edilir. Lakin onun rəqiblərinin verdiyi məlumata görə, o getdikcə xalis şəhər bankına çevrilir, eləcə də dövlət dəstəyindən çox geniş şəkildə istifadə edir.

Bank iyerarxiyasında növbəti yerlərində qərarlaşan “üç qocaman” bank (“Crédit Lyonnais”, “Societe Generale”, “Banque de Paris et des Pays-Bas”) arasında olan qarşılıqlı əlaqə də bir çox hallarda dəyişikliyə məruz qalır. Özəlləşdirmədən sonra “Societe Generale” və “Banque de Paris et des Pays-Bas” çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlirlər və sözün əsl mənasında “Crédit Lyonnais”-ə problemlər yaratmağa başlayırlar.

Digər bir sıra banklar da çətinlik yaşayırlar. Borclu bankların qara siyahısına daxil olan banklar: “Credit Foncier De France”, “Worms”, “Societe Marseillaise de Credit” və s.

Bir çox banklar problemlərdən çıxış yolunu digər kredit institutları ilə birləşməkdə görür. Onlardan ən böyüyü “Credit Agricole” və “İndosuez” bankının birləşməsi olan Credit Agricole Indosuez-dur. Jurnalistlərin fikrinə görə bu birləşmə maliyyə dünyasında böyük bir elektroşok təsiri bağışlamalıdır. Birləşmənin əsas məqsədi möhkəm bank nüvəsinin yaradılması yolu ilə beynəlxalq təsirin gücləndirilməsidir.

Son xəbərlər
Digər xəbərlər