Fransisko Gonzales: dünyanın ən yaxşı bankirinin ilk peşəsi nə olub?

The Euromoney nəşri hər yay maliyyə sahəsi üzrə 20 nominasiya üzrə qalibləri elan edir. Bu il “İlin bankiri” adını İspaniyanın BBVA bank qrupunun icraçı direktoru Fransisko Gonzales qazandı. Qeyd edək ki, 2016-cı ilin ən yaxşı bankı isə Fransanın BNP Paribas bankı oldu.

O dünyanın ən yaxşı bankiri adına BBVA bankının rəhbəri olaraq gördüyü işlərə görə qazanıb. Ekspert və kolleqalarının qiymətləndirməsinə görə onun cari fəaliyyəti maliyyə sahəsinin gələcəyi ilə birbaşa bağlıdır. The Euromoney Gonzalesi rəqəmsal bankçılığın lideri adlandırıb.


Mühasib, proqramçı, broker

Fransisko Gonzales maliyyə təhsilini Madridin Universidad Complutense de Madrid universitetində əldə edib. Lakin, hələ universitetə qəbul olmamışdan əvvəl mühasib diplomuna sahib olan Gonzales karyerasını IBM şirkətində başlamağa qərar verir. O iqtisadi təhsilinin davamını sonraya təxirə saxlamağını bu cümlə ilə izah etmişdi: “Kompüterlər gələcək idi”.

1964-cü ildə, Gonzales IBM şirkətində işləməyə başladıqda bu peşə o dövrlər üçün nadir ixtisas hesab edilirdi və şirkət öz kompüterlərinin ilkin nümunələrini yenicə yaratmışdı. Bu zaman CDC, digər amerikalı şirkət elmi hesablamalar üçün dünyada ilk superkompüteri yaratdı. Bundan bir il sonra isə, kütləvi istifadə üçün ilk mini kompüter olan PDP-8 yaradıldı.

Daha sonra proqramlaşdırma ilə vidalaşan Gonzales iqtisadiyyat dərsliklərinə geri dönür. Bir neçə il gərgin təhsildən və Madrid fond birjasında uğurlu təcrübədən sonra o yenidən gələcəyi görmə bacarığını sübut etdi. Onun tərəfindən yaradılan FG Inversiones Bursátiles şirkəti İspaniyada ilk müstəqil broker oldu.

Şəxsi biznes uğurlu alındı. Gonzales şirkəti yaratdıqdan 10 il sonra onu Amerikanın investisiya nəhəngi Merrill Lynch-ə satdı, özü isə Amerika şirkətinin avropalı direktor-məsləhətçisi vəzifəsinə keçdi. O bu günə qədər də fond bazarı üzrə sertifikatlı mütəxəssis və bütün mümkün professional assosiasiyaların üzvü olaraq qalır.

Artıq 50 yaşını geridə qoyan və varlı şəxsə çevrilən Fransisko Gonzales özünü bütünlüklə sevimli məşğuliyyətləri olan qolf və şahmata həsr edə bilərdi. 1996-cı ildə o qəfil olaraq yenidən karyerasını dəyişir. Bu zamana qədər ənənəvi bank biznesi təcrübəsi ilə tanış olmayan Gonzales Argentaria dövlət bankına rəhbərlik etmək təklifini qəbul edir. Bu zaman Argentaria özündə Banco Exterior, Postal Savings Banc və Agricultural Credit Bank-ı birləşdirən holdinq qrupu idi.

Dövlət bütün bu biznesi özəlləşdirməyi planlaşdırırdı və Gonzales bunun təqaüd yaşında maraqlı fəaliyyət olacağını düşündü. Bir qədər sonra Argentaria ilə Banco Bilbao Vizcaya birləşdirildi. Beləliklə, ispan bazarında maliyyə dünyasında daha çox BBVA adı ilə tanınan Banco Bilbao Vizcaya Argentaria peyda oldu.

BBVA Fransisko Gonzalesin rəhbərliyi altında Avropa, Türkiyə, Latın Amerikası və ABŞ-da çiçəklənən bizneslə multimilli şirkətə çevrildi. Bank əcnəbi ölkələrdə genişlənməyə davam edir və 30 ölkədə 7,5 min ofisə sahibdir. Son məlumatlara əsasən, BBVA bankı ümumilikdə 183 min əməkdaşa və 47 milyondan çox müştəriyə sahibdir. Cari ilin ikinci rübündə bank qrupunun ümumi gəliri rekord həcm olan 6,45 milyard avro, xalis gəliri isə 1,2 milyard avro təşkil edirdi.

BBVA özünün mobil bankçılığı ilə fəxr edə bilərlər. Onun müştərilərinin əksəriyyəti üçün üzərində nağd pul daşımaq və plastik kartlar artıq keçmişə çevrilib. Müştərinin smartfonuna pulsuz olaraq elektron pulqabı (BBWA Wallet) yükləmək kifayət edir. Bu andan etibarən isə ödəniş etmək üçün mobil cihazı ödəniş terminalına yaxınlaşdırmaq və PIN-kodu təsdiqləmək lazımdır. Cavabında isə indicə həyata keçirilmiş ödəniş haqqında məlumat və detallar smartfona göndəriləcək.