“Google” insan ölümünü proqnozlaşdırmaq üzərində işləyir

“Google”un “DeepMind” bölməsi pasiyentin vəziyyətində dəyişiklikləri öncədən xəbər verən süni intellektin yaradılması üzərində işləyir. Bu haqda “DeepMind” bölməsinin saytında məlumat verilib.

“Pasiyentlərin sağlamlıq vəziyyətinin pisləşməsi səhiyyə sahəsində ciddi, qlobal problemdir, tez-tez ölümcül nəticələrə səbəb olur. Tədqiqatçıların qiymətləndirməsinə görə, xəstəxanada qeydə alınan bütün ölüm hallarının 11%-i pasiyentin vəziyyətinin pisləşməsi ilə əlaqədardır” – saytda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, sözügedən layihəni reallaşdırmaq üçün “Google”un bölməsi ABŞ-ın Veteranların İşləri üzrə Nazirliyi ilə birgə işləyəcək. Mütəxəssislər təxminən 700 min keçmiş amerikalı hərbçinin xəstəlik tarixçəsini toplayıb. Bəzi xəstəlikləri (məsələn, kəskin böyrək çatışmazlığı və ya pnevmoniya) erkən aşkar etmək üçün bu sənədlərin təhlili planlaşdırılır. Bu diaqnozlar çox vaxt pasiyentlərdə qəflətən yaranır və ya simptomu yoxdur.

“DeepMind”in həlli sayəsində tibb bacıları pasiyentlərə vaxtında və düzgün qulluq etmək imkanı əldə edəcək, həmçinin insan amili ilə bağlı tibbi səhvlərin sayı azalacaq.

📝 RƏY BİLDİR