8 C
Baku
Friday, March 29, 2024

Hərracda 4 əmlak Elektron Hərrac vasitəsilə özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən hərracda 22 dövlət əmlakı özəlləşdirilib, onlardan 4-ü Elektron Hərrac vasitəsilə həyata keçirilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Artıq özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirdiyi yenilik olan “Elektron Hərrac” sayəsində mümkün olub. Özü də bu imkandan təkcə Azərbaycan vətəndaşları deyil, xarici investorlar da istifadə edə bilər.

Elektron və ya onlayn hərraclar Azərbaycanda dövlət əmlakının özəlləşdirilmə prosesində tətbiq edilən ən böyük yenilikdir. Onlayn hərracın tətbiqi özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verəcək.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edək ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.

Elektron Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Bu amil dekabr 26-da keçirilən növbəti hərracda da özünü göstərib. Belə ki, bu dəfəki hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub.

Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsa da, 10 min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kvadratmetr olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimi, 2-i Yasamal, 2-i Nizami rayonlarında, qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.

 

Son xəbərlər
Digər xəbərlər