26 C
Baku
Wednesday, April 24, 2024

Hakerlər Moskvada bankdan 100 milyon rubl ələ keçirdi

Soyğunçular Rusiyada bankdan 100 milyon rubl oğurlayıb.

Banker.azın ANS PRESS-ə istinadən verdiyi məlumata əsasən, Moskvadakı banklardan biri Yeni il gecəsi kibercinayətkarların hücumuna məruz qalıb. Bayramla yanaşı onlar “məharət”ləri sayəsində 95 milyon rublu (2 mln AZN) ələ keçirmələrinin sevincini də qeyd ediblər.

Kibersoyğunçuluqla bağlı polisə bankın maliyyə şöbəsindən xəbər veriblər.

Hakerlər pulu 700 müxtəlif məbləğdə ödənişlər etdikdən sonra oğurlayıblar. Belə ki, onlar həm fiziki, həm də hüquqi şəxslərin hesablarını boşaldıblar. Kibercinayətkarlara bütün əməliyyatı yerinə yetirmək üçün 2 saat yarım vaxt kifayət edib.

Soyğunçuluqla bağlı cinayət işi açılıb. Qarət edilən həmin bankın ümumi kapitalı isə 250 milyon rubl təşkil edir.

Tarixdə ən böyük kibercinayət və bank soyğununun üstü isə 2015-ci ilin noyabrında açılmışdı. Həmin vaxt ABŞ prokurorluğu məşhur JPMorgan bankı və Dow Jones əmtəə birjası da daxil olmaqla, onlarla bankın və şirkətin hesablarından yüz milyonlarla dollar ələ keçirmiş hakerlərə rəsmi ittiham elan etmişdi. Kibercinayətkarların oğurladıqları külli miqdarda vəsaiti Azərbaycan bankları üzərindən “yuduqları” xəbəri də verilmişdi.

Həmin kibercinayət işi üzrə üç nəfərə rəsmi ittiham elan edilmişdi. Onlardan ikisi İsrail, biri isə ABŞ vətəndaşı idi. Hakerlər onlarla şirkətdən və bankdan 100 milyondan çox müştərinin şəxsi məlumatlarını, hesab nömrələrini ələ keçirməkdə, yüz milyonlarla dollar oğurlamaqda ittiham olunurdular.

Beynəlxalq cinayətkar qruplaşmanın təşkilatçısı İsrail vətəndaşı Ceri Şalondur. Onun İsveçrəvə digər ölkələrin banklarında qanunsuz yollarla əldə etdiyi 100 milyon dollara yaxın vəsaiti aşkar edilib. Həmçinin 40 yaşlı İsrail vətəndaşı Ziva Orenşteynə və 31 yaşlı ABŞ vətəndaşı Coşua Erona da ittiham elan edilmişdi.

Hakerlər JPMorgan bankının kompüter şəbəkəsini sındırıb müştərilərin adlarını, ünvanlarını, bank hesablarını və digər məlumatlarını ələ keçirmişdilər. Nəticədə bankın 83 milyon müştərisi zərər çəkib, onlardan 76 milyonu ev təsərrüfatı, qalanları xırda biznes nümayəndələri olub.

Məlum olmuşdu ki, hakerlər bankın kompüter şəbəkəsinə Misirdə yerləşən server üzərindən daxil olublar. Bu məqsədlə onlar Misirdə başqa şəxsin adına server icarəyə götürüblər, banka haker hücumu haqda ilk xəbər yayılan kimi icarə müqaviləsi 2014-cü ilin avqustunda ləğv edilib.

Hakerlər və onların əlaltıları 10-dan çox ölkədə fəaliyyət göstəriblər. Onlar 2012-ci ildən 2015-ci ilin ortalarına qədər bank müştərilərini soyaraq pulları saxta adlarla açdıqları hesablara köçürüblər. Pulları yumaq üçün isə dünyanın hər yerində 75 şirkətdən, bank hesablarından və broker şirkətlərindən istifadə ediblər.

Hakerlərdən Şalon və Orenşteyn 2015-ci ilin iyul ayında İsraildə həbs olunublar, Eron isə axtarışdadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər