Hansı sığorta şirkətləri bazarda qalacaq? – AÇIQLAMA

Ölkənin sığorta sektorunda bir neçə şirkətin bağlanması və hazırda baş verən dəyişikliklərin ilk növbədə xidmətin keyfiyyətində öz əksini tapacağına ümidlər böyükdür. Ümumilikdə, sektorda hansı tendensiyalar gedir və sığorta bazarının inkişaf istiqamətlərini şərtləndirən amillər hansılardır, bu mövzuda müsahibimiz “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.

Qeyd edək ki, V.Maniyev əvvəllər “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərin idarə heyətinin sədri, həmçinin 2008-2010-cu illərdə Amerika Ticarət Palatasının Bank, Maliyyə və Sığorta üzrə Komitəsinin sədri olub.

 

  • Viladi müəllim, Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ili Azərbaycanda “Sığorta ili” elan edib. Ölkənin sığorta sektorunda hansı dəyişikliklər gedir?

Ötən ilin sonundan başlayaraq, ölkədə daha populyar sığorta məhsullarından  biri olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası elektron qaydada satılmağa başladı. Skeptiklərin şübhələrinə baxmayaraq, sistem hazırda normal şəkildə işləyir. Hesab edirəm ki, bu addım bizim bazarın inkişafında çox vacib mərhələdir və sığorta sahəsində yeni effektiv texnologiyaların  tətbiq edilməsinə imkan yaradacaq.

Bu il sığorta haqqında qanuna dəyişikliklər edilərək, sığorta tranzaksiyalarında nağd vəsaitlərin istifadə edilməsi qadağan olundu. Bu da biznesin şəffaflığının yüksəlməsinə yönəlmiş mütərəqqi tədbirlərdən biridir.

Amma məlumdur ki, sığorta sisteminin qanunvericilik və tənzimləmə bazasının təkmilləşdirilməsinə hələ də böyük ehtiyac var.

  •  Dünya Bankının hesabatına əsasən, Azərbaycanda sığortanın ÜDM-dəki payı 0,7% təşkil edir. Halbuki, potensial 2,1%-dən yüksəkdir. Sualım 2 hissəli olacaq: bir – niyə bu qədər azdır? və iki – artıma nail olmaq üçün hansı tədbirlər görülməlidir? 

Sualınızın birinci hissəsinə cavab olaraq qeyd edim ki, bu, tarixən belə formalaşıb.  Çünki uzun müddət “qayğıkeş” sovet sistemi şəraitində yaşamaq  insanlarda bütün hallarda dövlətə güvənmək, ona arxayın olmaq vərdişi formalaşdırıb.  Bu isə sığortanın inkişafına mane olur.

Sualınızın ikinci hissəsinə gəldikdə isə iqtisadiyyat üzrə Nobel mükafatının builki laureatı Riçard Talerin qeyd etdiyi kimi, insanların əksəriyyəti rassional düşünmək və hərəkət etmək iqtidarında deyillər. Buna görə də onları məqsədəuyğun addımlar atmağa yönəltmək, hətta təhrik etmək lazımdır. Buna yaxşı nümunələrdən biri kimi ölkəmizdə insanların müxtəlif sahələrdə tətbiq edilən məcburi sığorta növlərinə istiqamətləndirilməsini qeyd edə bilərik.

Ancaq maarifləndirmə işlərini də gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Təəssüf edirəm ki, bu sahədə hələki böyük uğurlarımız yoxdur.

 

  • Hazırda dicitallaşma prosesi yüksək templə davam edir. Müasir texnologiyaya əsaslanan sığorta məhsulları yaradılır. Bu sahədə Azərbaycanın sığorta bazarı hansı təsiri bağışlayır?

Düzdür, sığorta bazarı dünyada radikal şəkildə dəyişir. AIG əməkdaşlıq çərçivəsində IBM ilə birlikdə blokçeyndən istifadə edərək Standard Chartered bankı üçün dünyada ilk “ağıllı polis” sığorta sistemini yaratdı. AXA isə blokçeyn əsasında reysin yubanması ilə əlaqədar sığorta məhsulu hazırladığını anons edir. Əminəm ki, gələcəkdə Azərbaycan bazarında da belə innovasiya məhsullarının tətbiqi qaçılmaz olacaq. Razıyam ki, bu sahədə peşəkar kadrların çatışmazlığı və tənzimləyici bazanın hazır olmaması kimi bu qəbildən xeyli çətinliklərin öhdəsindən gəlməliyik.

  •  Ümumiyyətlə, belə sürətli dicitallaşma sığorta bazarında hansı faktorları dəyişə bilər?

İlk növbədə rəqabətlilik mənzərəsi dəyişəcək. Üstünlüyü daha çevik və asanlıqla dəyişən sığortaçılar əldə edəcəklər. Bu cür sığorta şirkətləri üçün dicitallaşma əməliyyat xərclərinin azalmasına, rentabelliyin artmasına və müştəri loyallığı səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Çünki istehlakçı üçün sığorta xidməti o deməkdir ki, onların ehtiyacları tam şəkildə və keyfiyyətlə təmin edilsin, əlçatanlıq səviyyəsi yüksəlsin.

 

  • Ənənəvi istehlakçı davranışlarının dəyişməsi dövrünün şahidi oluruq. Azərbaycanda istehlakçı tələbləri ilə təqdim edilən xidmətin səviyyəsi arasında mütənasiblik varmı?

Düşünürəm ki, tam şəkildə deyil. Müştərilərə göstərilən xidmətin səviyyəsində xeyli problemlər mövcuddur. Bundan başqa, kütləvi sığorta məhsullarının daha çox differensiallaşmasına ehtiyac yaranıb. Yəni, konkret istehlakçı xüsusiyyətlərinin daha yaxşı nəzərə alındığı məhsullar yaradılmalıdır. Həmçinin, mobil texnologiyaların inkişafı ilə əlaqədar istehlakçı ilə qurulan kommunikasiya metodlarını da dəyişmək lazımdır.

  •  Məlumdur ki, devalvasiyadan sonra avtomobil kreditlərinin kəskin azalması və şərtlərin ağırlaşması KASKO sığortasına ciddi zərbə vurdu. Bu sığorta məhsulu  ilə bağlı hazırki vəziyyət necədir? 

Bəli, bu növ üzrə yığımlar azalmaqda davam edir. 2017-ci ilin yanvar-avqust aylarında KASKO üzrə yığımların ümumi həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6% düşüb. Amma idxalın artmağa başlaması bizə ümid verir ki, bu tendensiya dəyişəcək.

Qeyd etmək istərdim ki, qarşıdakı perspektivdə elə bir mədəniyyət formalaşdırmaq lazımdır ki, müştəri sığorta şirkətinə bankın onu vadar etməsi nəticəsində deyil, öz əmlakını qorumaq məqsədilə düşünərək gəlsin.

  •  Necə hesab edirsiniz, sığorta mədəniyyətinin formalaşması üçün hökümət səviyyəsində hansı tədbirlər görülməlidir? Və sığorta şirkətləri hansı addımları atmalıdırlar?

Çıxış yolu birdir – maarifləndirmə. Həm dövlət orqanları, həm də sığorta şirkətləri rasionalizmin təbliğinə böyük diqqət və resurslar ayırmalıdırlar. Çünki mədəniyyəti bir saatın içində dəyişmək mümkün deyil. Ancaq texnoloji yeniliklər sayəsində bu prosesi sürətləndirmək mümkündür. Buna parlaq nümunə kimi – texnologiyanın bizdə kommunal xidmətlər üzrə ödəniş mədəniyyətini necə dəyişdiyini xatırlada bilərik. Hesab edirəm ki, tezliklə biz hamımız, texnologiyanın ölkəmizdə sığorta mədəniyyətini necə dəyişdiyinin şahidi olacağıq.