15 C
Baku
Friday, April 26, 2024

Hansı valyuta məzənnəsi rejimi daha yaxşıdır?

Müəllif: Əliheydər Dövlətov

Dünya təcrübəsində əsasən 3 məzənnə rejimi mövcuddur:

  1. Üzən
  2. Üzən-tənzimlənən
  3. Təsbit edilmiş

Üzən məzənnə rejimində valyuta bazarında məzənnə kənardan heç bir müdaxilə olmadan, tələb və təklif əsasında formalaşır. Bu məzənnə rejimini seçən ölkələrdə valyuta məzənnəsi gün ərzində tez-tez dəyişilir. Bu məzənnə rejimi heç də Mərkəzi Bankın müdaxiləsini tamamilə istisna etmir. Fövqəladə vəziyyətlərdə Mərkəzi Bank valyuta bazarına müdaxilə edir. Əgər məzənnədə kəskin tərəddüdlər yaranarsa, Mərkəzi Bank valyuta bazarına müdaxilə edib bu tərəddüdlərin qarşısını ala bilər.

Tarixə nəzər salsaq görərik ki, tanınmış ingilis iqtisadçısı C.Mill üzən valyuta məzənnəsini təklif edirdi. Belə ki, o apardığı hesablamalara görə belə qənaətə gəlmişdi ki, sabit valyuta məzənnəsi saxlanıldığı şəraitdə daxili və xarici iqtisadi müvazinətə eyni vaxtda nail olmaq mümkün deyildir. Amerikan iqtisadçısı M.Fridmen başda olmaqla “millətçi monetaristlər” də üzən valyuta rejiminin tərəfdarı idilər.

Üzən-tənzimlənən məzənnə rejimində də məzənnə valyuta bazarında olan tələb və təklif əsasında formalaşır. Lakin bu məzənnə rejimində Mərkəzi Bank aktiv fəaliyyət göstərərək valyuta bazarında kəskin tərəddüdlərin yaranmasının qarşısını alır.

Monetarizmin bir qolu olan “qlobal monetaristlər” üzən-tənzimlənən məzənnə rejimini dəstəkləyirdilər. Belə ki, “qlobal monetaristlər” hesab edirdilər ki, ölkələrin əksəriyyətində inflyasiya əsasən xaricdən “idxal” edilir və onun üçün də “üzən” valyuta məzənnəsi sistemində valyuta məzənnəsinin müəyyən dərəcədə tənzimlənməsi zəruridir.

Təsbit edilmiş məzənnə rejimi isə ölkənin milli valyutasını sərbəst dönərli xarici valyutaya qarşı sabit saxlanmasını nəzərdə tutur. Bu məzənnə rejimində valyuta məzənnəsi kifayət qədər uzun müddət sabit qalır. Təsbit edilmiş rejimdə valyuta məzənnəsi Mərkəzi Bank tərəfindən elan edilir.

Ölkənin üzən məzənnə rejiminə keçməsi üçün bir neçə əsas şərti qeyd edə bilərik. Bunlara inkişaf etmiş çoxşaxəli iqtisadiyyatın olması, ölkədə çoxlu sayda valyuta qazanan təşkilatların olması, yüksək inkişaf etmiş maliyyə bazarlarının mövcudluğunu göstərmək olar. Bu şərtlər təmin olunduğu halda üzən məzənnə rejiminə keçmək olar. Fikrimcə, istənilən halda Mərkəzi Bankın valyuta bazarına bu və digər vasitələrlə təsir göstərməsi vacibdir.

Düzgün məzənnə siyasəti seçmək ölkə iqtisadiyyatının inkişafında başlıca rol oynayır. Belə ki, makroiqtisadi sabitliyin təmin olunmasında, inflasiya səviyyəsinin hədəfə uyğun saxlanılmasında məzənnə siyasətinin mühüm rolu vardır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər