HR: İşdən qovulduqdan sonra atmalı olduğunuz ilk addımlar

İş yerini yenicə itirmiş şəxslərin əksəriyyəti adətən eyni səhvi təkrarlayır: özlərinə yeni rezüme hazırlayır, 1-2 vakansiya üzrə CV göndərir və sadəcə olaraq gözləməyə başlayır.

Yeni iş tapmaq prosesinin qeyri-müəyyən müddətə qədər uzanmasının qarşısını almaq üçün isə bu kifayət deyil.

Banker.az yaranmış problemin öhdəsindən necə gəlməli olduğunuz və perspektivli vakansiyanı necə tapa biləcəyiniz ilə bağlı sizə kömək edə biləcək ilkin addımları təqdim edir.

1.addım: İlk olaraq, işdən azad edildikdən sonra üzləşdiyiniz vəziyyət ilə bağlı belə desək, “ürəyinizi boşalda biləcəyiniz” etibarlı bir şəxs tapın. Bütün hiss və düşüncələrinizi onunla bölüşdükdən sonra artıq aydın beyinlə götür-qoy edə bilərsiniz. Bunun ardınca, plan və məqsədlərinizə təsir edən son hadisələri və bundan sonra nə etmək fikrində olduğunuzu bir kağıza qeyd edin. Bu mərhələdə detallı planın tərtib edilməsi deyil, fikirlərinizi sahmana salmaq nəzərdə tutulur.

2.addım: Yaranmış azadlığı tənbəllik etmək üçün səbəb olaraq qəbul etməyin. Hətta özünüzü yeni iş axtarmaq üçün mənəvi olaraq hazır hiss etməsəniz belə, hər hansı bir faydalı işlə məşğul olun. Məsələn, işsizlik müavinəti almaq üçün məşğulluq idarəsinə müraciət edə bilərsiniz.

3.addım: Əmək bazarında araşdırma aparın və işləmək istədiyiniz müəssisə və şirkətlərin siyahısını tərtib edin. Bu siyahıda ən azı 5 şirkət olmalıdır. Ola bilsin ki, tanışlarınızdan kimsə artıq orada işləyir. Bu təxmini dərindən araşdırın və işgüzar əlaqələri qaydaya salmaq üçün LinkedIn şəbəkəsindən istifadə edin. Bu mərhələdə əsas tapşırığınız iş axtarmaq prosesinə olan yanaşma tərzinizi dəyişməkdir. İndi, işəgötürənlər tərəfindən təklif edilən vakansiyalar arasında variantları seçmirsiniz, sizə maraqlı olanları axtarırsınız.

4.addım: Dost və tanışlarınızı yeni iş axtarmağınız ilə bağlı məlumatlandırın. Siyahıya əlavə etdiyiniz hər bir şirkətə CV göndərin. Motivasiya məktubunda yeni işdən gözləntilərinizin məhz olaraq nədən ibarət olduğunu izah edin. Bu izah nə qədər yığcam və aydın yazılsa, ismarıcınızın sona qədər oxunması və sizə kömək etmək niyyətinə düşmələri şansı bir o qədər çoxdur.

5.addım: Əhatə dairənizi genişləndirin. Sosial şəbəkələrdə keçmiş iş yoldaşlarınızı, tələbə yoldaşlarınızı axtarıb tapın və onlarla münasibəti qaydaya salın. Bu heç də çətin proses deyil. Sizdə alınacaq!

6.addım: Zamanınızı boşa sərf etməyin: gələcək müsahibələrə hazırlaşmağa başlayın. İşəgötürən şəxslərin müsahibə zamanı tez-tez verdiyi suallarla maraqlanın və bu suallara düzgün cavab verməyi öyrənin. Özünütəqdimata hazırlaşın.

7.addım: Müsahibələrə gedin, lakin tam olaraq arzusunda olduğunuz vəzifəyə nail olduğunuz zamana qədər iş axtarmaq prosesini dayandırmayın.

8.addım: Hadisələrin gedişatını təhlil edin. Əgər zaman gedirsə və hələ də maraqlı təklif almırsınızsa, axtarış parametrinizi genişləndirin. Bəlkə, qarışıq və digər sahələrdə oxşar variantlar var? Bəlkə başqa bir şəhərə, regiona və yaxud hətta başqa ölkəyə köçməyə hazırsınız? Əsas olan ruhdan düşməmək və təslim olmamaqdır!