HR: Karyerasını yenicə başlayanlara ən vacib təlimatlar

Banker.az saytı gələcəkdə əldən verilmiş imkanlar barədə təəssüf hissi keçirməmək üçün karyera pilləsində yeni addımlayan əməkdaşlara gərəkli olacaq məsləhətləri təqdim edir.

Daha çox maddi dəyərlərə deyil, öz ağlınıza yatırım edin:

Karyeranız  qazandığınız ilk ciddi vəsaitləri necə xərcləməyinizə əsaslanacaq. Böyük ehtimalla evi təmir etdirmək, qarderobunuzu yeniləmək və yaxud bahalı restoranda nahar etmək istəyəcəksiniz.

Prinsipcə bu elə də pis deyil. Axı mütəmadi olaraq özünüzü genişləndirməlisiniz. Lakin öz biliyinizə vəsait yatırılması barədə düşünün. Online kurslara yazılın, lazımi kitablar alın. Bu sizinlə uzun müddət qalacaq gələcək üçün vacib investisiyadır.

İstənilən işdə işinizə yarayacaq vərdişlər var. Məsələn, ünsiyyətcillik, effektiv yazma və oxuma bacarıqları, işgüzar münasibətlər qurmaq bacarığı və time-management.

Heç vaxt sağlamlığınız barədə unutmayın:

Sağlamlıq – karyera da daxil olmaqla, həyatın bütün aspektlərinə təsir edən təməldir. Sağlam insan güc və enerji ilə zəngindir, yeni ideyaları həyata keçirməyə və çətinliklərin öhdəsindən gəlməyə hazırdır.

Həm fiziki, həm də psixi sağlamlığınızın qeydinə qalın. Hər nə baş verirsə versin, bu məsələni ön planda saxlayın. Mütəmadi olaraq idmanla məşğul olun, düzgün qidalanın və zərərli vərdişlərdən xilas olun.

Zamanınızı düzgün planlaşdırmağı öyrənin:

Uğur və nailiyyətləriniz bundan asılıdır. Gün ərzində 1 saatı sosial şəbəkələrdə sərf etmək ilk baxışdan zərərsiz görünür. Lakin ay ərzində bu 30 saat edir ki, bu zamanı daha məhsuldar məşğuliyyətlərə sərf edə bilərsiniz.

Öz qiymətli zamanınızı nəyə sərf etdiyinizə yalnız siz özünüz nəzarət edə bilərsiniz və etməlisiniz.

Günü planlaşdırın və bu gün bölgüsünə riayət edin. Gün ərzində hər bir tapşırığn həlli üçün müəyyən zaman kəsiyi təyin edin.

Axşam növbəti gün yerinə yetirməli olduğunuz ən vacib tapşırığı qeyd olaraq yazın. Bunun ardınca sutkanın özünüz üçün ən məhsuldar vaxtını təyin edin və bu saat ərzində tapşırığın icrası ilə məşğul olun.

İstənilən qarşılıqlı münasibəti uzun müddətli olaraq qəbul edin:

Bu gün qarşılaşdığınız insan bir neçə il sonra kolleqanız, potensial partnyorunuz  və yaxud müdiriniz ola bilər. Bir insanla münasibətinizi ömürlük olaraq davam etdirəcəyinizi düşündükdə, ona başqa cür yanaşacaqsınız. Bu zaman daha təmkinli, səbirli olacaqsınız və ünsiyyət zamanı xoş təəssürat bağışlayacaqsınız.

Bunun üçün qarşılığını gözləmədən verməyi öyrənin. İşlərinin sadəcə qaydasında olub-olmadığını öyrənmək üçün kolleqalarınız ilə görüşlər təşkil edin. Birlikdə nahar edin, ünsiyyət qurun və bir-birinizi dəstəkləyin.

Həyat çox gözlənilməzdir. Hər hansı təsadüfi tanış gələcəkdə sizə böyük köməklik edə bilər.