Hüsnü Özyeğin Türkiyənin əsas bankirinə necə çevrildi

Hüsnü Özyeğin bunu təkrar etməyi sevir: “Bir var menecmentli şirkətlər, bir də pullu şirkətlər. Pul tapmaq problem deyil. Menecment – biznesdə uğurun açarıdır”. Bəlkə də pullar milyarderin əsas sərvəti deyil, lakin 72 yaşlı sahibkar öz yaşına baxmayaraq əzmlə çalışmağa davam edir.

O dəfələrlə Türkiyənin ən varlı insanları reytinqinə başçılıq edib. İndi isə 2,6 milyar dollar ilə türk Forbes-ində ikinci pillənin sahibidir. Özyeğin hələ tələbəlik illərindən çox işləməyə vərdiş edib. O zamandan etibarən o gününün 11 saatını işə həsr edərək, avtomobildə, təyyarədə, hətta gəmidə belə olduqda işdən ayrılmır.

Hüsnü Özyeğin 1944-cü ildə Anadolunun mərkəzi hissəsi olan Konyada dünyaya gəlib. Atası həkim idi. Atasının valideynləri XIX əsrin sonunda  Osmanlı imperiyası artıq tənəzzül astanasında olduğu bir zamanda  Krit adasından Türkiyəyə gəlmişlər. Özyeğinin əcdadları İzmirdə məskunlaşırlar.

1963-cü ildə 18 yaşlı Özyeğin Türkiyədə ən prestijli özəl məktəb olan Robert kollecini bitirir. Bunun ardınca isə təcrübə xarakterli mübadilə proqramı çərçivəsində ABŞ-a yollanır. Bu isə amerikan universitetlərinə qəbul olmağa hazırlaşanlar üçün mütləq mərhələ idi. Bu zaman gənc yalnızca 1000 dollar vəsaitə sahib idi. Hüsnü Özyeğin Oreqon ştatının universitetinə qəbul olur və “toplum inşaatı” ixtisası üzrə bakalavr dərəcəsinə sahib olur. Universiteti bitirdikdən sonra layihəçi olaraq işləyir və Sietl bələdiyyəsi üçün avtomobil yollarının layihəsini hazırlayır.

Hüsnü Özyeğin eyni zamanda maliyyə ilə maraqlanır və Harvard biznes məktəbində MBA proqramı ilə təhsil almaq qərarına gəlir. Gəncin qəbul olmaq şansları az idi və o kredit olmadan belə bir prestijli təhsil üçün namizədliyini irəli sürə bilməzdi. Universitet ona kredit verməkdən imtina edir, çünki o ABŞ vətəndaşı deyildi. Bu zaman Ken Litçfild adlı bir şəxs ona kredit əldə etməsində zamin olaraq köməklik edir. Lakin buna baxmayaraq, qəbul komissiyası Özyeğinin namizədliyini təsdiq etməli idi. O Oregon universitetində orta səviyyəli qiymətlərə sahib olsa da, fəal tələbə hesab edilirdi. O universitetin basketbol komandasında oynayır və 14 min tələbəni birləşdirən tələbə özünüidarəetmə qrupuna rəhbərlik edirdi. O hələ Oregonda olarkən anlamışdı ki, o işgüzar ünsiyyəti mühəndislik işindən daha yaxşı bacarır. Məhz o Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Robert Kennedini universitetin basketbol arenası olan Gill Coliseum-da çıxış etməyə razı salmışdı. O senatoru hava limanında qarşılamış və tədbirin keçiriləcəyi məkana qədər müşayiət etmişdi. O hələ Oregonda olarkən anlamışdı ki, o işgüzar ünsiyyəti mühəndislik işindən daha yaxşı bacarır.

Təşəbbüskar abituriyent öz ərizəsinə Robert Kennedi ilə olan bir neçə şəklini də əlavə edir. Beləliklə, Özyeğin Harvard biznes məktəbində təhsil alan ikinci türk tələbə olur.

Harvard öz tələbələrinə pul qazanmağa icazə verirdi. Özyeğin birinci kursda təhsil alarkən digər bir tələbənin yanında işləyir, qrildə yemək hazırlayaraq saatda 1,85 dollar qazanır. İkinci kursda isə biznes idarə etmək üçün özü lisenziya alır. O verdiyi müsahibəsində bildirmişdi ki, o 9 ay ərzində 8 min dollar qazanır və bu məbləğ o zaman Harvardda iki illik təhsil haqqına bərabər idi.

Bankçılıq ilə tanışlıq:

Özyeğin ABŞ-da ümumilikdə 10 ildən bir qədər çox yaşayır. O vətənə geri döndükdə öz məktəb yoldaşı olan Mehmet Emin Karamehmet ilə görüşür. Karamehmet atasının şirkətində, maliyyə sahəsində işləyirdi və Özyeğinə almağı planlaşdırdığı banka rəhbərlik etməyi təklif edir.

Karamehmet hazırda da Türkiyənin aparıcı biznesmenlərindən biri olaraq qalmaqdadır. 2015-ci ildə o Forbes reytinqində 1,2 milyard dollar sərvət ilə 1605-ci pillədə idi. Lakin 2016-cı ildə milyarder statusunu itirir. O Çukurova Holding-in sahibi və direktorlar şurasının sədridir.

1977-ci ildə 32 yaşlı Hüsnü Özyeğin Karamehmetə məxsus Pamukbank-ın direktorlar şurasına daxil olur və növbəti 7 il ərzində bu vəzifədə çalışır. Bununla paralel olaraq dotunun holdingində maliyyə analitiki olaraq fəaliyyət göstərir. Özyeğin filial şəbəkəsini ilk olaraq Anadoluda, daha sonra isə Liviya və İrakda inkişaf etdirir. O Pamukbankı Türkiyənin nəhəng bankları reytinqində 16-cı pillədən 5-ci pilləyə qaldırır. İki il sonra isə Pamukbank-ın prezidenti olur.

Təxminən eyni dövrdə Özyeğin ilə Karamehmet arasında münasibətlər ciddi şəkildə pisləşir. Karamehmetin ölkə rəhbərliyi ilə problemləri yaranır və o müəyyən müddət Cenevrədə yaşamalı olur. O məhz buradan Schweppes sərinləşdirici içkisinin istehsalının inkişafı üçün dostundan kredit istəyir. Özyeğin isə dostunun bu tələbini rədd edir. Belə ki, borcun parametrləri o zaman təyin edilən standartları geridə qoyurdu. Bu mübahisə səbəbindən dostlar iki il müddətində danışmasalar da, rəsmi olaraq müdir – işçi münasibətlərini saxlayırdılar. 1984-cü ildə Karamehmet vətənə qayıdır və ortaq dostları onları barışdırır. 5 il il müddətində Pamukbanka rəhbərlik etmək Özyeğinə 500 min dollar bonus qazandırır. Bu zaman Karamehmet daha böyük, lakin problemli olan Yapı ve Kredi Bankası-nı əldə edir və Özyeğini ona yeni rəhbər təyin edir.

1986-cı ildə Yapı Kredi bankında ilk dəfə olaraq audit keçirilir və bank 60 milyon dollar xalis gəlir nümayiş etdirir.

Şəxsi biznesi:

1987-ci ildə Özyeğinin 43 yaşı olduqda o özünün şəxsi bank biznesini – Finansbank-ı yaratmaq qərarına gəlir. Bu biznesi yaratmaq üçün Özyeğin iki evini satmalı və 3 milyon dollar kredit əldə etməyə məcbur olur. Elə bu zaman o maliyyə qruu FIBA-nı yaradır. Hazırda FIBA 14 ölkədə fəaliyyət göstərir. Qrup 63 şirkəti birləşdirir və əməkdaşlarının sayı 11 mindən çoxdur. Artıq FIBA-ya məxsus olmayan Finansbank 5 ölkədə fəaliyyət göstərir. Onun filial şəbəkəsinə 630 şöbə daxildir və əməkdaşlarının sayı 13 mindir.

1996-cı ildə Özyeğin pərakəndə biznesi ilə məşğul olur və Gima, Endi, Spar və Greens kimi ticarət şəbəkələrini alır. 3 ildən sonra isə türk sahibkar britaniyalı pərakəndə şəbəkəsi Marks & Spencer-dən franşiza  və yapon Sakura Bank-ın türk səhmlərini alır. 2005-ci ildə Marks & Spencer Gima ticarət şəbəkəsini Türkiyənin maliyyə-sənaye şirkəti olan Sabancı Holding-ə satır və bunun ardınca İstanbulda 5 ulduzlu Swissotel otelini yaponlardan alır.

2006-ci ildə Özyeğin Finansbank-ı Yunanıstan milli bankına satmaq barədə razılığa gəlir. Bu müqavilə biznesmenə 5 milyard dollar qazandırır.

Bundan əlavə Özyeğin qonşu Rusiyada Credit Europe Bank, Gap, Marks & Spencer və Banana Republic mağazalara sahibdir.