İcbari sığorta haqlarını “MilliÖn” terminalları vasitəsilə ödəmək mümkün oldu

Azərbaycan vətəndaşlarına icbari sığorta haqqını “MilliÖn” terminalları ilə ödəmək imkanı yaradılıb.

Banker.az İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir ki, müştərilər bu yenilikdən istifadə etməklə icbari sığorta müqaviləsi üzrə sığorta haqqını asanlıqla müştərisi olduğu sığorta şirkətinin hesabına köçürə bilərlər.

Bunun üçün sadəcə terminalın ekranında “Sığorta”, daha sonra “İcbari avtoməsuliyyət sığortası” düyməsini seçmək və tələb olunan məlumatları daxil etmək, ödənişi həyata keçirmək lazımdır. Ödənişi etmək üçün icbari sığorta müqaviləsində qeyd edilmiş mobil nömrəyə 9707 qısa nömrəsindən SMS-lə göndərilmiş ödəniş kodundan və yaxud şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə avtonəqliyyat vasitənizin dövlət qeydiyyat nömrəsindən istifadə etmək olar. Terminallar yalnız kağız əskinaslar qəbul etdiyindən, ödəniş zamanı qalıq qalarsa, həmin qalıq məbləğin kommunal xidmət hesabına yönəldilməsi mümkündür.

Terminal vasitəsilə sığorta haqqının ödənilməsi ödənişin məbləğinə və prosesin gedişatına bilavasitə nəzarət etmək istəyən vətəndaşlar üçün daha əlverişli yoldur.

Bu imkanın yaradılması İSB ilə “MilliÖn” ödəniş sisteminin operatoru olan “Komtec” şirkətinin birgə əməkdaşlığı sayəsində mümkün olub.