12 C
Baku
Friday, March 29, 2024

İdarə Heyətinin sədri: Göstəricilərimizin zəifləyəcəyinə hazır idik (MÜSAHİBƏ)

“AzSığorta”nın İdarə Heyətinin sədri Anar Talıbovun müsahibəsi:

– Bu yaxınlarda “Fitch Ratings” “AzSığorta”nın reytinqinə yenidən baxıb. Bunu necə şərh edərdiniz?

– “Fitch Ratings” “AzSığorta”nın reytinqi ilə bağlı hər hansı dəyişiklik etməyib. Sadəcə proqnoz dəyişikliyi olub və bu, müvəqqəti haldır. Yeni biznes strategiyası üzrə işlər artıq aparılır və biz inanırıq ki, tez bir zamanda şirkətin müsbət proqnozu bərpa olunacaq.

– Ümumiyyətlə sizi “B” səviyyəsində olan reytinq qane edirmi?

– Əvvəla nəzərə almaq lazımdır ki, reytinqə təsir edən elə amillər var ki, şirkətin özündən asılı deyil. Biz isə öz öhdəmizə düşən amillər üzərində çalışmayıq ki, reytinqimiz növbəti pilləyə yüksəlsin. Bunu da qeyd edim ki, “AzSığorta” Azərbaycan sığorta şirkətləri arasında beynəlxalq reytinqə malik olan iki şirkətdən biridir.

– “Fitch Ratings” açıqlamasında şirkətin zəif biznes profilinə və Azərbaycanda mövcud olan çətin əməliyyat şəraitinə işarə edib. Bu çağırışların öhdəsindən gəlmək üçün hansı addımları atmağı planlaşdırırsınız?

– Bəli, “Fitch Ratings” işarə etdiyi kimi, çətin əməliyyat şəraiti “AzSığorta”nın biznes profilinə təsir göstərir, lakin biz sığorta bazarına nəzər yetirsək görərik ki, hal-hazırda bir çox şirkətlər bu çətinlikləri yaşayır. Bizim addımlarımıza gəldikdə, artıq şirkətin yeni strukturu təsdiqlənib, yeni satış siyasəti qəbul edilib. Paralel olaraq, rəqəmsallaşma istiqamətində intensiv işlər aparırıq.

– “Fitch Ratings”in qeyd etdiyi kimi, 2017-ci ilin üçüncü rübündə şirkətin maliyyə göstəriciləri kəskin zəifləyib. Bu nə ilə əlaqədardır?

– Yeni strategiya çərçivəsində biz bu il çox cəsarətli qərarlar qəbul etdik. Bu qərarlardan biri ondan ibarət idi ki, bazardan fərqli olaraq, satış siyasətimiz dəyişdi. Biz bilirdik ki, göstəricilər zəifləyəcək. Bu, düşünülmüş bir addım idi. Şirkətin gələcəyi bizim üçün daha prioritetdir və işlərimizi bu yöndə qurmağa üstünlük verdik. Biz kəmiyyətdən keyfiyyətə keçdik. Şəxsən mənim fikrimcə, sığorta bazarında gələcəyi düşünən şirkətlər gec-tez bu yolu seçəcəklər.

– Son vaxtlar mətbuatda əməkdaşlarınızın şirkəti tərk etdiklərinə dair məlumatlar yayılıb. Əməkdaşların şirkətdən ayrılmasının səbəbi nədir?

– Şirkəti tərk edənlərə nəzər yetirsək, görərik ki, bu, əsasən, satış fəaliyyəti ilə məşğul olanlar idi. Səbəbi isə odur ki, yeni satış siyasətimizdə özlərini görmürdülər. Əslində bu, təbii haldır və bizim üçün gözlənilən idi.

– Hazırda portfelin icbari və könüllü növləri üzrə bölgüsü hansı formadadır və yaxın perspektivdə necə dəyişəcək?

– Ümumiyyətlə, Azərbaycan sığorta bazarı çox cavandır. Biz inkişaf etmiş bazarlara nəzər yetirsək görərik ki, onlarda könüllü sığorta növləri daha çox inkişaf edib. Bu da onunla izah olunur ki, onlarda əhali arasında sığorta mədəniyyəti yüksəkdir. İcbari sığorta növləri bazarın inkişafını təmin edən mexanizmlərdən biridir. Adətən yeni formalaşan bazarlarda icbari sığorta növləri üstünlük təşkil edir. Bizim şirkətə gəldikdə, ümumi bazarın tendensiyasına uyğun olaraq, bizdə də icbari növlər üstünlük təşkil edir. Lakin biz könüllü növlərin portfelimizdə payını artırmaq niyyətindəyik. Bunun üçün gələcəkdə yeni könüllü sığorta məhsullarını müştərilərimizə təqdim etməyi və əhali arasında sığorta mədəniyyətinin inkişafına öz töhfəmizi verməyə planlaşdırırıq.

– Yaxın perspektivdə nizamnamə kapitalının artırılmasına ehtiyac duyursunuzmu?

– Nizamnamə kapitalımız qanun tələblərinə artıqlaması ilə cavab verir və bu baxımdan yaxın gələcəkdə artıma ehtiyac duymuruq.

– Sonuncu dəfə şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyevlə söhbətimiz zamanı məlum olub ki, “AzSığorta” optimallaşdırma işlərini davam etdirəcək. Proses hansı formada həyata keçiriləcək?

– Yeni strategiyamız çərçivəsində şirkətin texnoloji baxımdan yeni səviyyəyə yüksəlməsi əsas hədəflərimizdən biridir. Burada əsas məqam xidmət səviyyəsinə müsbət təsir göstərmək və bununla da müştəri məmnuniyyətini artırmaqdır. Bu istiqamətdə konkret addımlar planlaşdırmışıq. Ümidvaram ki, bu addımların müsbət nəticəsini biz, ilk növbədə, müştərilərimizdən eşidəcəyik.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər