25 C
Baku
Monday, June 17, 2024

IGB-nin tutumunun genişləndirilməsi üçün növbəti mərhələyə start verilir

Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tutumunun genişləndirilməsi üçün məcburi mərhələ başlayır.

IGB-nin operatoru olan ICGB şirkətinin məlumatına əsasən, bütün maraqlı tərəflərin bu ilin iyunun 24-dək qeydiyyat sənədlərini, iyulun 2-12-dək isə məcburi mərhələ ilə bağlı təkliflərini təqdim etməsi istənilir.

Bildirilib ki, məcburi mərhələ ilə bağlı nəticələrin bu ilin sentyabrında açıqlanması nəzərdə tutulur.

ICGB-nin səyləri Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Ukrayna, Moldova və Slovakiyanın Transmissiya Xidmətləri Operatorlarını (TSO) birləşdirən Şaquli Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi kimi Mərkəzi və Cənub-Şərqi Avropaya, eləcə də Ukrayna və Moldovaya təbii qaz tədarükünə yönəldilib.

IGB-nin hazırda illik ötürmə qabiliyyəti 3 milyard kubmetrdir və müvafiq prosedurlar başa çatdıqdan sonra borunun tutumu 5 milyard kubmetrə qədər artırıla bilər.

“Mövcud təbii qaz infrastrukturunun istifadəsi sahəsində daha güclü əməkdaşlığın təşviq edilməsi, Şaquli Qaz Dəhlizi çərçivəsində genişləndirmə təşəbbüsləri əlaqələri artıracaq və Avropa bazarlarına istehlak ehtiyaclarını ödəmək üçün müxtəlif mənbələrdən daha böyük həcmdə təbii qaz idxal etmək imkanı verəcək. IGB-nin şaxələndirilmiş mənbələrdən qaz tədarükü geniş region üçün mühüm əhəmiyyət kəsb edir və genişlənmə mayeləşdirilmiş təbii qazın (LNG) təkmilləşdirilmiş bazar çıxışını da təmin edəcək”, – deyə ICGB-nin məlumatında qeyd olunub.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər