İlham Şaban: “Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək”

Azəri-Çıraq Günəşli yatağı

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Belə ki,  ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 70 sent, yəni 0,29% artaraq 68.81$-a təklif olunub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI  neftinin qiyməti 21 sent, yəni 0,33% bahalaşaraq 63,58$-da qərarlaşıb.

Bəs görəsən, 2018-ci ildə neftin orta qiyməti 70 dollar civarında  ola bilərmi? Hansı fundamental iqtisadi əsaslar neftin bahalaşmasını şərtləndirir və bu davamlı olacaqmı?

Qəzetin suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin qiyməti nə qədər korreksiyaya uğrasa da, 60 dollar ətrafında dəyişəcək: “Ötən həftə ”Brent” markalı neftin qiymətində ilk dəfə ucuzlaşma müşahidə olundu. O, nəinki 70, hətta 69 dollardan aşağı bir göstəriciyə qədər endi. Hazırda 68,80 dolları qiyməti ilə hərraclarda satılır. Neftin qiymətində belə bir korreksiya gözlənilən idi. Ancaq bu da kifayət qədər yüksək qiymətdir. Bu gün OPEK və Rusiya yenidən qeyd ediblər ki, 2018-ci ilin sonuna qədər neft  hasilatının azaldılması ilə bağlı Vyana sazişinə bütün müddəaları ilə əməl ediləcək. Bunun nəticəsində bazarda stabillik və neftə olan tələb yüksək səviyyədə olacaq. Bu, neftin qiymətlərində az da olsa, 02,-0,3 faiz artıma meyllilik yaradır. Ancaq başqa bir məsələni də vurğulayım ki, Beynəlxalq Enerji Agentliyi 2018-ci illə bağlı maraqlı bir proqnoz açıqlayıb. Qeyd edib ki, cari ildə ən böyük hadisələr heç də OPEK-in hansı ölkənin kvotalara nə qədər əməl etməsi ilə bağlı aylıq hesabatları olmayacaq. İstər OPEK, istər OPEK+ ölkələrinin açıqlamaları birinci dərəcəli olmayacaq”.

İqtisadçının sözlərinə görə, ən böyük sürpriz ABŞ-dakı hasilatın artımı və Amerika qitəsində olan  böyük neft hasilatçısı Venesuelada neft hasilatı ilə bağlı göstəricilər olacaq: “ABŞ-da neft hasilatı ilk dəfə rekord həddə çatacaq, gündəlik hasilat 10 milyon bareli ötəcək.  Venesuelada isə antirekord olacaq, çox böyük sürətlə aşağı düşəcək. Yəni Venesuelanın bu ilin əvvəlindəki açıqlamaları göstərdi ki, 2017-ci ilin yanvar-dekabr ayları ərzindəki hasilat göstəricilərində bu ölkədə neft  hasilatı 600 min barel azalıb. Bu, fantastik bir rəqəmdir.  OPEK öz üzərinə 2017-ci il ərzində  hasilatın 1,2 milyon barel azaldılmasını götürmüşdü, 558 min barel də OPEK+ ölkələrinin üzərinə qoyulmuşdu. Sadəcə, bir ölkə – Venesuela o kvotanın yarısını yerinə yetirib. Hasilatın bu cür aşağı düşməsi tendensiyası yenə də 2018-ci ildə davam edəcək. Ona görə ki, Venesuelada neftin qiymətləri yüksəkdir, 2017-ci ildə 2016-ci illə müqayisədə neftin qiymətlərində 25-28 faiz arasında artım müşahidə olunub. Ancaq hasilatın həcmində kəskin azalma var. Kapital xərclərinin azaldılması hesabına onlar qarşıda duran investisiya məsələlərini həll etməyə çalışırlar. Çünki nefti çıxartmaq da mühüm xərc tələb edir. Venesuela neftinin böyük  bir hissəsi çətin çıxarılan neft növlərinə aiddir. Bu da böyük kapital xərcləri tələb edir. Onlar da  bu xərcləri sərf etmədikləri üçün ölkədə neft hasilatı kəskin azaldı”.

İlham Şaban onu da diqqətə çatdırdı ki, neftin qiymətinin bu il ərzində 50 dollar  və ondan aşağı həddə düşməsi gözlənilmir: “Bir tərəfdən ABŞ-da hasilatın artması, digər tərəfdən Latın Amerikasının aparıcı neft ölkəsində hasilatın azalması 2018-ci ildə çox maraqlı bir məqama gətirib çıxarır ki, şist neft hasilatının artması azalan tempi kompensasiya etməyə qadir olmur. Əgər OPEK ölkələri neftin ədalətli qiymətini 55-60 dollar dəhlizində görürdülərsə, artıq bu il neftin qiymətinin 70 dollardan yuxarı olduğu günlər də oldu. İlin əvvəlindən etibarən böyük bir zaman kəsimində neftin qiyməti  65-70 dollar dəhlizində var-gəl edir. Neftin qiymətində hər hansı korreksiya baş versə belə, əvvəlki  kimi 50 dollara və ondan aşağı həddə düşməyəcək. Ucuzlaşma  60 dollar ətrafında ola bilər. Ola bilər ki,  birinci rüb ərzində neftin orta qiyməti 65 dollardan yuxarı olsun. Ancaq yerdə qalan müddət ərzində 60 dollar ətrafında ola bilər. O zaman istənilən halda neftin orta qiyməti 60 dollardan çox olur. Əvvəlki qiymətlə müqayisədə bu, yenidən 20 faizə qədər artım deməkdir. Neft hasil edən  şirkətlər, eləcə də iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün bu böyük sevincdir. 2017-ci ildə daha böyük gəlirə nail oldular, 2018-ci ildə də bu tendensiya davam edir”.