İlin ilk rübündə Bakı-Tbilisi-Ceyhan üzrə xərclər artıb

2018-ci ilin I rübü ərzində “BTC Co.” Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə fəaliyyətlərə 35 mln. ABŞ dolları sərf edib.

“BP-Azerbaijan” şirkətinə istinadən xəbərə görə, boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 30 mln. dollar, əsaslı xərclərə isə təqribən 5 mln. dollar xərclənib.

BTC üzrə ümumi xərclərin həcmi I rübdə ötən ilin müvafiq dövründən 3%, əməliyyat xərclərinin həcmi 3,4% artıb, əsaslı xərclər isə eyni olub.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin I rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 mln. tondan artıq (2,93 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin I rübü ərzində isə BTC vasitəsilə təqribən 63 mln. ton (8,3 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları rolunda BP (30,10%), “AzBTC” (25,00%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), “Eni” (5,00%), “Total” (5,00%), “Itochu” (3,40%), “Inpex” (2,50%), “ExxonMobil”(2,50%) və “ONGC (BTC) Ltd.” (2,36%) şirkətləri çıxış edir.

📝 RƏY BİLDİR