8 C
Baku
Thursday, March 28, 2024

İnflyasiya və vergilərin əmanətlərə təsiri

Müəllif: Xəyal İsmayılov

Ölkə həyatının bütün sahələri ilə sıx bağlı olan inflyasiya insanların qərarlarına, iqtisadi proseslərə, ölkənin beynəlxalq əlaqələrinə təsir göstərmək gücünə malikdir. İnflyasiyanın çox sayda müxtəlif tərifləri mövcuddur. Sadə dildə inflyasiyaya belə tərif verə bilərik: inflyasiya mal və xidmətlərin keyfiyyətinin yüksəlmədiyi halda qiymətlərin ümumi səviyyəsinin qalxmasıdır. Fikrimizi daha sadə dildə ifadə etsək, inflyasiya pulun dəyərsizləşməsi prosesidir.

Aşağı inflyasiyanın iqtisadiyyata elədə böyük mənfi təsirləri olmur. Ancaq aşağı inflyasiyadan fərqli olaraq yüksək inflyasiyanın bir sıra mənfi cəhətləri vardır. Yüksək inflyasiya ilk növbədə əhalinin gəlirlərini və əmanətlərini dəyərsizləşdirir. Bundan başqa yüksək inflyasiya iqtisadiyyatda səbatsızlıqlara səbəb olur ki, bu da investorları investisiya qoyuluşlarından çəkindirir. Biz burada inflyasiyanın insanların əmanətlərinə necə təsir etdiyini aydınlaşdıracağıq.

Təsəvvür edin ki, öz şəxsi biznesinizi açmaq qərarına gəlmisiniz. Şəxsi biznesə başlamaq üçün sizin ilkin kapitalınız olmalıdır. İlkin kapitalı siz müxtəlif mənbələrdən əldə edə bilərsiniz: bu vəsaitləri əvvəlki yığımlarınız hesabına maliyyələşdirə bilərsiniz, bankdan ssuda ala bilərsiniz və ya digər bir üsulla vəsait əldə edə bilərsiniz.

Bütün bu iqtisadi prosesləri özündə ehtiva edən sistem maliyyə sistemidir. Maliyyə sistemi yığımlarını toplamaq istəyənlərlə investisiya şəklində borc vəsaitlərinə ehtiyacı olanlara istiqamətləndirməyə kömək edən iqtisadi institutların məcmusudur. Bildiyimiz kimi əmanətlər və investisiyalar ölkə iqtisadiyyatının inkişafı üçün əsas hərəkətverici qüvvələrdir. Əmanətlərin həcminin artması ölkənin yüksək inkişaf templərinə nail olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olur.

Yığım məqsədilə bankdakı əmanət hesabınıza qoyduğunuz pul vəsaiti əmanətdir. Faiz isə banka əmanət kimi qoyduğunuz pulunuzdan bankın istifadə etdiyinə görə sizə ödənilən kompensasiyadır. Fərz edin ki, öz pulunuzu banka borc verirsiniz, bank isə bunun müqabilində sizə faiz ödəyir. Faiz gəlirlərini bankdan aylıq, rüblük, altı aylıq, illik və əmanət üçün müəyyən edilmiş müddətin sonunda götürmək imkanınız vardır. Faiz gəlirləri əmanətinizin məbləğini artırır. Banklar isə depozit hesablarında olan pulları başqa şəxslərə (müştərilərə) borc vermək üçün istifadə edirlər.

Əmanətlər üzrə bankın əmanətçilərə ödədiyi faizlər əsasən iki üsulla hesablanılır: sadə faizlər düsturu və mürəkkəb faizlər düsturu. Sadə faizlər düsturu o zaman tətbiq olunur ki, əmanətə əlavə olunan faizlər əmanətin üzərinə yalnız müddətin (və ya dövrün) sonunda əlavə olunur, ya da ümumiyyətlə əlavə olunmadan ayrıca bir hesaba oturdulur. Yəni sadə faizlər formulu faizlərin kapitlallaşmasını nəzərdə tutmur. Mürəkkəb faizli depozitlərdə isə mütləq hesablanmış faizlərin depozitlərə əlavə olunması bir neçə dövr şəklində həyata keçilir, bu da aylıq, rüblük və illik ola bilər (əgər depozit bir neçə ilə nəzərdə tutulubsa). Faizlərin əsas məbləğə əlavə olunması faizlərin kapitallaşması kimi də adlandırılır.

İndi isə inflyasiya olduğu halda bunun əmanətçilərə olan mənfi təsiri aydınlaşdıraq. Yuxarıda qeyd etdiyimiz kimi inflyasiya pulun dəyərsizləşməsi, yəni pulun dəyərdən düşməsi prosesidir. Məsələn, siz banka 1000 manat əmanət qoymusunuz və illik 12% faiz gəlir əldə edəcəksiniz. İnflyasiyanın isə 8% olduğunu fərz edək. Siz qoyduğunuz 1000 manata görə 120 manat faiz gəliri əldə edəcəksiz, ancaq inflyasiya sizin qazandığınız 120 manatın 80 manatını dəyərsiz edəcək. Yəni, sizin real faiz gəliriniz cəmi 40 manat olacaq.

İqtisadi nəzəriyyənin on pirinsipindən biri insanların stimullara cavab verməsi ilə əlaqədardır. Əmanətlərdən əldə edilən gəlirlərə vergi tətbiq edilməsi insanların cari istehlaklarını məhdudlaşdıraraq əmanət qoyuluşuna olan marağını azaldır. Bundan çıxış edərək bir çox iqtisadçılar belə qənaətə gəlmişdirlər ki, əmanətlərin aşağı norması müəyyən dərəcədə cari istehlakın məhdudlaşdırılmasını stimullaşdırmayan vergi siyasəti ilə bağlıdır. Problemin həlli kimi bir çox iqtisadçılar və hüquqşunaslar Vergi Məcəlləsinə əmanətlərin cəlbediciliyinin artırılmasına istiqamətlənmiş dəyişikliklərin daxil edilməsini təklif edirlər. Məsələn, 1995-ci ildə ABŞ Konqresinin maliyyə komitəsinə rəhbərlik edən Bill Arçer mövcud gəlir vergisini istehlak vergisi ilə əvəz etməyi təklif edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, əmanətlərə yönəldilən gəlirlərin istehlak məqsədi ilə istifadə olunması anına qədər vergi tutulmadan çıxarılmasıdır.

Bu sahədə olan digər bir təklif isə əmanətlərdən əldə edilən faiz gəlirlərinə tətbiq edilən vergidir. Bunu əyani şəkildə öz ölkəmizin qanunvericiliyində nəzərdən keçirək. AR Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azaddır. Yəni, başqa sözlə faiz gəliri 500 manatdan çox olduğu halda gəlirdən vergi tutalacaq. Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən 500 manatdan artıq olan faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulur. İndisə əmanətçilər üçün inflyasiyanın nə üçün arzuolunmaz olmasına nəzər yetirək. İki halı nəzərdən keçirək. 1-ci dəfə fərz edək ki, faiz dərəcəsi 12 faiz, inflyasiya isə 8 faiz təşkil etmişdir. 12 faiz dərəcəsi dərəcəsi olduqda ondan biri 1,2 təşkil edəcək və inflyasiyanı çıxsaq real faiz dərəcəsi yalnız 2,8 faiz təşkil edəcək. İndi isə inflyasiyanın olmadığını və real faiz dərəcəsinin 4 faiz olduğunu qəbul edək. Bu halda 4 faizin onda biri 0,4 olacaq ki, əmanət qoyan şəxsin gəlirini 3,6 faiz təşkil edəcək. 1-ci və 2-ci dəfədə qeyd edilən halları müqayisə müqayisə etdikdə fərqli nəticələr alınır. Burdan belə nəticə alınır ki, inflyasiya olduqda əmanətçidən daha çox vergi tutulur. Buna görə də Vergi Məcəlləsinin indeksləşdirilməsi zəruridir.

Yuxarıda ekonomiksin on prinsipindən biri olan insanların stimullara cavab verməsini qeyd etdik. Vergi tətbiq edilməsi isə əmanətlərin həcminin azalmasına səbəb olur. Dünya ölkələrinin inkişaf təcrübəsi göstərir ki, əmanətlərin həcminin azalması iqtisadi inkişafa mənfi təsir edir. Milli əmanətlərin iki formalaşma mənbəyi var: dövlət əmanətləri və özəl əmanətlər. İnsanların stimullara cavab verməsi səbəbindən özəl əmanətlərin həcmi vergi baxımından azalmaya səbəb olur. Əmanətlərə tətbiq edilən vergi dərəcələrinin azaldılması hər mümkün faiz dərəcəsində əhalinin əmanətlərə stimullarının yüksəlməsinə təsir göstərir və  bu həm də hər faiz dərəcəsində borc vəsaitləri bazarında pul təklifinin həcminə təsir edir. Və bu da son nəticədə borc kapital bazarında vəsaitlərin həcminin artmasına səbəb olur ki, borc faiz dərəcəsi də aşağı düşməsinə səbəb olur. Borc faiz dərəcəsinin aşağı düşməsi isə tələb həcminin artmasına səbəb olur. Bu da investisiya qoyuluşlarının həcminin artmasına səbəb olur ki, son nəticədə ölkənin inkişaf etməsinə, həyat səviyyəsinin yüksəlməsinə səbəb olur.

İqtisadçıların əksəriyyəti bu fikirlərlə razılaşsalar da, bu sahədə bir çox ölkələrdə vahid fikir hələ də formalaşmamışdır. Çoxları investisiya aktivliyinin stimullaşdırılması məqsədi ilə əmanətlərin artırılmasına yönəldilmiş vergi dəyişikliklərini dəstəkləyirlər. Milli əmanətlər uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. Əmanətlərin yüksək səviyyəsi iqtisadiyyata investisiya qoyuluşunun həcminin artmasına, əmək məhsuldarlığının, əmək haqqının artmasına səbəb olur. Bunu dünya ölkələrinin statistikasıda göstərir ki, iqtisadi rifah və əmanətlərin həcmi arasında sıx əlaqə vardır. Vergi Məcəlləsinə dəyişiklik edilməsini müdafiə edən iqtisaçılarla yanaşı bu fikirlərə əleyhdar olanlarda az deyil.

Sonda qeyd edilməlidir ki, əsas nəticə ondan ibarətdir ki, yuxarıda qeyd edilən təkliflərin Vergi Məcəlləsində nəzərə alınması, başqa sözlə əmanətlərin stimullaşdırılması borc bazarında faiz dərəcəsinin aşağı düşməsinə və investisiyaların həcminin artmasına səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər