16 C
Baku
Friday, April 19, 2024

İnsan üçün nə daha vacibdir – keçmiş, gələcək, ya indiki zaman ?

Üç müdrik insan üçün nəyin daha vacib olması haqqında mübahisə edirdi – onun keçmişi, indiki zamanı, ya gələcəyi?

Onlardan biri dedi:

— Mənim keçmişim, mənim indiki kimliyimi müəyyən edir. Mən indi bacardıqlarımı məhz keçmişdə öyrənmişəm. Mən özümə ona görə inanıram ki, keçmişdə boyun olduğum işlərin öhdəsindən uğurla gəlmişəm. Əvvəllər yaxşı vaxt keçirdiyim və ya mənə yaxşı münasibət bəsləyən insanlar və ya onlara bənzəyənlər mənim xoşuma gəlir. Mən indi sizə baxır, üzünüzdəki təbəssümü görür və sizin iradlarınızı gözləyirəm, çünki bu birinci dəfə deyil ki mübahisə edirik və mən artıq bilirəm ki, siz heç bir etiraz etmədən və ya iradsız şəkildə razılaşmağa adət etməmisiniz.

— Axı bununla razılaşmaq mümkün deyil, əgər sən haqlı olsaydın, onda insan günü-gündən bir hörümçək kimi öz vərdişlərinin yaratdığı torda ilişib qalmağa məhkum olardı – digər müdriklərdən biri dillənir. İnsanı formalaşdıran onun gələcəyidir. Mənim indi nəyi bildiyim və bacardığım önəmli deyil. Mən gələcəkdə mənə lazım olacaqları və tələb olunanı öyrənəcəyəm. Mənim iki ildən sonra necə olmaq istədiyim haqqındakı təsəvvürlərim mənim iki il əvvəl necəliyim barədəki xatirələrdən daha vacibdir, çünki mənim indiki əməllərim keçmişdə necə olduğumdan deyil, gələcəkdə necə olmaq istəməyimdən asılıdır. Mənim xoşuma keçmişdə tanıdıqlarıma oxşamayan insanlar gəlir. Sizinlə söhbət isə ona görə maraqlıdır ki, mən burada əyləncəli mübarizənin və gözlənilməz fikir dönüşlərin olacağını duyuram.

— Amma siz bir şeyi tamamı ilə nəzərdən qaçırırsınız – üçüncü müdrik məsələyə qarışdı: Keçmiş və gələcək yalnız bizim fikirlərimizdə mövcuddur. Keçmiş artıq yoxdur. Gələcək isə hələ ki, yoxdur. Fərqi yoxdur ki, siz keçmişi xatırlayırsınız, ya gələcək haqqında xəyal qurursunuz, siz yalnız indiki zamanda hərəkət edirsiniz və edə bilərsiniz. Yalnız indiki zamanda öz həyatında, ömründə nəyisə dəyişə bilərsən – nə keçmişə qayıtmaq, nə də gələcəyə getmək bizim ixtiyarımızda deyil. Yalnız indiki zamanda əsl mənada xoşbəxt olmaq mümkündür: keçmiş xoşbəxtlik haqqında xatirələr – kədərlidir, gələcək xoşbəxtliyin gözləntisi isə nigaranlıq doğurur.

Son xəbərlər
Digər xəbərlər