24 C
Baku
Thursday, April 18, 2024

İnsanlar bəzi sığorta şirkətlərinə kifayət qədər etibar etmirlər

Müsahibimiz: Buta Sığorta Şirkətinin Sədri cənab Babayev Abbas

Buta Sığorta Azərbaycan sığorta bazarında özünə məxsus yeri olan şirkətlərdən biridir. 2013-cü  il Buta Sığorta üçün necə keçdi? Bizdə olan məlumata görə şirkətin yığımları təxminən 8 mln. manata yaxındır. Bu göstərici təşkilatın gözləntilərini doğrultdumu?

Ümumilikdə götürsək, 2013-cü  il Buta sığorta üçün çox uğurlu bir il oldu.  İstədiyimiz şəkildə həm yığım qismində, həm də  şirkətin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qarşıya qoyulan  bütün hədəflərə nail olduq. Şirkətin yığımları təxminən 8 mln  manata çatdı. Ən önəmlisi isə budur ki, şirkətin fundamental əsaslarını təşkil edən institusional məsələlər öz həllini tapdı, bütün struktur bölmələrin əsasnamələri və müvafiq prosedurlar hazırlanıb təsdiq olundu.  Azərbaycan Bank Tədris Mərkəzinin rəhbərliyi  ilə birgə  şirkətin risk matrisi işlənib hazırlandı. Nəticədə şirkətin bütün sahələrdə üzləşə biləcəyi risklər dərindən təhlil olundu və həmin risklərin qarşısının alınması üçün tədbirlər planı hazırlandı. Yəni, söhbət yalnız sığorta risklərindən deyil,  şirkətin fəaliyyətinə aid bütün risklərdən gedir.

Baxmayaraq ki, ölkədə Maliyyə Nazirliyi tərəfindən sığorta şirkətlərinin qarşısında elə bir tələb qoyulmayıb, lakin biz bu tələbi gözləmədən artıq bu fəaliyyəti həyata keçirməyə başladıq. Bundan başqa bu il ərzində təxminən yüz nəfər şəxs şirkətimizdə fəaliyyət göstərən təlim-tədris mərkəzində həm satış, həm də  sığorta nəzəriyyəsi ilə bağlı təlimlərdə iştirak edib. Onların bir çoxu  bizim şirkətə işə qəbul olunub.   2012-ci ildə tətbiqinə başladığımız sığorta proqram təminatını ilə bağlı işlər 2014-cü ildə tam yekunlaşdı. Eyni zamanda maliyyə təsərrüfat sahəsinin tənzimlənməsi ilə bağlı proqram təminatı yenilənmiş və onun sığorta proqramına inteqrasiyası tam başa çatmışdır. Düzgün seçilmiş proqram təminatının sayəsində gələcəkdə Buta Sığorta şirkətininn daha dinamik və daha stabil inkişafı tam təmin olunacaq.

Buta Sığortanı digər sığorta şirkətlərindən fərqləndirən nədir? Müştəri niyə görə məhz Buta Sığortanı seçməlidir?

Buta sığortanı digər sığorta şirkətlərindən fərqləndirən əsas cəhət bizim müştəri yönümlü olmağımızdır. İstənilən məsələ barədə qərar qəbul edərkən ilk öncə biz müştərini düşünürük. Müştərinin məmnunluğu bizim uğurumuzdur. Məhz o üzdən də, biz bu devizi seçmişik ”Buta sığorta sizə dost sığorta”. Hər zaman çalışırıq ki, müştərinin tələbləri ədalət və qanunvericilik baxımından maksimal şəkildə təmin olunsun.

“Buta Sığorta”-nı digər sığorta şirkətlərindən fərqləndirən əsas cəhət bizim hər zaman müştəriyə dost qədər yaxın və innovativ olmağımızdır.

Şirkət bir çox məhsullarında kifayət qədər innovativ metodlardan – onlayn ödəniş sistemlərini tətbiq etmişdir. Gələcəkdə müştərilərinizin rahatlığını təmin etmək üçün daha hansı addımları planlaşdırırsınız?

Hal-hazırda sığorta ödənişlərinin maksimal qısa müddət ərzində verilməsi ilə bağlı sığorta hadisələrinin tənzimlənməsi prosedurlarına  yenidən baxılır. Bizim hədəfimiz odur ki, müştəriyə sığorta ödənişi mümkün olan ən qısa zaman ərzində və maksimal rahat formada ödənilsin. Bizim şirkətin əsas fəlsəfəsi odur ki, biz nail olduğumuzla qane olmuruq. Belə deyək ki, daima əldə etdiyimiz nailiyyətlərdən narazıyıqvə buna görə də hər zaman yeni metodlar axtarışındayıq. Biz özümüzü digər sığorta şirkətləri ilə deyil, seçdiyimiz ideal etalonla müqayisə edirik.

Buta Sığortanın sığorta portfelinin bölgüsü necədir? Hansı istiqamətlər üstünlük təşkil edir.

Buta Sığortanın sığorta portfelinin əsas hissəsini avtomobil, tibbi və daha sonra isə əmlak sığortası təşkil edir. Eyni zamanda qeyd etməliyəm ki, yük sığortasında da kifayət qədər uğurlar qazanmışıq.  Ümumiyyətlə ölkə əhalisinin ən böyük problemlərindən biri onların sığorta mədəniyyətinin aşağı olmasıdır. Sığorta mədəniyyəti dedikdə,  insanların sığorta məhsulları və sığorta şirkətləri haqqında kifayət qədər məlumatlı olmamaları nəzərdə tutulur. Bildiyiniz kimi, insanlarda sığorta şirkətlərinə etibar istədiyimiz səviyyədə deyil. Belə bir inamsızlığın əsas səbəbi isə insanlarda sığorta haqda kifayət qədər biliyin olmamasıdır. Hal-hazırda həm Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidməti, həm də Sığortaçılar Assosiasiyası və Assosiasiyaya daxil olan aparıcı şirkətlər bu məsələ barədə çox düşünürlər. Gələcəkdə onların  birgə fəaliyyəti  nəticəsində  insanların  sığorta haqda düzgün məlumatlanması tam təmin olunacaq. Sığorta bazarında bəzi boşluqlar olsa da, dünənlə müqayisədə biz çox inkişaf etmişik. ”Özünü digərləri ilə deyil, dünənki özünlə müqayisə et” – bu məşhur sözləri heç zaman utunmamalıyıq. Əlbəttə biz özümüzü Avropa ölkələri ilə müqayisə etsək, onların sığorta bazarının bizdən çox irəlidə olduqlarının şahidi olarıq. Çünki, Avropa ölkələrində  sığorta bazarının 200,  Azərbaycanda isə  20 illik tarixi var. Ən əsası isə odur ki, əgər biz özümüzü 5 il bundan öncə ilə müqayisə etsək, hal-hazırda nə qədər inkişaf etdiyimizin və təkmilləşməmizin şahidi olarıq. Əlbəttə ki, biz bununla kifayətlənməyəcəyik. Bunun üçün həm dövlətin dəstəyi, həm də sığorta şirkətlərinin apardığı təbliğat önəmlidir. Hesab edirəm ki, sığorta şirkətləri öz öhdəliklərini tam yerinə yetirsələr, insanların onlara etibarı daha da artar. Sozsüz ki, bəzi sığorta şirkətləri öz öhdəliklərini tam və ya qismən də olsa yerinə yetirmirlər. Bu da öz növbəsində müştərilərin haqlı narazılığına səbəb olur. Amma bu bütün sığorta şirkətlərinə aid deyil. Yalnız keçən il zərər çəkmiş şəxslərə təxminən 100 mln manatdan artıq  ödəniş sığorta şirkətləri tərəfindən həyata keçirilib. Yəni, hər ay təxminən 1 milyon manat məbləğində vəsait müştərilərə ödənilib. Bu isə kifayət qədər ciddi bir rəqəmdir, minlərlə ödəniş deməkdir. Sevindirici hallardan biri də odur ki, bizim müştərilərimizin təxminən 70%-i  şirkətlər deyil, adi vətəndaşlardır və ən əsası da odur ki, ödəniş alan müştərilərin sayı imtina olunan müştərilərin sayından  on dəfələrlə  çoxdur. Əlbəttə ki, imtina halları bəzən əsassız da ola bilər. Lakin bir çox halda bunlar tam əsaslı  olur. Yəni, sürücü qəza törədərkən içkili olursa və ya avtomobili idarə etmək hüququ yoxdursa, təbii ki, sığorta ödənişi müştəriyə verilmir.

Gələcəkdə sığorta bazarında hansı dəyişiklikləri gözləyirsiniz?

Gələcəkdə sığorta bazarında gözlədiyimiz əsas dəyişikliklərdən biri ölkədə sığorta bazarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin daha da təkmilləşməsidir. Gözlənilir ki, gələcəkdə fiziki şəxslərin könüllü sığortaları hesabına sığorta yığımları artacaqdır. Bütün bunlar avtomobil, əmlak, tibbi və s. bu kimi sığorta növlərinin hesabına həyata keçiriləcək və nəticədə sığortadan faydalanan insanların sayı daha da artacaq. İnanırıq ki, gələcəkdə ölkə əhalisi dünya ölkələrində olduğu kimi bütün sığorta növlərindən yararlanacaq. Əslində sığorta varlı insanlar üçün deyil. Yəni, hər hansı bir problem yarandıqda, istər avtomobil qəzası, istər əmlakla bağlı problemlər və s. hallar yaşandıqda varlı insanlar bunu özləri də ödəyə bilərlər. Lakin orta imkanlı insanlar üçün böyük ödənişlər etmək bəzən mümkünsüz olur və bu cür hallarda məhz sığorta həmin insanları qoruyur. Yəni, büdcəsi təxminən 100 mln manat olan şəxsin 100 min manat dəyərində olan avtomobilinə zərər dəyərsə, bu zaman o elə də ciddi  maliyyə problemləri ilə qarşılaşmayacaq. Amma belə bir maddi ziyanla orta imkanlı bir vətəndaş üzləşərsə, həmin şəxsin üzləşdiyi problemi necə həll edəcəyi məlum deyil. Orta imkanlı bir şəxsin illər ərzində etdiyi qənaət hesabına aldığı avtomobili bir anda itirməsi barədə düşünsək, sığortanın nə qədər vacib olduğunu görərik.

Əmlak sahəsində isə bu məsələ daha ciddidir. Hər bir insan sahib olduğu mənzili çox çətinliklə alır. Evin təmiri və ev əşyalarına külli miqdarda vəsait  xərclənir. Bir çox hallarda isə insanlar bunu banklardan əldə etdikləri kredit və ya son vəsaitləri hesabına əldə edirlər. Düşünsək ki, min bir əziyyətlə əldə etdiyimiz mənzili nə vaxtsa  yanğın və ya qaz sızması ilə bağlı baş vermiş partlayış nəticəsində itirə bilərik, bu zaman belə fikirlərdən dəhşətə gələrik. Ancaq əvvəlcədən kiçik bir sığorta haqqı ödəməklə, gələcəkdə hər hansı bir problem yaranarsa həmin mənzilin bütövlükdə təmiri və ev əşyalarının yenilənməsinin sığorta şirkəti hesabına həyata keçirilməsi imkanı qazanmış olarıq.

Xarici ölkələrdə jurnalistlərin sığortalanması adi hal sayılır. Bildiyiniz kimi, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Qaynar nöqtələrdə çalışan jurnalistlərin həyatının sığortalaması da o üzdən vacib bir məsələdir. Gələcəkdə belə bir sığorta növünün Azərbaycanda da yaranması mümkündürmü?

Jurnalist sığortası həqiqətən də fərqli sığorta növüdür. Belə bir sığorta növü daha çox inkişaf etmiş sığorta bazarlarına aid olan bir xüsusiyyətdir. İlk öncə biz ölkə əhalisini istifadəsi daha çox vacib sayılan sığorta növlərinə alışdırmalıyıq. Və yalnız bundan sonra biz onlara daha spesifik sığorta növləri təqdim edə bilərik. Amma eyni zamanda qeyd etməliyəm  ki, sizin bu maraqlı  təklifiniz barədə biz düşünməliyik və bəlkə də gələcəkdə bu məsələ ilə bağlı  hər hansı bir qərar qəbul oluna bilər. Bazar iqtisadiyyatının əsas qanunlarından biri də budur ki, hər hansı bir məhsula tələbat olmadıqda həmin məhsul yararsız sayılır.

Sizin fikrinizcə Azərbaycanın sığorta bazarında yaxın 2-3 il ərzində hansı istiqamət daha perspektivli görsənir?

Mənim fikrimcə, Azərbaycanın sığorta bazarında yaxın 2-3 il ərzində avtomobil və əmlak sığortası daha perspektivli görsənir. Çünki buna bir tərəfdən əhalinin marağı var. Digər tərəfdən isə hələ kifayət qədər sığortadan kənarda qalmış böyük bir bazar var. Bir müddət öncə avtobillərin kreditlə satışına bir sıra məhdudiyyətlər qoyulsa da, ölkədə kifayət qədər sığortası olmayan avtomobil var. Ölkədə təxminən 1 mln 100 min avtomobil olsa da, onlardan  yalnız 200-300 min avtomobil sığortalanıb. Yerdə qalan 800-900 min isə hələ ki, sığortasızdır. Məhz bu baxımdan düşünürəm ki, avtomobil sığortası daha perspektivli görünür. Yəni, bundan sonra avtomobil satışı azalsa da, sığortası olmayan avtomobillərin  mövcud olması bir faktdır.

Əmlak sığortasında isə vəziyyət daha da  acınacaqlıdır. Ölkə avtomobillərinin təxminən 80%-i, mənzillərin  isə təxminən  99%-i, nə icbarı, nə də könüllü şəkildə sığortalanmayıb. Düşünürəm ki, əmlak və avtomobil sığortası hamı üçün ən vacib sığorta növlərindəndir. Bütün bu məsələlər öz həllini tapdıqca, sığorta şirkətlərinin portfelində onların payı da böyüyəcək və inkişaf etmiş ölkələrdə olduğu kimi bizim insanlarımız da müxtəlif qəzalar nəticəsində üzləşəcəkləri problemləri sığorta şirkətlərinin köməyi ilə rahat bir şəkildə həll edəcəklər.

Sonda isə, Buta Sığorta Şirkətinin Sədri Abbas bəyə müsahibəyə razılıq verdiyi üçün təşəkkür edirik.

Son xəbərlər
Digər xəbərlər