18 C
Baku
Thursday, April 25, 2024

İpoteka krediti alan rəhmətə gedərsə, krediti kim ödəyəcək?

İpoteka kreditini almaq məsələsi onsuzda az problemli mərhələ deyil hətta bəzi məqamlarda dərtə də çevrilə bilir. Onsuzda dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda ipoteka faizlərinin yüksək olması göz önündədi, üstəlik ilkin ödəniş, komisyon haqqı da bir tərəfdən. İndi təssəvvür edin, evi tapmısınız, ipoteka kreditinizlə də artıq evinizi almısınız. Bu qədər həngamədən sonra birdən hansısa bədbəxt hadisə ucbatından rəhmərə getsəz nə baş verər? Evinizin krediti ödənmədiyi üçün əlinizdən alınar? Bəs ailəniz necə olsun, harada yaşasınlar? Əgər belə bir hal baş versə bundan sonra gələcək mərhələlər 2 istiqamətdə dəyişə bilər, sığortalı və sığortasız olmanızdan asılı olaraq.

Əgər sığortasızsınızsa, əksər hallarda belə hadisə ilə qarşılaşılması da, qeyd edək ki, ən pis halda eviniz satılacaq, əldə olunan məbləğdən, xərclər (məhkəmə və s.) çıxılaraq ailənizə düşən məbləğ geri qaytarılacaqdır. İkinci tərəfdən əgər sığortanız varsa, o halda sığorta olunan məbləğ qədər Siğorta şirkəti ödəniş edəcək və kreditinizi bağlayacaqdır. Təbii ki, bunun üçün sizin həyat siğortanızın olması vacibdir. Lakin elə məqamlar da ola bilər ki, sığorta şirkəti kreditinizi bağlamasın. Belə ki, ölüm səbəbiniz xroniki xəstəlikdən olarsa, bu halda bu sığorta hadisəsi sayılmayacaq və şirkət siğortanızı ödəməyəcəkdir.

İpoteka ilə alınmış evin kimin adına keçməsi ilə məsələnin digər tərəfidi. Vəfat etmiş ev sahibinin evi qanun üzrə 1-ci növbə vərəsələrinə (valideynlər, ər-arvad, övladlar) və ya vəsiyyət üzrə vərəsələrinə (əgər vəsiyyətnamə varsa və qanun üzrə 1-ci növbə vərəsələrin məcburi pay hüququ saxlanılmaqla) keçir. Qanuni vərəsəlik isə qanunvericiliklə 6 ay müddətində müəyyənləşdirilir, şəxsin ölümündən 6 ay sonra notarius tərəfindən qanuni sənəd verilir və həmin adama qanuni vərəsə adı alır. Bu mülki məcəllə ilə müəyyənləşdirilir.

Vərəsədən yəni ipoteka krediti ilə evi adına almış şəxsdən təbii ki, vərəsəlik prosesinin reallaşdırılması üçün sənədlər tələb olunacaq ki, bu da əlavəxərclərin çıxması mənasına gəlir. Vərəsəliyin notarial rəsmiləşdirilməsi ilə əlaqədar forma 1, forma 2, ölüm/nikah/doğum şəhadətnaməsi notariusa təqdim olunmalı və notarius vərəsəlik şəhadətnaməsi tərtib etməlidir. Vərəsəlik şəhadətnaməsi əsasında evə vərəsələrin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir.

Vərəsəlik şəhadətnaməsinin verilməsinə görə xərclərə gəldikdə isə bunlara aşağıdakılar aid edilir:

  • qanun üzrə vərəsədirsə – 20 manat;
  • vərəsə qanun üzrə vərəsələrin dairəsinə daxil deyilsə – 40 manat;
  • daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (kupçanın) verilməsinə görə 30 manat;
  • texpaspotun verilməsinə görə 50 manat;
  • yüklülük çıxarışının verilməsinə görə 10 manat dövlət rüsumu tutulur.

Bundan başqa, evin fərdi yaşayış evi və ya mənzil olmasından və sahəsindən asılı olaraq daşınmaz əmlakın dövlət reyestrində sənədləşmə zamanı xidmət haqqı da tutulur.

Heç də hesab etməyin ki, bu prosesləri 1 ayda nəticələndirə biləcəksiniz. Bu prosesdə vaxt aparan 2 məqam vardır. Bunlardan ilki vərəsəliyin rəsmiləşdirilməsidir ki, ev sahibinin öldüyü vaxtdan 3 – 6 ay müddətində rəsmiləşdirmə həyata keçirilir. İkincisi isə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir ki, müvafiq sənədlər reyestr xidmətinə təqdim olunduğu gündən 1 ay müddətində reallaşır. Təbii ki, digər sənədlərin toplanması vaxtını da unutmaq olmaz. Sənədlər nə qədər qısa müddətdə toplansa, lazımı orqanlara təqdim olunsa müddət bir o qədər qısalacaqdır.

Əksəriyyətimiz Azərbaycan İpoteka Fondu xətti ilə ipoteka kreditin alınmasına üstünlük veririk. Eyni hal AİF xətti ilə alınan ipoteka kreditində baş versə nə olar? “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair Standart Tələblər” ə əsasən ipoteka kreditini alan şəxs mütləq olaraq 3 növ sığorta əməliyyatını həyata keçirir:

  • əmlak sığortası;
  • iş qabiliyyətinin itirilməsinin sığortası;
  • həyat və sağlamlığının itirilməsinin sığortası.

Yalnız belə olan halda borcalan vəfat etdikdə ipoteka kreditinin ödənilməsini sığorta şirkəti həyata keçirir.Həyat və əmək qabiliyyətinin itirilməsi barədə sığorta müqaviləsi də kifayət qədər vacib məqamlardan biridir. Beləki, qeyd etdiyiniz sığorta növü əmək qabiliyyətinizi və ya həyatınızın itirilməsi halında sizin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Bu zaman mənziliniz sizin mülkiyyətinizdə (və ya sizin varislərinizin mülkiyyətində) qalacaq, sizin kredit borcunuz isə tam ödəniləcəkdir.

Beləliklə, əgər siğortanız varsa ipoteka kreditinizlə bağlı ailənizin başına gələcək hadisələr barəsində o qədərdə narahat olmağa dəyməz, ancaq yoxdursa bu halda ən azından sığorta barədə düşünməyə dəyər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.