İpoteka şərtləri asanlaşdı. Bunun mənzil almaq istəyində olan üçün faydası nədir?

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, qaydalarda ipoteka kreditinin restrukturizasiyası ilə bağlı məsələlərin müəyyənləşdirilməsi öz əksini tapıb.

Fərmana əsasən, kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin yuxarı həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunacaq.

Hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır.

Dəyişikliyə görə, bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.

Nüsrət İbrahimov/ FOTO: oxu.az

Yenilikləri şərh edən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, imzalanan fərmanla ilkin ödənişlərdə müəyyən güzəştlər edilib:

“Kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək.

İkinci mühüm dəyişiklik kreditin ödənişinin davam etdiyi müddətdə vətəndaşın ödəmə qabiliyyətini  itirməsi ilə bağlıdır. Hansı ki, bu zaman borcalan Fonda müraciət edə bilər. Kreditin qüvvədə olduğu müddət ərzində ən çoxu üç dəfə restrukturizasiya həyata keçirilə bilər.

Restrukturizasiyaya kredit məbləğindən çox olmamaq şərtilə, kredit üzrə hesablanmış faizlərin kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması, yaxud kreditin maksimum müddətinə dair tələbi nəzərə alınmaqla, kreditin müddətinin uzadılması, müvəkkil bankın razılığı ilə kredit üzrə faiz dərəcəsi bankın xidmət haqqının hesabına azaldılması daxildir.

Güzəştlərə, eyni zamanda, ipoteka krediti üzrə ödənişlərə bir ildən çox olmayan müddətə fasilə verilməsi də aiddir”.

N.İbrahimov deyir ki, köhnə şərtlər insanların ödəmə qabiliyyətinə təsir edirdi:

“Dəyişikliklərdən sonra ipoteka kreditləri üçün müraciətlərin sayında artımlar gözlənilir”.

Ekspert növbəti həftənin əvvəlindən sosial evlərin satışına başlanacağını xatırladaraq, qeyd etdi ki, ipoteka kreditləri ilə bağlı qaydalara dəyişikliyi də bura əlavə etsək, bazarda təklif çoxluğu yaranacaq:

“Təklifin artımı bazarın stabilləşməsinə gətirib-çıxaracaq. Çünki təklif az olanda bazar stabilliyini itirir. Ona görə, düşünürəm ki, təklif nə qədər çox olarsa, bazar bir o qədər dayanıqlı olar”.

O, bütün bunların fonunda daşınmaz əmlak bazarında əhəmiyyətli bahalaşma gözləmədiyi vurğuladı:

“İl ərzində müəyyən struktur dəyişiklikləri nəticəsində qiymət artımı ola bilər”.

İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, İpoteka və Zəmanət Fondunun nizamnaməsində edilən dəyişikliklər ipotekaya əlçatanlığın təmin edilməsi baxımından vacibdir:

“Əvvəllər fond ipoteka və güzəştli kredit təklif edirdisə, indi artıq yaşayış sahələri alaraq onun kirayə verilməsini də təmin edəcək. Bu İpoteka və Zəmanət Fonduna imkan verəcək ki, mənzilləri və yaşayış binalarını satın alaraq Kirayə Fondu formalaşdıra bilsin.

V. Bayramov

 

Rusiya təcrübəsinə diqqət yetirsək, bunun da özəlliyi ondan ibarətdir ki, bu zaman vətəndaş daha ucuz qiymətə Kirayə Fondunda olan mənzildən istifadə edə bilir. Rusiya və MDB ölkələrində bu prosesdə 40 faizə qədər güzəşt tətbiq edilir.

Eyni ərazidə mənzilin aylıq kirayə haqqı 400 manatdırsa, o zaman vətəndaş Sosial Kirayə Fondundan istifadə edən zaman təxminən 240 manat ödəməklə kirayədə qala bilir. Bu da az vəsait ödəməklə kirayə qalmaqla ev almaq imkanı yaradır”.

Qeyd edək ki, yeni qaydalara əsasən, İpoteka və Zəmanət Fondu vergilərdən azad ediləcək.

V.Bayramov qeyd edir ki, bu da İpoteka Fondunun gəlirlərinin artırılması baxımından vacibdir:

“ İpoteka Fondu hesalanmış vergini ödəməməklə həmin vəsaiti öz sərəncamında saxlaya biləcək. Nəticədə, bu, İpoteka Fondu tərəfindən daha çox kredit təklif etmək, eyni zamanda, kredit faizlərindən daha çox subsidiya vermək imkanı deməkdir. Bu da İpoteka Fondunun maliyyə imkanının genişləndirilməsinə xidmət edəcək”.

📝 RƏY BİLDİR