8 C
Baku
Friday, March 29, 2024

İqtisadi indikator qismində çıxış edən iqtisadi dövrlər

İqtisadi tsikllər (dövrlər) haqqında bilgilər sizə valyuta və fond bazarında, həmçinin müəssisə və təşkilatlarda, eyni zamanda bütünlüklə iqtisadiyyatda baş verən dəyişiklikləri daha düzgün şəkildə anlamaq imkanı verəcəkdir. İqtisadi proseslərin inkişafı dövri xarakter daşıyır: artım həmişə eniş dövrü ilə əvəzlənir, bunun ardınca isə həmişə canlanma və yeni yüksəliş dövrü gəlir. İqtisadi tskil – mütəmadi (dövri) olaraq istehlak və istehsal (tələb və təklif) səviyyələrində baş verən tərəddüdlərdir.

Adətən iqtisadi inkişaf dinamikası (tsikl) növbəti fazalara görə fərqlənir:

1. Resessiya (Recession) və ya tənəzzül. İşgüzar aktivlik aşağı düşür, istehsal azalır, məşğulluq və gəlirlilik səviyyəsi də aşağı düşür.

İqtisadiyyatın düşməsi və müvəqqəti eniş faktorundan asılı olaraq, iqtisadiyyatda böhran və depressiya mərhələləri bir-birindən seçilir.

Böhran -iqtisadiyyatda tarazlığın pozulması deməkdir, o, istehsalın azalması və dayanması ilə nəticələnir. Depressiya isə – məhsul izafiliyinin tədricən aradan qalxdığı (artıq məhsulların tədricən satıldığı) dövrdür, adətən bu məhsullar çox aşağı qiymətə satılır və kifayət qədər zaman tələb edir.

2. Bərpa (Recovery) və ya canlanma. İqtisadi aktivliyin yüksəlişi baş verir, istehsalat nisbətən böyüməyə başlayır.

3. İnkişaf (Expansion) və ya artımın artması, bu faza özündə adətən iqtisadi yüksəliş və bum tsikllərini əhatə edir.

  • Yüksəliş böhrandan öncəki sənaye istehsalı həcminin bərpa olunma dövrüdür, bu müddət ərzində qiymətlər, gəlirlər, əməkhaqqılar, artır və tədricən bunun sayəsində istehsalat və məşğulluq özünün tam doyma həddinə çatır və güclər tam işə salınır, bu adətən böhrandan öncəki məşğulluq və qüvvələrin səfərbər edilməsi ilə müqayisə edilə bilən bir həddə olur.
  • Bum (pik) – istehsal güclərinin tam yüklənməsi, yüksək məşğulluq səviyyəsi, qiymətlərin və əməkhaqqıların həddindən artıq yüksək səviyyəyə qalxması ilə xarakterizə olunur. Adətən bum zamanı iqtisadiyyatın artım səviyyəsi bundan öncəki tsikldə əldə olunmuş səviyyəni üstələyir.
191

2008-ci ildə demək olar ki, planetin bütün ölkələrinin iqtisadiyyatını əhatə edən iqtisadi böhran, bildiyiniz kimi, ABŞ-ın maliyyə və inşaat sektorunda başlamışdı. Bir sıra KİV nümayəndələrində ABŞ-ın menecmentinin ünvanına bir sıra ittihamlar irəli sürülürdü onlar yetərincə uzaqgörən olmamaqda, “tamahkarlıqda” və s günahlarda ittiham edilirdi, amma müasir böhrana iqtisadi dövrlər barədə nəzəriyyə nöqteyi-nəzərindən yanaşsaq, onda böhranın başlamasında ABŞ-ın günahı yoxdur. Böhran – iqtisadiyyatın inkişafında obyektiv gerçəklikdir, düzdür, onun baş verməsi bir az gecikə və ya bir az tələsə bilər, amma istənilən halda bu mütləq baş verməlidir.

ABŞ-da National Bureau of Economic Research – NBER ( Milli İqtisadi Araşdırmalar Bürosu) adlı təşkilat fəaliyyət göstərir ki, onun əsas vəzifəsi iqtisadi dövrləri və indikatorları analiz etməkdir. Bu olduqca mürəkkəb bir vəzifədir, çünki məsələ ondadır ki, iqtisadiyyatın vəziyyətini səciyyələndirən bütün iqtisadi indikatorları üç böyük qrupa bölmək olar – bu qabaqlayıcı indikatorlar, üst-üstə düşən indikatırlar və gecikən indikatorlardır.

Praktiki olaraq, istənilən bir göstərici bu və ya digər qrupa aid edilə bilər, amma fərqli göstəricilərin bu və ya digər iqtisadi tsikl (dövr) ilə münasibətdə dəqiqlik səviyyəsi fərqli ola bilər. Bu və ya digər ölkənin iqtisadiyyatını dəqiq qiymətləndirmək üçün tsiklin fazasını müəyyən etmək və əsas iqtisadi indikatorları tutuşdurmaq lazımdır –ÜDM, inflyasiya səviyyəsi, qızıl valyuta ehtiyatlarının həcmi, dövlət borcunu səviyyəsi, uçot dərəcəsi, ödəmə balansının vəziyyəti, işsizlik səviyyəsi və s.

Son xəbərlər
Digər xəbərlər