Azərbaycanda iqtisadiyyatın “axsayan” tərəfi: qiymətli kağızlar bazarı

Qiymətli kağızlar bazarının inkişafı üçün bazarda iştirak edən şirkətlərin və investorların sayının artması  vacibdir

2017-ci ildə Azərbaycanda bir çox sahələrlə yanaşı qiymətli kağızlar bazarı  da inkişaf edib, 2,4 dəfə böyüyüb. Bakı Fond Birjasını (BFB) məlumatına görə, 2017-cı ilin yanvar-dekabr ayları ərzində BFB-də bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 13 milyard 618,5 milyon manat təşkil edib. Bu 2016-cı illə müqayisədə 2,4 dəfə artıqdır.

Xatırladaq ki, 2016-cı ildə qiymətli kağızlar bazarının həcmi 5 696,1 milyon manat təşkil edib. 2017-ci ildə qiymətli kağızlar bazarında bağlanan əqdlər isə 1,8 dəfə artaraq 87 334 minə çatıb.

Ötən il qiymətli kağızlar bazarının böyük hissəsi 44,5%-i dövlət qiymətli kağızlarının, 43,5%-i törəmə maliyyə alətlərinin, 6,3%-i istiqraz bazarının, 5,2%-i səhm bazarının payına düşüb.

Ayrı-ayrı alətlərin dövriyyəsində ən böyük artım AMB-nin notlarında qeydə alınıb. 2017-də not buraxılışları 19 dəfə artaraq 5,2 milyard manatı keçib. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının həcmi 1,48 dəfə artaraq 839,4 milyon manata çatıb. Pay bazarı 6 dəfə artaraq 709,6 milyon manat olub.

2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında REPO əməliyyatlarının həcmi 25 dəfə artaraq 2016-cı ildəki 2 milyon manatdan, 51,55 milyon manata çatıb. Artımın əsas səbəblərindən biri SOCAR istiqrazları ilə REPO əməliyyatlarının başlanmasıdır. 2017-ci ilin son iki ayında bu kağızlarla 12 milyon dollarlıq və ya təqribən 20 milyon manatlıq REPO əməliyyatı aparılıb.

Qeyd edək ki, il ərzində ən çox uğur qazanan qiymətli kağız məhz SOCAR istiqrazları olub . 2016-cı ilin oktyabrında 100 milyon dollar həcmində buraxılan istiqrazların nominal qiyməti 1.000 ABŞ dolları, illik gəlirliliyi 5% təşkil edib. SOCAR-ın ilk dəfə tətbiq etdiyi geri alım zəmanəti sayəsində istiqrazları istənilən vaxt satmaq mümkündür. Bu fakt SOCAR istiqrazlarına böyük marağı təmin edib və nəticədə, hazırda istiqrazlar Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınan maliyyə alətidir. İstiqrazlara böyük maraq nəticəsində onların qiyməti artaraq, 1020-1026 dollara çatıb.

Bəs görəsən, hazırda qiymətli kağızlar bazarının çatışmazlıqları nələrdir ki, insanlar hələ də vəsaitlərini yastıq altında saxlamağa üstünlük verirlər? Bankların əmanətlərlə bağlı etibarı itirdiyi bir dövrdə qiymətli kağızlar bazarı nə üçün bu boşluğu doldura bilmir? Bunun üçün hansı addımların atılmasına ehtiyac var?

Mənbənin suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına xeyli öncədən cəhdlər edilsə də, reallıqda hələlik bu bazarın tam olaraq formalaşdığını və inkişaf etdiyini demək çətindir: “Son dövrlər biz qiymətli kağızlar bazarının oyunçularının sayının artdığını müşahidə edirik. Həm Maliyyə Nazirliyi, həm də Dövlət Neft Şirkəti öz qiymətli kağızlarını bazara çıxartdı. Amma bunlarla yanaşı, özəl sektorun da  bazarda aktiv olması çox vacibdir. Dövlət Neft Şirkətinin bazara çıxartdığı qiymətli kağızlara tələbat böyük oldu. Ona görə ki, bu qiymətli kağızların dəyəri dollarla ifadə olunurdu. Banklarla müqayisədə ARDNŞ istiqrazlara daha yüksək divident təklif edirdi. Sığortalanan əmanətlərin faizi 3 faiz olsa belə, əksər banklarda dollarla olan əmanətlərin faizi 0,5-1 faiz arasında dəyişir. Ancaq Dövlət Neft Şirkətinin qiymətli kağızlara 5 faiz divident təklif etməsi onlara olan marağın və tələbin artmasına gətirib çıxartdı”.

İqtisadçı ekspert onu da vurğuladı ki, qiymətli kağızlar bazarının inkişafı üçün bazarda iştirak edən şirkətlərin və investorların sayının artması  vacibdir: “Dövlət qiymətli kağızlarının bazara çıxarılması aktivliyi artıran səbəblərdən biri olsa da, bu aktivliyin dayanıqlı olması üçün özəl sektorun bazarda iştirakı zəruridir. Bu baxımdan özəl şirkətlərin də qiymətli kağızlar bazarında iştirakının təmin edilməsinə ehtiyac var. Dövlət elə bir metodlardan istifadə etməlidir ki, özəl sektorun qiymətli kağızlar bazarında iştirakı artsın. Bu baxımdan Azərbaycanda korporativ idarəetmənin inkişafına ehtiyac var. Özəl şirkətlər korporativ idarəetmə keçməlidir. Çox təəssüf ki, özəlləşdirmədən sonra koorporativ idarəetmə deyil, açıq səhmdar cəmiyyətlər deyil, bir əldən idarə olunan şirkətlər formalaşdı. Hətta səhmdar cəmiyyət kimi özəlləşdirilmiş qurumlar belə sonradan bir əldən idarə olunan firmalara çevrildilər. Bu baxımdan səhmdar cəmiyyət formasının özəl sektorda inkişaf etməməsi sonradan qiymətli kağızlar bazarının inkişafını formalaşdırmadı. Bir əldən idarə olunan firmaların sayı artdıqca qiymətli kağızlar bazarının zəifləməsi müşahidə olundu.

V.Bayramovun sözlərinə görə,  ölkədə həm də korporativ idarəetmə formasının inkişafı və qiymətli kağızlar bazarında səhm satışlarının aktivləşməsi zəruridir: “Bu sahədə həm də bir ənənənin formalaşmasına ehtiyac var. Əslində səhmdar cəmiyyətlə müəssisənin inkişafı üçün çox vacibdir. Bu, kənardan vəsaitlərin cəlb olunmasına, şəffaflığın yaranmasına, hesabatlılığın formalaşmasına gətirib çıxarır. O baxımdan özəl sektorda səhmdar cəmiyyətlərin formalaşmasına və dövlətin  bu prosesi təşviq etməsinə ehtiyac var ki, gələcəkdə inkişafı müşahidə edə bilək. Qiymətli kağızlar bazarının inkişafı növbəti  mərhələdə özəl sektorun orada hansı səviyyədə təmsil olunmasından asılı olacaq. Əgər dövlət özəl sektorun iştirakını təmin etsə, biz gələcəkdə qiymətli kağızlar bazarının inkişaf etdiyini müşahidə edə biləcəyik”.


©MUSAVAT.COM

📝 RƏY BİLDİR