14 C
Baku
Wednesday, April 24, 2024

“Ironman” ekstremal yarışı milyard dollarlıq brendə necə çevrildi?

80-ci illərin əvvəllərində Luis Alvares 20 yaşlarında idi və 90 kq çəkisi var idi. O daim siqaret çəkir, hətta bir neçə kilometr qaça bilmirdi.  1983-cü ildə o son siqaretini çəkir və öz üzərində işləməli olduğu barədə qərar verir. İlk olaraq o marafonlarda qaçırdı, lakin daha sonradan Ironman yarışlarının iştirakçısına çevrilir. Hazırda Alvares həmin yarışın ən uğurlu iştirakçılarından biri və yanacaq daşımaq üçün sistern istehsalı ilə məşğul olan dünyanın ən nəhəng SAG-Mecasa şirkətinin həmsahibidir. Ironman brendinə sahib olan World Triathlon Corporation şirkəti uğurlu biznes yarada bilmişdir. Baxmayaraq ki, şirkətin güclü və ilhamlandırıcı brendindən başqa real aktivi yoxdur, şirkət təqribi 1 milyard dollar olaraq qiymətləndirilir.

 Bəs şirkət bütün rəqiblərini geridə qoymağı necə bacarmışdır:

1970-ci illərin ortalarında ABŞ-da Con Kollinz adlı bir zabit qaçış yarışçılarının və üzgüçülərin iştirak etdiyi yüngül atletika estafetinə qoşulmuşdu. İştirakçılar hansı idmançıların daha güclü olması barədə mübahisə edirdilər. Kollinz velosipedçilərin daha güclü olduğu fikri üzərində təkid edirdi. Çünki oksigen istifadə etmədə ən yüksək göstərici məhz onlara məxsusdur. İştirakçılar heç cür ortaq məxrəcə gələ bilmir və Kollinz ən güclü atleti müəyyən etmək üçün idmanın üç növü üzrə yarışı birləşdirməyi təklif edir. 1978-ci ildə Havay adalarında keçirilən ilk yarışda onlarla entüziast mübarizə aparırdı. Onlar müasir yarış iştirakçılarından fərqli olaraq varlı deyildilər və bahalı ləvazimatlardan istifadə etmirdilər. Ətrafdakı insanlar isə yarış iştirakçılarını əsl çılğın adlandırırdılar.

1980-ci ildə bu yarış haqqında bir çoxları xəbər tutur. Belə ki, Amerikanın ABC telekanalında idman proqramı zamanı bu yarış haqqında süjetlər nümayiş etdirilməyə başlanılır. Bu brend 1989-cu ilə qədər Hawaii Triathlon Corporation adlanırdı. Onun populyarlığı zamanla artsa da, əsl uğur tarixçəsi bir qədər sonra yaşanmışdı.

1990-cı ildə məşhur oftalmoloq və triatlonçu Ceyms P. Cills bu brendi 3 milyon dollara əldə edir və World Triathlon Corporation (WTC) şirkətinin əsasını qoyur. O biznes konsultantı Eddi Merks ilə Ironman brendini inkişaf etdirməyə və həmçinin bu adın digər şirkətlər tərəfindən istifadə edilməsinə yol verməmək üçün çalışmağa başlayır. Cills idmançılara yardım etməyi qarşısına məqsəd qoymuşdu: qaliblərin əldə etdiyi uduş məbləğinin həcminin artırılması onun üçün vacib idi. Bundan başqa, o öz sevimli idman növünü necə populyarlaşdıra biləcəyini və Ironman brendindən necə dünya lideri yarada biləcəyini düşünmüşdü.  WTC Ironman yarışının idman mövsümü ərzində həyata keçirdiyi bütün tədbirləri birləşdirən World Series adlı tədbir silsiləsini yaradır. Professional idman yarışları oxşar sxem ilə işləyir.

Ironman yarışlarında iştirak etmək üçün yalnızca güclü olmaq deyil, imkanlı olmaq da mütləqdir. Yarış üçün qeydiyyatın dəyəri 650 dollar olsa da, bu triatlonçuların xərclədiyi məbləğin çox az hissəsidir. Yarış üçün mütləq olan avadanlıqların dəyəri 10 minlərlə dollar olsa da, idmançılar sürətlərini artırmaq üçün onlara pul ödəməyə hazırdırlar.

Bu zaman idmançı bir velosipedi 20 000 dollara ala bilər. Bəzi üzgüçülük geyimlərinin dəyəri 1200, rahat idman ayaqqabısı isə təqribən 400 dollardır. Bundan əlavə, bir çoxları suda və quruda öz hərəkət sürətlərini ölçmək üçün gadgetlərdən istifadə edir. Bundan əlavə, həkimlərə, məşqçilərə sərf edilən məbləğ də kifayət qədər çoxdur.

Bəzi imkanlı şəxslər WTC-nin təklif etdiyi əlavə xidmətlərdən yararlanmaq üçün də pul ödəyirlər. Məslən, şirkətin təklif etdiyi Ironman Executive Challenge proqramının dəyəri 9000 dollardır . Bu zaman atletlər şəxsi köməkçinin xidmətlərindən yararlanırlar. Bu şəxsi köməkçi isə öz növbəsində idmançı üçün aviabiletləri, oteli bron edir, onun uşaqları ilə vaxt keçirir və digər bu kimi işlər ilə məşğul olur.

Ironman iştirakçılarının orta əmək haqqısı ildə 174 000 dollar təşkil edir və onların bir çoxu rəhbər vəzifələrə sahib şəxslərdir. XC proqramı üçün pul ödəyənlərin əksəriyyəti müxtəlif şirkətlərin prezidentləri və CEO-larıdır. Adətən gənclərin iştirak etdiyi digər idman yarışlarından fərqli olaraq Ironman iştirakçılarının əksəriyyəti 40 yaşlı şəxslərdir.

Brendin adından aktiv şəkildə gəlir əldə etmək prosesi 2008-ci ildə başlamışdır. Bu zaman WTC şirkəti Providence Equity Partners-in birbaşa investisiyalar fondunu almışdı. Şirkətin yeni sahibləri Ironman adından istifadəyə görə lisenziyalar satmağa, yeni bazarlara çıxmağa, həmçinin digər şirkətlərlə əməkdaşlıq edərək yaradılan məhsulların sayını artırmağa başladılar. Məsələn, Ironman ilə birlikdə yaradılan Timex saatları bestsellerə çevrildi. Bu brend adı altında olan geyim, aksessuar və idman ləvazimatları şirkətə ildə 500 milyon dollar qazandırır.

2000-ci ildə həyata keçirilən ekspansiya (genişlənmə) nəticəsində Ironman brendinin illik gəliri 7 dəfə artaraq 150 milyon dollara çatmışdı. 2015-ci ildə isə gözlənilən gəlir 183 milyon dollar təşkil edirdi. Keçən ilin iyul ayında belə məlum oldu ki, WTC şirkəti öz sahibini yenidən dəyişir. Çinli sahibkar Dalian Wanda şirkət üçün 650 milyon dollar ödədi və üstəlik borc öhdəliklərini də öz üzərinə götürdü.

Qeyd edək ki, The Wall Street Journal müqavilənin dəyərini 900 milyon dollar olaraq qiymətləndirmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər