14 C
Baku
Thursday, April 25, 2024

İş həyatındakı qadağalara etinasız yanaşılmasının əsas səbəbkarı rəhbərlərdir

Müəllif: Elçin Həsənov

Ekspert və ya tənqidçi olmasam da ətrafda baş verən hadisələri təhlil etmək və nəticəni insanlarla bölüşmək mənə xoş gəlir, əgər bu işlərlə az da olsa hər hansı bir müsbət inkişafa təsir edə bilərəmsə nə xoş halıma. Ümumiyyətlə bu günki cəmiyyətdə hər kəsə məlumdur ki, əksər insanlar qadağalara yalnız nədənsə çəkindikləri üçün əməl edirlər, məsələn cərimədən. Bu yazımda cəmiyyətdəki ümumi hallardan yox məhz iş həyatından yazacam, yəni bu gün şirkətlərdə rəhbərlər tərəfindən tətbiq edilən qadağalara, məhdudiyyətlərə, bir sözlə, prosedura nə dərəcədə əməl edilir, edilmirsə nəyə görə edilmir, məhz bu məsələyə toxunacam.

Məlumdur ki, şirkətlərin hər biri əmək fəaliyyətlərini hər hansı bir rəsmi prosedurla tənzimləyirlər, bu prosedur daxili təlimat da ola bilər və ya Əmək Məcəlləsi də, təbii ki, əslində bütün prosedurlar Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır. Bu qaydaya nə dərəcədə əməl edilir və ya edilmir, hələ ki, bu barədə fikir bildirmirəm. Məqsədim bu prosedurlarda yer alan qadağalara nəyə görə laqeyd yanaşılmasından söz açmaqdır. İnsan fitrətən elə yaradılmışdır ki, əksər insanlar onlara qarşı tətbiq edilən qadağalara, məhdudiyyətlərə qarşı diqqətli olmaqdansa əksinə həmin qadağalara meyilli olurlar, həmin qadağan edilmiş işləri icra etməyə can atırlar. Təbii ki, bu hal özlüyündə mənfi nəticələrə səbəb ola bilər, lakin biz də çalışmalıyıq ki, hər hansı qadağa tətbiq edərkən həqiqətən də insanların buna riayət etməsinə nail olaq. Şəxsi təcrübəmdən deyə bilərəm ki, əksər personallar tətbiq edilən qadağalara biganə yanaşırlar. Bu qadağalara riayət etməməklə qanunu pozanlara haqq qazandırmaq istəmirəm, lakin bu laqeydliyin əsas səbəbi kimi həmin qadağaları tətbiq edən rəhbər heyətini görürəm. Rəhbər şəxslərin əksəriyyəti həmin qadağalara biganə yanaşırlar, həmin qanunları ilk növbədə məhz özləri pozur və nəticədə cəmiyyətdə də qıcıq yaradırlar. Diqqət etsəz əksər şirkətlərdə təhlükəsizlik qaydaları ilə bağlı edilən xəbərdarlıq və məhdudiyyətlərə ilk növbədə məhz rəhbər şəxslər əməl etmir, yəqin ki, bu onların tutduqları vəzifənin bəxş etdiyi bir “özgüvən”dən irəli gəlir. Axı qanun qarşısında hər kəs bərabər olmalıdır?! Otaqlarda “No smoking” xəbərdarlıq nişanına məhəl qoymaraq siqaret çəkən rəhbər şəxsin tabeçiliyində çalışan personal fürsət əldə edən kimi rəhbəri kimi qaydaları pozacaq. Çünki insanlar arasında sahib olduqları statuslarına görə fərq qoymaq onlarda təbii olaraq qıcıq yaradır və onlar da bu qaydalara qarşı gedirlər, aşkar da olmasa da gizlində həmin qaydaları pozmağa can atırlar. Daha bir sadə misal qeyd edim, təsəvvür edin siqaret çəkən ata öz övladına siqaret çəkməyi qadağan edir, sizcə bu nə dərəcədə effektiv bir nəticə verə bilər?! İş həyatında rəhbərlər, gündəlik həyatımızda da böyüklər qanunlara riayət etməklə digərlərinə nümunə olmalıdır. İlk səbəb rəhbərlərin bu qadağalara laqeyd yanaşmasıdır. Digər səbəb isə bu qadağaların məhz nə üçün tətbiq edildiyi və əgər bu qadağalara əməl olunmazsa nəticədə hansı fəsadlara gətirib çıxara biləcəyi barədə şəxsi heyətin kifayət qədər məlumatlandırılmamasıdır. Təsəvvür edin hər hansı sahədə “No smoking” qadağanedici nişanı o qədər də diqqət cəlb etməyə bilər, lakin həmin nişanla bərabər “Tez alışan maddələr” kimi məlumatlandırıcı lövhələrin yerləşdirilməsi insanların bu işdən ən azından öz həyatlarını qorumaq üçün çəkinməklərinə səbəb olacaq. Bunlarla yanaşı bir çox səbəblər göstərmək olar, lakin düşünürəm ki, yuxarıda qeyd etdiyim iki səbəb ən başlıca səbəblərdir və inanıram ki, bu səbəblər aradan qalxarsa tam da olmasa nəzərə çarpacaq dərəcədə müsbət nəticə əldə etmək mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər