8 C
Baku
Thursday, March 28, 2024

İş insanı seçir, insan işi deyil

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

Universitetlər, kolleclər, texnikumlar, məktəblər hər il on minlərlə məzun verir, bu məzunların əksəriyyəti iş tapa bilmir. Hər il yüzlərlə iş yerləri açılır və bunların 90%-ə yaxını bir ili tamam olmadan müflisləşir. Bəs bunun səbəbini heç düşünmüsünüz?! Mən sosioloq deyiləm, amma şəxsi fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Ən aşağıdan başlayaq yuxarı qalxaq. Uşaq ikən hərənin özünə görə arzuları olur. Kimsə kosmonavt olmaq istəyir, kimsə həkim, kimsə polis, kimsə rəssam, kimsə müəllim və s. Uşaqlar ümumiyyətlə hər şeyə fikir verirlər. Bir müddət sonra görürlər ki, cəmiyyətdə insanın biliyinə görə deyil, faydasına görə deyil, dünya görüşünə görə deyil, xasiyyətinə görə deyil, puluna, maşınına, evinə, çevrəsinə, gücünə görə dəyər verirlər. Uşaq isə evin aynasıdır, valideynlərin görüşləri yavaş-yavaş övladlara keçir. Məhz bu səbəbdəndir ki, indiki uşaqlar daha tez uşaq kimi düşünməyi tərgidirlər.

Gəlir məktəb vaxtı. Uşaqların əksəri müəllimləri sevirlər. Bir çoxundan soruşsan, müəllim olmaq istəyirlər (söhbət ibtidai sinif şagirdlərindən gedir). Bir müddət sonra valideyn uşağının müəllimini daha çox sevdiyini hiss edəndə başlayır qısqanmağa. Uşağına daha çox vaxt ayırıb onun sevgisini qazanmaq yerinə uşağın xəyallarına lağ etməyə başlayır (Azərbaycanlıyıq axı hər zaman hər şeyin ən asanını seçirik). Müəllim olarsan acından ölərsən…Mən onun maaşını bir gündə xərcləyirəm… Musiqiçi olub adımızı batıracaqsan?… Rəqqas nədir, başımıza iş açma… Mən bunları uydurmuram, gördüklərimi və eşitdiklərimi deyirəm. İllər bir-birini dəyişir və şagirdlər uşaq olmaqdan yeniyetməliyə çıxırlar. Sadəcə şəxsiyyətinə, qayğısına görə sevdiyi müəllimini illərdir eyni geyimdə gördüyü üçün, imkansızlıqdan xarici görünüşünə fikir verə bilmədiyi üçün lağa qoymağa başlayır. Bir tərəfdən də şəxsiyyətini itirmiş, həyatın çətinliyi qarşısında baş əymiş müəllimlərin rüşvətxorluğu…

Universitetə hazırlaşmaq, peşə seçmək vaxtı gələndə hərə bir məsləhət verir. Çox nadir insanlar maraqlanır ki, insanın özünün nəyə həvəsi var. Elə şagirdlər özü də sevdiyi peşəni deyil, sayılıb-seçilən peşəni, adı nüfuzlu olan peşəni seçir (Beynəlxalq İqtisadi Münasibətlər, Beynəlxalq Münasibətlər, Beynəlxalq sözü varsa demək əladır…). Zövq alacağı işi deyil, pul qazana biləcəyi işi seçir (Maliyyə Kredit – Hər kreditdən “şapka” alsam 3-5 ilə ev-eşik, maşın, pul hər şey olacaq… Mühasibaçılıq- əla yeyinti mənbəyi… Menecment- öz şirkətimi qura bilməyəcəm, onsuz da başqasının şirkətini özümünkü kimi istifadə edərəm…). Hələ əsgərliyə 4-5 il gec getməyin dərdindən, 18 ay deyil 12ay xidmət etməyin dərdindən universitetlərə hazırlaşanları, qəbul olub başqalarının yerini tutanları demirəm…

Qəbul olur. Universitetdə oxuya bilmir, alternativ yollar axtarır. Sürünə-sürünə bir təhər bitirməyə çalışır. Həvəssiz qəbul olduğu üçün dərsi dinləmir. Bu bir yana başqalarına da imkan vermir bir şey öyrənsin. “Day-day” da universitetə tapşırıb, gözünün üstündə qaşın var deyən yoxdur. Sosial ədalətsizlik digərlərini də bezdirir, səbirlərinin qalan hissəsi də tükənir, belələrinə qoşulur, palaza bürünüb el ilə sürünürlər. 1-2 il ikinci kurs oxudum, gördüm ki müəllim qiymətimi kəsir, mən də oxumağın daşını atdım… Mən də qiymət alıram, oxumuyan da… Elə mən də oxumaram, semestrdən semestrə “görüm baxım” edərəm…

Gəlir iş axtarmaq mərhələsi. Müxtəlif fürsətlər – müxtəlif şəraitdə müxtəlif maaşlı işlər çıxır. Amma axı biz azla qane olmağa öyrəşməmişik. İş (Yüksək vəzifə, yüksək maaş, az iş saatları, ürəyin istəyəndə gəl, ürəyin istəyəndə get) yoxdur… Varsa da adamım yoxdur (özüm bacarmıram axı imtahanlardan, müsahibələrdən keçim…) İntizamlı şəraitdə işləyə bilmir. Gördüm işdə rəis sıxışdırır, ərizəmi yazdım çıxdım… Mən götürə bilmirəm: kimsə mənə göstəriş versin ki, bunu elə onu elə…

İş tapsaq belə şikayətlər kəsilmir… Mən hamıdan çox işləyirəm, ən az maaş alıram… Mən olmasam şirkət batar… “Day-dayım” yoxdur, qabağa gedə bilmirəm… Təzə işə girəndə işə ciddi yanaşırıq. Bir müddət sonra işə gecikmələr, işdən icazələr, işi vaxtında görməmələr başlayır.

Saysaq çoxalacaq bu cür hallar. Səbəb isə çox az insanın sevdiyi, bildiyi, bacardığı işdə işləməsidir. Çox az insan ömür boyu mükəmməlliyə can atır. Çox az insan şükür etməyi bacarır və səbirlə, təmkinlə hərəkət edir. Nə işlə məşğul olursan ol, sevdiyin işlə məşğul ol. İşlədiyin işdə mükəmməlləş. Hər peşə sahibləri içində pul qazanmağı bacaranlar var. Mənin çox sevdiyim müəllimim Selim Sözdemir deyirdi: “Hər zaman insan işi seçmir, iş insanı seçir…”  

Son xəbərlər
Digər xəbərlər