8 C
Baku
Tuesday, March 19, 2024

İslam bankçılğı: əsas xüsusiyyətləri və maraqlı faktlar

İslam maliyyə sistemi anlayışı ötən əsrin 80-ci illərində peyda olub və son 10 il ərzində nəninki müsəlman, həmçinin əksər dünya ölkələrinin maliyyəçilərinin leksikonunda tez-tez istifadə olunan sözə çevrilib. Bu maliyyə institutu müasir dövrdə vacib rola malikdir. ABŞ və Böyük Britaniya da daxil olmaqla, müxtəlif ölkələrdə İslam dininə qulluq edən və ənənəvi bankların xidmətindən imtina edən vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb. Bu səbəbdən də, İslam bankçılığını öyrənmək dünya iqtisadiyyatında aktual mövzulardan biridir.

Banker.az saytı olaraq, bu maliyyə institutunun əsas prinsiplərini və ənənəvi bankçılıqdan açar mövqeli fərqlərini araşdırmaq qərarına gəldik.

İslam maliyyə sisteminin əsas xarakterik xüsusiyyətləri:

  1. Faiz dərəcəsinin qadağan olması.İslam maliyyə sistemində ilk qadağan olunan həqiqətən də, faiz dərəcəsinin təyin edilməsidir. İslam bankçılığında qaydalar şəriət qaydalarına əsaslanır. İslam gəlirin əldə edilməsinə şərait yaradır, lakin gəlir əldə etmək üçün faizdən istifadə edilməsini mühakimə edir. Axı bu cür fəaliyyət məhsulun yaradılmasına və cəmiyyətin rifahının artırılmasına gətirib çıxarmır.

 

  1. Riskin bölünməsi.Bank təqdim etdiyi borcun qarşılığında faiz təyin etmədiyindən, o mahiyyət etibarilə kreditor deyil, investor olmuş olur. Bununla da, kapital sahibi və sahibkar layihənin reallaşdırılması ilə bağlı bütün riskləri paylaşmış olur.

 

  1. Pullar— bu potensial kapitaldır. Bu pullar məhsuldar fəaliyyətə yatırıldığı təqdirdə real kapitala çevrilir.

 

  1. Spekulyativ davranışın qadağan olması.Bu qadağa ilə əlaqədar olaraq istənilən qumar oyunları, həmçinin törəmə maliyyə alətləri (derivativlər) ilə işləmək qadağan edilir. Çünki bunlarla əməliyyatlar əhəmiyyətli dərəcədə risk ilə xarakterizə olunur.

 

  1. Müqavilələrin toxunulmazlığı prinsipi. İslam bankçılığının qaydalarına əsasən, müqavilə öhdəliklərinin yerinə yetirilməsi müqavilə tərəfləri üçün ən vacib amil hesab olunur. Bunun sayəsində bütün iştirakçılar üçün risk səviyyəsi enmiş olur.

 

Ənənəvi banklardan əsas fərqləndirici xüsusiyyətləri:

İslam modeli çərçivəsində fəaliyyət göstərən bankların funksiyaları ənənəvi banklardan fərqlənmir: onlar da milli ödəniş sisteminin işini təmin edir və maliyyə vasitəçisi qismində çıxış edir. Yuxarıda da, qeyd etdiyimiz kimi, İslam bankçılığının əsas fərqi faizli ödəniş qismində gəlir əldə edilməsini xoş qarşılamaması və qadağan etməsidir. Lakin bununla belə, İslam prinsip olaraq gəlir əldə edilməsini pisləmir, burada sadəcə olaraq, fəaliyyətin nəticəsindən asılı olmayan maraq qadağan edilir. İslam etikasının qaydalarına görə, gəlir risk, əmək və zəhmətin mükafatlandırılması olmasıdır.

Şəriət qaydalarına əsasən, tütün, spirtli içki, silah ticarətini, həmçinin, pornoqrafiyanın və qumar oyunlarının inkişaf etdirilməsi və s. ilə bağlı fəaliyyəti maliyyələşdirmək qadağan olunur.

İslam bankçılığının yayıldığı ərazilər:

İlk İslam maliyyə təşkilatı 60-cı illərdə, daha dəqiq desək 1963-cü ildə Misirdə yaradılıb. Bu zaman Mit Ghamr əmanət bankı fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi ilə əməliyyatlar həyata keçirməyə başlayır.

Hazırda, İslam bankçılığına ilk növbədə müsəlman ölkələrində tələbat var. Lakin bununla belə, Avropa, ABŞ və Avstraliyada da İslam bankçılığı modeli ilə fəaliyyət göstərən banklara rast gəlmək mümkündür.

İran, Pakistan və Sudanda maliyyə sistemi tam olaraq İslam qaydalarına tabedir və bu ölkələrin bütün bankları İslam banklarıdır. Malayziya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bruney kimi müsəlman ölkələrində həm İslam, həm də ənənəvi banklara rast gəlmək mümkündür və qeyd etmək lazımdır ki, ənənəvi bankların sayı bu ölkələrdə kifayət qədərdir.

UBS və Citigroup kimi qeyri-müsəlman maliyyə təşkilatları da şəriət qanunları əsasında kreditləşmə fəaliyyəti ilə məşğul olur. Avropalı biznes məktəblərdə isə gündən-günə İslam maliyyə modeli əsasında fakültə və filiallar açılmaqdadır.

Son xəbərlər
Digər xəbərlər