İxtisarlar aparılarkən nələrə diqqət yetiriləcək? – yeni qaydalar

01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə işçilərin sayının azalması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilərkən tətbiq edilən yeni qaydalar” mövzusunda

“Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” 31.05.2017-ci il tarixli qanunun 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsi ilə əlaqədar işçilərin sayının azalması və ya ştatların ixtisarı əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi zamanı bir sıra yeni prosedur qaydalar nəzərdə tutulmuşdur. Bu barədə məqalənin əsas hissəsində əvvəlki və yeni proseduru izah etməyə çalışacağıq.

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. Yeni dəyişikliklərədək göstərilən əsaslarla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməli, iki ayın tamamında isə orta əmək haqqı məbləği həddində işdənçıxarma müavinəti və Məşğulluq İdarəsindən alınmış müvafiq arayışlara əsasən işçinin işdən çıxarıldığı gündən yeni işə düzələcəyi günədək 2-ci və 3-cü aylar üzrə orta əmək haqqı ödənilməli idi.

Bununla yanaşı əvvəlki normalara görə işəgötürən tərəfindən işçinin razılığı ilə 2 aylıq xəbərdarlıq müddəti əvəzinə işçiyə 2 aylıq əmək haqqını birdəfəlik ödəməklə əmək müqaviləsinə xitam verilə bilərdi.

01 yanvar 2018-ci il tarixdən isə artıq tamamilə yeni prosedur qaydalar tətbiq olunmağa başlandı. Bu qaydalara görə işçiyə müqavilənin xitamından əvvəl verilən xəbərdarlıqla müddətində, orta aylıq əmək haqqı məbləğində ödənilən işdənçıxarma müavinətində və xəbərdarlıq müddəti əvəzinə işçinin razılığı ilə ödənilən birdəfəlik əmək haqqı məbləğində işçinin stajı nəzərə alındı. Onu da qeyd etmək zəruridir ki, bu staj sırf işçinin hazırda işlədiyi müəssisədə olan stajı deyil, ümumi stajını nəzərdə tutur.

Yeni dəyişikliklərə əsasən artıq işəgötürən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməzdən əvvəl işçini rəsmi xəbərdar edərkən aşağıdakı qaydada onun stajını nəzərə almaqla müddətlərə diqqət etməlidir:

İşçinin

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdar etmə həyata keçirilməldir.

Həmçinin dəyişikliklərə görə işəgötürən müqaviləyə müvafiq əsaslarla xitam verdikdə yenə də işçinin stajını nəzərə alaraq aşağıdakı qaydada işdənçıxarma müavinəti ödəməyə borcludur:

İşçinin

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməlidir.

Bu hissədə xatırlatmaq yerinə düşərdi ki, bu qaydalarda göstərilən orta aylıq əmək haqqının hesablanması zamanı işçinin ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: işçi 300 AZN əmək haqqı (Gross və ya hesablanmış əmək haqqı) alır, yanvar ayının 31-i müqaviləsinə xitam verilir və onun yanvar ayından əvvəlki iki aylıq (noyabr və dekabr) əmək haqqı cəmi 600 AZN-dir. Bu halda 600-ü iki ayda olan cəmi 42 iş gününə bölərək bir günlük əmək haqqının 14.3 AZN olduğunu tapırıq. Sonra isə bu məbləği yanvar ayında işçinin işlədiyi iş günlərinin sayı qismində 20-yə vuraraq orta aylıq əmək haqqının 286 AZN olduğunu müəyyən edirik.

Bununla yanaşı yeni qaydalara görə işçi tərəfindən işəgötürənin tətbiq etdiyi xəbərdarlıq müddətini gözləmədən razılığa əsasən əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi zamanı da işçinin stajı nəzərə alınır. Bu halda isə işçiyə ödəniləcək birdəfəlik əmək haqqı məbləği aşağıda göstərilən məbləğlərdən az olmamalıdır.

İşçinin

bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.5 misli

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 0.9 misli

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının 1.4 misli

on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik əmək haqqı ödənilməlidir.

Göstərilənlərlə yanaşı xatırlatmaq mümkündür ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən birdəfəlik məbləğlər 14% dərəcə ilə tətbiq edilən gəlir vergisindən və 3% dərəcə ilə tətbiq olunan məcburi dövlət sosial sığorta haqqından tamamilə azaddır.

Yekunda isə bildiririk ki, yeni qaydalara əsasən artıq işəgötürən tərəfindən işdən çıxarıldığı gündən yeni işə düzələnədək olan 2-ci və 3-cü aylar üzrə işçiyə Məşğulluq İdarəsi tərəfindən verilmiş arayışa əsasən ödənilən müavinətlər ləğv olunmuşdur.

Müəllif:
Hüquqşünas, Şəhriyar Həbilov

📝 RƏY BİLDİR