16 C
Baku
Friday, April 19, 2024

Just did it: Adidas böhrandan necə çıxa bildi?

Adidas şirkətinin üzləşdiyi çətin vəziyyətin və böhranın pik nöqtəsi 2014-cü ilə təsadüf etdi. Bu zaman şirkətin səhmləri 40% dəyərdən düşmüşdü. Lakin indi belə görünür ki, bütün xoşagəlməzliklər geridə qalıb. 2016-cı ilin ikinci rübündə Adidas şirkətinin ABŞ-da ümumi satış həcmi 23% artıb. Originals markasının və qaçış üçün modellərin satış həcmi isə 60% yüksəlib. Şirkətin ikinci pillədəki yerini geri qaytarıb, kapitalizasiyasını demək olar ki, ikiqat artırıb və Nike şirkətindən geri qalma səviyyəsini azaltmaq niyyətindədir.

Banker.az şirkətin buna necə nail olduğundan bəhs edəcək:

Dünya idman ayaqqabıları bazarının 40% və dəbli trendlərin 100%-i ABŞ-ın payına düşür. Dünyanı “ələ keçirmək” üçün AB bazarında qalib gəlmək lazımdır. Adidas 20 ildən çoxdur ki, Nike şirkəti ilə bərabər səviyyədə rəqabət apara bilmir. Son zamanlar isə vəziyyət daha da pisləşmişdi. 2014-cü ildə satış həcmi 20% enmişdi. Vəziyyəti dəyişməyə isə şirkətin Şimali Amerika bölməsinin yeni direktoru Mark King nail oldu.

Mark King-in əsas nailiyyətlərindən biri Portland-də Adidasın ilk amerikalı dizayn studiyasının açılışı oldu. Bu zamana qədər isə modellər üzərində iş ilə brendin alman baş-qərargahında məşğul olurdular. Adidasın yeni yaradılan studiyasına dərhal olaraq Nike şirkətinin 3 dizayneri – Denis Dekoviç, Mark Dolçe və Mark Mayner cəlb edilir. Daha sonradan Nike şirkəti sözügedən bu 3 əməkdaşını məhkəməyə vermiş və şirkətin yaratdığı dizaynı rəqibə verməklə ittiham etmişdi. 2015-ci ilin yayında tərəflər məsələni məhkəmədən öncə həll edirlər.

Şirkətin amerikalı marketoloqları aşkar edirlər ki, şirkət çox ləng işləyir. Modelin ilk çertyoj halından hazır vəziyyətə gətirilməsi üçün 18 ay tələb olunur. Brend bu prosesə çox zaman itirilməməsi üzərində işləyir. İstehsalatın yenidən təşkil edilməsi artıq öz bəhrəsini verir. Məsələn, yeni NMD modeli avqust ayında 3, sentyabr ayında isə 6 dəfə yenilənib. Tərzin və rəngin tez-tez dəyişdirilməsi gənc müştərilərin məhsul piştaxtadan getməmiş onu əldə etmək arzusunu yaradır.

Adidas şirkəti son iki ildə öz uğurlarını klassik modellər olan Superstar və xüsusən də Stan Smith idman ayaqqabılarına borcludur.

Retro tərzində olan idman ayaqqabıları ABŞ-da ən çox tələbat olan məhsullardır. 2015-ci ildə bu seqment idman ayaqqabıları bazarının 20%-ni təşkil edirdi. Bununla yanaşı, Adidas şirkətinin arsenalında retro tərzində daha çox model var. Belə ki, Adidas şirkəti 1949, Nike 1964, Under Armour isə 1996-cı ildə yaradılıb.

2011-ci ildə Stan Smith modelinin ilk buraxılışından 50 il sonra Adidas bu modelin istehsalını dayandırdı. Bu model məşhur amerikalı tennisçi Stan Smith-in şərəfinə belə adlandırılmışdı. Modelin pərəstişkarları uzun müddət sosial şəbəkələrdə şirkətin bu addımını tənqid etdilər. Adidas “Dəbin qlobal ikonası” adlandırdığı bu brendi 2014-cü ildən yenidən bazara qaytardı. Modelin yenidən buraxılması idmançıların və şou-biznes ulduzlarının iştirak etdiyi böyük PR kampaniya ilə müşayiət edildi. Nəticədə keçən il ərzində 8 milyon bu modeldən satıldı.

İlin əvvəlindən başlayaraq Adidas şirkətinin sosial şəbəkələrdə auditoriyası Nike şirkətinin sahib olduğundan daha sürətlə inkişaf edir.

2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatı zamanı Adidas YouTube-da öz reklam çarxlarına 9 milyon baxış sayı qazanmışdı. Nike isə 3 dəfə az olan bir göstəriciyə sahib idi. Turnir başa çatdıqdan bir gün sonra alman şirkətinin səhmlərinin dəyəri 3%, yəni 1 səhm üçün 48,7 dollardan 50,2 dollara qalxmışdı.

Bu yay Fransada təşkil edilən futbol üzrə dünya çempionatı zamanı da Adidas daha fəal idi. #firstneverfollows hashtagi sayəsində Adidas sosial şəbəkələrdə Nike şirkətindən dəfələrlə daha çox xatırlanmışdı. Çempionatın davam etdiyi cəmi 30 gün ərzində Adidas sosial şəbəkələrdə 1,17 milyon pərəstişkar paylaşımı toplamışdı. Bu isə əsas rəqibinin sahib olduğu göstəricidən iki dəfə çox idi.

 

Son xəbərlər
Digər xəbərlər