Kanadanın “Chevron” şirkətində çalışan azərbaycanlının uğur hekayəsi

“Chevron”da çalışan həmyerlimiz Famil Qarayev: “Azərbaycanda yaşayan vaxt Kanadada iş tapmışdım” 

Onun təcrübəsi ilə bir təlimdə tanış olmuşdum. Orda təlim iştirakçılarının diqqətini çəkən təqdimat etmişdi. Azərbaycanda yaşayıb Kanadada necə iş tapması ilə bağlı danışmışdı. Düşünür ki, çalışqan olmaq, öz üzərində işləmək hər yerdə vacibdir. Bunlara riayət edildiyi halda müvəffəqiyyət qazanmağın mümkün olduğunu deyən müsahibimiz Kanadada qlobal neft-qaz şirkəti “Chevron”da çalışan həmyerlimiz Famil Qarayevdir.

 

Qeyd edək ki, F.Qarayev 1982-ci ildə Şəkidə şəhərində anadan olub. 1999-cu ildə Sumqayıt Özəl Türk Texniki litseyindən (indiki İstək litseyi) məzun olaraq təhsilini İqtisad Universitetində iqtisadi kibernetika sahəsində davam etdirib: “2003-cü ildə məzun olduqdan sonra bir il yarım Almaniyada yaşamışam. Orda oxuyurdum, işləyirdim. 2005-ci ildə Amerikaya köçməyə qərar verdim, Kaliforniya Dövlət Universitetində MBA proqramı ilə maliyyə sahəsində magistratura oxudum, eyni zamanda işləyirdim. ABŞ-da təhsilimi bitirdikdən sonra 2009-cu ildə Azərbaycana qayıtdım. Azərbaycanda qaldığım iki il müddətində professional karyeramı BP şirkətində təchizat sahəsində davam etdirdim. 2011-ci ilin dekabr ayında Kanadaya köçdüm, bir il BP-nin Kanada bölməsində işlədim. 2013-cü ilin yanvarından “Chevron” şirkətində təchizat şöbəsində işləyirəm”.

– Kanadaya getmək üçün ilk cəhdiniz deyəsən, uğursuz alınıb…

– Bəli, hələ Amerikada olanda – 2008-ci ildə Kanadaya imiqrasiya üçün müraciət etmişdim, amma rədd cavabı verilmişdi. Lakin bu istəyimdən vaz keçmədim, ABŞ, ya da Kanadada yaşamaq, çalışmaq istəyirdim. 2010-cu ildə yenidən Kanadaya professional işçi proqramıyla immiqrasiyaya müraciət etdim və bu dəfə müvəffəqiyyətli oldum.

 

 

– İş həyatına Almaniyada olanda başlamısınız?

– Almaniyada işləmişəm, amma onu karyera cəhətdən ciddi iş adlandırmazdım. İlk ciddi iş həyatına Amerikada başlamışam. Təhsillə bağlı konsultasiya verən bir şirkətdə baş mühasib idim. 3 il orda çalışdım, ilk ciddi iş təcrübəmə orda başlamışam.

 

– Kanadada işə qəbul olunmağınızla bağlı maraqlı bir tarixçə vardı, təlimdə danışmışdınız…

– Bəli, mən orda Azərbaycanda ola-ola Kanadada iş tapmağımı danışmışdım. İş üçün müraciət edəndə CV-yə Kanada ünvanı, nömrəsi yazdım ki, orda işəgötürənlər baxanda ciddiyə alsınlar. Bir sistem var, onlar vasitəsilə Kanada nömrəsi alırsan, amma zəng Azərbaycan nömrənə gəlir. Bu yönləndirilmə ilə baş verir. Mən bu sistemdən istifadə etdim. Şirkət nümayəndələri Kanada nömrəmi yığanda zəng mənim Bakı nömrəmə gəlirdi. Beləliklə, Kalqari şəhərində yerləşən yerli neft-qaz şirkətlərindən birinə müsahibəyə çağırdılar, getdim və iş təklifi etdilər. Mən gəlib Bakıda BP-dəki müdriyyətimə bu haqda dedim. Məni itirmək istəmədikləri üçün BP-nin Kanada bölməsinə işə aldılar.

 

– Şirkətdaxili transfer olsa da, nəticədə fərqli bir mühitə düşmüşdünüz. Xaricdə işə yeni başlayarkən hər hansı çətinlik oldumu? 

– Oradakı insanların istər professional, istər də adi psixologiyası bizdən fərqlidir. İkincisi, dil məsələsini deyə bilərəm. Əgər ingilis dili sənin ikinci dilindirsə, ilk vaxtlar orda çətinlik çəkirsən. Bəzən onların nə dediyini başa düşmürdüm, bəzən onlar mənim danışdığımı. Bu zaman adama bir az təsir edir ki, sən nəsə deyirsən, onlar “nə”, “nə”, nə” deyə sual verirlər. Düşünürdüm ki, bəlkə mənə diskriminasiya edirlər deyə, belə davranırlar, yoxsa məni lağa qoyurlar, ya bəlkə bu, mənə elə gəlir? Bu baryerləri aşmaq lazımdır. İlk çətinliklər onlar olur. Amma şəxsi təcrübəmdən deyim ki, əgər çalışqan adamsınızsa, öz üzərinizdə işləyirsinizsə, harada çalışıb, yaşamağınızdan asılı olmayaraq müvəffəqiyyətli olacaqsınız.

 

 

– Sizcə, müvəffəqiyyətli olmaq üçün necə çalışmaq lazımdır?

– İnsan hazırkı mövqeyindən heç vaxt razı olmamalı, davamlı inkişafa meyil etməlidir. Mən heç vaxt bir yerdə qalmağı xoşlamıram. Amma bu o demək deyil ki, tez-tez işimi dəyişirəm. Sadəcə, öz şəxsi və professional keyfiyyətlərini inkişaf etdirmək lazımdır. Bu ingilis dilini inkişaf etdirmək ola bilər, yaxud əlavə başqa xarici dil öyrənmək. Məsələn, mən təchizat sahəsində çalışıram, amma arada başqa sahələrə də maraq göstərirəm, jurnalistikaya marağım var, yazılar yazıram. O nöqteyi-nəzərdən inkişaf deyirəm. Bir də insanlarla ünsiyyət bacarıqlarını inkişaf etdirmək önəmlidir. Mən əvvəllər utancaq idim, Azərbaycan mühitində böyümüşdüm, özümü ifadə etməkdən çəkinirdim. Amma istər-istəməz ora gedəndə görürsən ki, ağzını açmasan, fikrini bildirməsən professional karyerada irəliləmək mümkün deyil. Bir də yerlilər bir saat işləyirsə, sən xaricisən, imiqrantsan, iki saat işləməlisən. Onlar saat 8-də gəlib, 5-də çıxırlarsa, sən 7-də gedib, 6-da çıxmalısan. Misal üçün deyirəm. Elə bir şərt yoxdur, sadəcə, sən məqsədləri olan insansansa, nəyəsə nail olmaq istəyirsənsə, bir az daha çox çalışmalısan.

 

– Maraqlıdır, siz indi hansı rejimlə işləyirsiniz? 

– İşə gəlib-getməklə bağlı konkret vaxt dilimi yoxdur. Müqavilə imzalayanda orda qeyd olunur ki, 09:00-15:00 arası ofisdə olmalısan. Ümumilikdə iş rejimimiz iki həftədə 90 saatdır. Bir həftə 5 gün işləyirik, bir həftə 4 gün. Yeddi, səkkizin yarısı işə gedirəm. 7-də gedirəmsə, 4-də çıxa bilərəm, 8-də getsəm, 5-də. Amma heç kim qapının yanında durub yoxlamır ki, Famil nə vaxt gəlib-getdi. Sadəcə olaraq işimə baxıram, nə vaxt bitsə, çıxıram. Bəzi insanlar 6-da gəlib 3-də çıxırlar. Orda insanlar işə daha tez başlamağı sevirlər. 8-dən gec heç kim işə gəlmir. Heç kim də 5-6-dan sonra işdə qalmır. Vaxtında gedib ailəsinə vaxt ayırır.

– Siz də o rejimə öyrəşmisiniz?

– Dediyim kimi, əgər iddialı insansansa, yaxşı şeyləri mənimsəməlisən. Gündəlik eyni rejimlə işə gedib-gəlmirəm. Bəzən tez gedib, gec çıxıram, bəzən işdən sonra yarım saat, bir saat ehtiyac olanda evdən də işləyirəm. Məzuniyyətimi adətən, Bakıda keçirirəm. Bakıda olanda da, işlə bağlı e-mailləri cavablandırıram, nəsə lazım olanda onlayn da işləyirəm. Bir az məsuliyyətli insan olduğum üçün istəmirəm ki, mən məzuniyyətdə olanda işdə nəsə axsamalar olsun. Amma tətildə olanda işləməklə bağlı belə tələb qoyulmur. Heç kimin tətildə olan işçini narahat etmək ixtiyarı yoxdur. Məzuniyyətdəyəmsə, bu gün gələn məktuba iki həftə sonra cavab verə bilərəm. Heç kim bunu problem etməz.

 

– İş həyatında uğurlu olmağın bir tərəfi də əlaqələrin geniş olmasıdır. Yeni mühitə düşəndə bu, sıfır səviyyəsində olur. Bu əlaqəni necə qurdunuz?

– Professional olaraq “Linkedin” vasitəsilə əlaqə qururdum. Mən təchizat sahəsindəyəm, işim fərqli şirkətlərin nümayəndələri ilə görüşməkdir. Hər dəfə görüşəndə, yeni insanlarla tanış olurdum, beləcə əlaqələr qurulurdu. Əgər iş axtarışındasansa, bu zaman professional münasibət qurmağa daha çox ehtiyac olur. Mən isə iş cəhətdən bir az rahat idim, amma qarşı tərəfin maraqlı insan olduğunu görəndə yenə də münasibətləri qurursan. Maraqlı insanlarla ünsiyyət qurmağa çalışıram.

 

 

– 5 ildir ki, “Chevron” şirkətindəsiniz, işi dəyişmək haqqında heç düşünməmisiz?

– Professional olaraq – xüsusilə, Qərbdə – belədir ki, bir-iki il işləyəndən sonra maraq üçün ətrafa baxmağa başlayırsan. Bu o demək deyil ki, elə təklif gələn kimi işi dəyişirsən. Mən də davamlı olaraq inkişaf nöqteyi-nəzərdən axtarışlarda olmuşam. Misal üçün, indi mənim komandamda iki-üç nəfər var, amma 15-20-30 nəfərlik komandanı idarə etmək istəyirəm. O nöqteyi-nəzərdən bəzi işlərlə maraqlanmışam. Amma eyni zamanda iş axtaranda mənim sahəmdə olan şirkətlərin hansının daha yaxşı maaş təklif etdiyinə, hansının şərtlərinin daha uyğun olduğuna da fikir verirəm. Müqayisədə görmüşəm ki, hazırda çalışdığım sahədə Kanadada istər maaş cəhətdən, istər işdəki atmosfer baxımından, istər də şirkətin yaratdığı professional inkişafla bağlı işlədiyim şirkət ən idealıdır. Ona görə başqa bir yerə keçməyi hələ ki düşünmürəm. Nəyi planlayıram? Bununla bağlı rəhbərliyə müraciət də etmişəm. Şirkət daxilində fərqli ölkələrə getmək, yəni, şirkətdaxili transfer istəyirəm. Misal üçün bizim Qazaxıstanda ofisimiz var, məni ora göndərmələrini istəyərəm. ABŞ da ola bilər.

 

– Eyni yerdə oturmaq darıxdırıcı gəlir deyə, şirkəti yox, mühiti dəyişmək istəyirsiniz?

– 5 ildir burdayam, şirkətdaxili müəyyən dəyişikliklər olub. Amma 3-cü ilin sonundan menecmentə müraciət etmişəm ki, fərqli yerdə, başqa vəzifədə çalışmaq, yeni keyfiyyətlər əldə etmək istəyirəm. Eyni yerdə saymağı, eyni işi illərlə görməyi sevmirəm. “Chevron”u seçməyimin səbəbi odur ki, qlobal şirkətdir, dünyanın müxtəlif yerlərində ofisləri var. O nöqteyi-nəzərdən şirkətdaxili imkanlar çoxdur. Bir yerdə ofisi olsaydı, imkanlar az ola bilərdi. Amma “Chevron”, BP kimi şirkətlərdə şirkətdaxili imkanlardan da yararlanmaq olur.

 

– Qeyd etdiniz ki, orda işləyəndən sonra gəlib Azərbaycanda işləmək çətin olur. İş mühiti arasında fərq nələrdir?

– Mən orda BP-dən başqa şirkətdə çalışmadığım üçün birbaşa müşahidə etməmişəm. Amma ondan-bundan eşidirəm. Nə qədər doğru olmasını deyə bilmərəm. Düşünürəm ki, gəlib yerli şirkətdə işləsəm problemdir, amma BP-də işləsəm, problem olmaz. Çünki ordakı iş rejimi xaricdəki kimidir. Amma yerli şirkətlərdə müdriyyətlə problem və s. çox olur. Məsələn, belə yerlər var ki, müdir axşam 7-8-ə kimi işdə oturur, işçilər də məcbur olub o saata qədər qalırlar. Mən sərbəst rejim sevirəm, istəmirəm kimsə başımın üstündə dursun. Kanadada belədir ki, müdriyyət bir proyekti sənə tapşırıb deyir ki, 3 ay sonra təhvil ver. Addımbaaddım başının üstündə durmur ki, işi görürsən, yoxsa yox. Nəticəni tələb edirlər. Orda işçinin professional inkişafına da önəm verirlər, treninqlərə göndərirlər. Bir də maaş məsələsi var. Amma bunlarla da iş bitmir. Misirdə çalışıb qayıdan bir iş yoldaşımız vardı. Oradan niyə qayıtdığını soruşurduq. Deyirdi ki, Misirdə həyatım məsud idi, məsələ ondadır ki, mənim həyatımın super olması ilə iş bitmir. Ətrafdakı insanların maddi vəziyyəti yaxşı olmayanda bu, istər-istəməz adamı sıxır.

– Həm də Kanadada Azərbaycan cəmiyyətinin rəhbəriydiniz…

– Bəli, bu cəmiyyəti Kalqaridəki həmyerlimiz və hazırda təşkilatın vitse-prezidenti Səbinə İskəndərova yaradıb. Cəmiyyətimizin artıq 12 yaşı var. Mən isə cəmiyyətimizin üzvləri tərəfdən 2015-ci ildə 2 illik müddətə prezident seçilmişdim.

 

– Uğurun siri nədir?

– Özümü uğurun sirrini biləcək qədər uğurlu hesab etmirəm. Əgər siz uğurlu olduğumu düşünürsünüzsə, buna əsasən cavab verim. Məsuliyyətli olmaq, verdiyi sözün üstündə durmaq, hər zaman öz üzərində çalışmaq, davamlı inkişaf, insanlarla ünsiyyət qurmaq qabiliyyəti, başqa insanların fikirlərinə həmişə hörmət etmək və s. Bunlara riayət etməklə işdə, dostlar arasında müəyyən hörməti qazanmışam. Bir də ki, məsələnin mənəvi tərəfi də var. Bol-bol dua edirəm, ailəmin, həyat yoldaşımın, valideynlərimin, dostlarımın dəstəyi var. Kompleks bir şeydir. Yeganə bir faktorla uğurlu olmaq olmur. Zəncirvari bağdır, biri qırılanda hamısı dağılır.