13 C
Baku
Friday, April 26, 2024

Kapital Bankın rəhbəri əmanətlər barəsində

Sualları Kapital Bankın Idarə heyətinin sədr Elmar Məmmədov cavablandırır

    Elmar müəllim, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, “Kapital Bank” ASC keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilmişdir.

Bankda bu istiqamətdə hazırlıq işləri necə gedir?

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanının tarixi əhəmiyyətinə toxunmaq istərdik.

Fərmanda da, qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən məlum proseslərin təsiri ilə ümumilikdə bütün postsovet məkanında, o cümlədən Azərbaycanda vətəndaşların Əmanət Bankındakı əmanətlərinin kəskin şəkildə ucuzlaşması müstəqil Azərbaycan dövlətinə keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri idi.

Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilərək 1993-cü və 1995-1997-ci illərdə onlara görə kompensasiyalar verilsə də, bu kompensasiyanı əmanətçilərin yalnız bir qismi almışdı. Əmanətçilərin böyük bir qismi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmişdi. Ona görə də həmin əmanətlərin dəyəri keçən müddət ərzində xeyli azalmışdı. Ümumilikdə, bu məsələnin həlli yollarının tapılması aktual mövzulardan biri kimi müxtəlif səviyyələrdə tez-tez gündəmə gətirilirdi. Bu baxımdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Fərman məsələnin optimal həllinə  yönəlməklə, müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, sosialyönümlü siyasət yürüdən Azərbaycan dövlətinin daim öz vətəndaşlarının maraqlarından çıxış etməsi faktının daha bir təzahürünə çevrildi.

Bu Fərmanda respublikamızın son illər qazandığı mühüm sosial-iqtisadi nailiyyətlərə əsaslanaraq, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınmışdır. Digər əhəmiyyətli cəhətləri ilə yanaşı, belə bir addım, həm də müstəqil Azərbaycan dövlətinin tərəqqisində əməyi olmuş vətəndaşlarımızın ölkənin inkişafına verdikləri töhfələrə dövlət tərəfindən daha bir qiymətdir. Vətəndaşlarımızın maddi durumuna müsbət təsir göstərməklə bərabər, bu Fərmanın mənəvi dəyəri də kifayət qədər böyükdür.

“Kapital Bank” ASC-nin birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilməsi isə Bank üçün yüksək qürur mənbəyi olduğu qədər, həm də böyük məsuliyyətdir. Belə geniş miqyaslı bir prosesdə üzləşə biləcəyimiz mümkün problemlərin, çətinliklərin də fərqindəyik. Bildiyiniz kimi, aradan 20 il vaxt keçib. Bu müddətdə bir sıra dəyişikliklər baş verib. Bəzi sənədlər öz hüquqi qüvvəsini itirib, vaxtilə əmanət qoyulmuş kassaların bağlanması ilə əlaqədar olaraq müəyyən qrup əmanətçilərə aid arxiv sənədlərinin Bankın bir struktur bölməsindən digərinə yerdəyişməsi həyata keçirilib və s.

Xüsusilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş rayonlarımıza aid əmanətçilərin bəzi arxiv sənədlərinin vaxtilə o rayonlardan çıxarılmasının mümkün olmaması bir sıra ciddi problemlər doğurur. Bütün bunlara baxmayaraq, Kapital Bank bu Fərmanın icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcək, bu prosesin vətəndaşlar üçün maneəsiz və mümkün qədər asan bir formada həyata keçirilməsinə çalışacaq. Bu məqsədlə Bankda hazırlıq işlərinə Fərman qüvvəyə mindiyi ilk gündən başlanıb.

Hazırlıq prosesi, əsasən, hansı tədbirləri əhatə edir?

– Bildiyiniz kimi, fərdi ödəmələrin verilməsi prosesinə 1 iyun 2012-ci il tarixindən başlanacaq. Ödəmələrin verilməsi üçün vətəndaşlardan sənədlərin qəbulu 1 iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək davam etdiriləcək. Ümumən, fərdi ödəmələrin verilməsi prosesinin özü isə 31 dekabr 2013-cü il tarixinədək başa çatdırılacaq.

Əmanətçilərdən ərizələrin qəbuluna hələ iki ay qaldığından indiki mərhələdə Kapital Bankın üzərinə düşən əsas vəzifələr müəyyən təşkilati məsələlərin həlli, bu prosesdə vətəndaşların maksimum rahatlığının təmin olunması, onların mümkün qədər az vaxt və zəhmət sərf edərək fərdi birdəfəlik ödəmələri ala bilmələri üçün uyğun mexanizmlərin işlənib hazırlanmasıdır. İndi bu istiqamətdə davamlı işlər gedir.

Vətəndaşlar arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, onları maraqlandıran sualların cavablandırılması da son dərəcə mühüm məsələlərdəndir. Biz bu sahədə mövcud imkan və vasitələrdən maksimum faydalanmağa çalışırıq. Vətəndaşları maraqlandıran suallara aydınlıq gətirmək məqsədilə ilk günlərdən Kapital Bankın Baş Ofisində “Qaynar xətt” açılıb. 498-84-52 nömrəli “Qaynar xətt”ə hər gün yüzlərlə sual daxil olur və cavablandırılır. Eyni zamanda, [email protected] ünvanı vasitəsilə vətəndaşlardan elektron müraciətlərin qəbulu imkanları da təmin edilib. Hər bir vətəndaş müraciətinə qısa müddət ərzində yazılı formada cavab verilir.

Bundan başqa, Bankın www.kapitalbank.az saytında sırf fərdi birdəfəlik ödəmələrlə bağlı xüsusi bölmə yaradılıb. Burada vətəndaşlar fərdi birdəfəlik ödəmələrə dair Fərman və Qaydalarla tanış ola, ümumi xarakterli bir çox suallara cavab tapa bilərlər. Bölmədə yerləşdirilmiş kalkulyator vasitəsilə 1 yanvar 1992-ci il tarixinə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini hesablamaq mümkündür.

Bölmədə kassaların dislokasiyası cədvəli də yerləşdirilib. Bu da son dərəcə əhəmiyyətli məsələlərdəndir. Bildiyiniz kimi, əmanətlərin yerləşdirildiyi dövrdə hələ təkcə Bakı şəhərindəki əmanət kassalarının ümumi sayı təqribən 200-ə qədər idi. Respublika üzrə isə bu rəqəm 1132-ə çatırdı. Sonrakı dövrlərdə bu sahədə baş vermiş dəyişikliklərin, əmanət yerləşdirilmiş bir çox kassaların indi faktiki mövcud olmamasının vətəndaşlar üçün yarada biləcəyi çətinlikləri nəzərə alaraq Kapital Bankın filialları üzrə dislokasiya cədvəli hazırlanmışdır. Yəni, vətəndaş bu cədvəldən istifadə etməklə əmanət kitabçasındakı kassa nömrəsinə əsasən, fərdi birdəfəlik ödəməni almaqdan ötrü Kapital Bankın hansı filialına müraciət etməli olduğunu asanlıqla müəyyənləşdirə bilər.

Maarifləndirmə tədbirləri Kapital Bankın filiallarında da həyata keçirilir. Filialların inzibati binalarında maarifləndirici plakatlar, dislokasiya cədvəlləri asılıb, əmanətçilərə hüquqi yardım üçün lazımi imkanlar təmin edilib.

 Əmanətçilər fərdi birdəfəlik ödəməni almaq üçün banka hansı sənədləri təqdim etməlidirlər?

     Fərdi birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  •      əmanət (bank) kitabçası, yaxud Xüsusi Komissiyanın qərarı əsasında verilən və əmanət kitabçasını əvəz edən sənəd;
  •     Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və onun notarial qaydada təsdiq olunmuş surəti;
  •      soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  •      vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı.

Ərizə nümunələri vətəndaşlara Bankın filiallarında təqdim olunacaq. Eyni zamanda, yaxın vaxtlarda ərizə nümunələrinin Bankın saytında yerləşdirilməsi nəzərdə tutulur. İnternet istifadəçisi olan vətəndaşlar bu imkandan istifadə edə bilərlər. Ərizə nümunələrinin saytdan çap edilib doldurulması və digər müvafiq sənədlərlə birgə filiallara hazır formada gətirilməsi əlavə vaxt itkisini aradan qaldıracaq. İnanırıq ki, 1 iyun 2012-ci il tarixindən sonra müvafiq sənədlərin qəbulu və fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində vətəndaşların ciddi narahatlığına səbəb olan hər hansı bir problem ortaya çıxmayacaq. Kapital Bankın malik olduğu zəngin tarixi təcrübə, geniş və müasir standartlara uyğun xidmət şəbəkəsi, maddi-texniki bazası, peşəkar kadr potensialı bu prosesin layiqincə, yüksək operativlik və şəffaflıqla həyata keçirilməsi üçün imkan yaradır.

Bir məqamı da vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, müraciətin vaxtı ilə bağlı narahatlıq keçirmək üçün heç bir səbəb yoxdur. Sənədlərin qəbulu üçün ayrılmış müddət kifayət qədər böyükdür. 7 ay müddətində hər kəs öz sənədlərini Banka təqdim edə biləcək. Sadəcə olaraq, ilk günlərdə hamının kütləvi şəkildə müraciət etməsi böyük növbələrə səbəb ola, əmanətçilər üçün də, Bank üçün də müəyyən çətinliklər yarada bilər. Ona görə də fərdi birdəfəlik ödəmə üçün müraciət edəcək vətəndaşlarımızın bu kimi amilləri nəzərə almalarını, müraciət üçün uyğun bir vaxt seçmələrini xahiş edərdik.

Eyni zamanda, dünyasını dəyişmiş əmanətçilərin vərəsələrinə tövsiyə edərdik ki, əlavə vaxt itkisinə yol verməmək üçün indidən ərazi üzrə müvafiq notariat, yaxud məhkəmə orqanlarına müraciət etməklə vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədi əldə etsinlər.

 Fərdi birdəfəlik ödəmələrin verilməsi bu addımın əhəmiyyətindən irəli gələrək cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Bu mövzuda aparılan təhlillərdə bir sıra mübahisəli məqamlar da nəzərə çarpır. Məsələn, xüsusilə əmanətçilərin sayı barədə səsləndirilən rəqəmlər arasındakı fərqlər bir çoxlarında mübahisə doğurur.

Kapital Bankda qorunan arxiv məlumatlarına əsasən, bu kateqoriyaya aid əmanətçilərin 1 yanvar 1992-ci il tarixinə olan dəqiq sayı nə qədərdir?

– Məlumat üçün bildirim ki, “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” 26 oktyabr 2005-ci il tarixli Sərəncamın icrası prosesində SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərə dair arxiv məlumatları bir daha sistemləşdirilmiş, sənədlərin elektron arxivi yaradılmışdır. 2005-ci ildə 1 yanvar 1992-ci il tarixinə mövcud olan əmanət hesablarından 1,939 min hesabın inventarlaşdırılması aparılmışdır. Qalan 460 min əmanət hesabı ilə bağlı arxiv sənədlərində isə müəyyən qeyri-dəqiqliklər olduğundan həmin hesablara dair məlumatların birbaşa vətəndaşlar tərəfindən təqdim edilən əmanət kitabçalarındakı məlumatlarla tutuşdurma əsasında bir daha dəqiqləşdirilməsinə ehtiyac vardır.

Nəticə etibarilə, bu iki göstəricinin cəmi, 1 yanvar 1992-ci il tarixinə 2,399 min əmanət hesabının olduğunu söyləməyə əsas verir. Lakin onu da nəzərə almaq lazımdır ki, 2005-ci ildən, sonuncu Fərmanın imzalandığı tarixə qədər olan müddətdə də müəyyən hesabların bağlanması hallarına təsadüf edilmişdir. Bütün bu amilləri nəzərə alaraq hazırda ümumi məlumatların bir daha dəqiqləşdirilməsi istiqamətində iş gedir.

– Belə fikirlər səslənir ki, eyni bir əmanətçinin müxtəlif hesablarına münasibətdə olduğu kimi, guya, bir ailənin ayrı-ayrı üzvlərinin adlarına açılmış əmanət hesablarındakı qalıqlar da ümumiləşdiriləcək və fərdi birdəfəlik ödəmə məbləği buna uyğun hesablanacaq.

Bu, nə dərəcədə doğrudur?

– Bu fikrin heç bir hüquqi əsası yoxdur. Ailənin göstərilən tarixə əmanət hesabı qalığı olan hər bir üzvü əmanətçi statusuna malikdir. Fərmanda da qeyd edildiyi kimi, burada məhz fərdi birdəfəlik ödəmələrdən söhbət gedir. Bu isə o deməkdir ki, birdəfəlik ödəmələr hər bir əmanətçiyə fərdi qaydada hesablanaraq veriləcəkdir. Məsələn, əgər istənilən bir valideyn 1 yanvar 1992-ci il tarixinə qədər öz övladlarının adına ayrı-ayrı əmanət hesabları açdırmışsa, onların hər biri fərdi əmanətçi hesab ediləcək və hər birinə fərdi birdəfəlik ödəmə veriləcək.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağın, yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə aid rayonlardan olan əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi necə öz həllini tapacaq?    

– Kapital Bank bu rayonlara aid arxiv sənədlərinə malik deyil. 1988-ci ildə məlum hadisələr başlayan zaman SSRİ Əmanət Bankının vilayət üzrə yerli idarəsi əmanət hesabları üzrə arxiv sənədlərini mərkəzə – Moskvaya təhvil verirdi. Sonrakı mərhələdə isə sənədlər, bildiyimiz qədər, Ermənistana təhvil verilirdi. Bu rayonlardan yalnız Şuşa rayon şöbəsinin arxivini Bakıya gətirmək mümkün olmuşdu. Ona görə də Şuşa rayonuna aid əmanət hesabları üzrə fərdi birdəfəlik ödəmələrin verilməsində heç bir problem olmayacaq. Keçmiş DQMV-ə aid digər rayonların əmanətçilərinə məxsus sənədlər isə, qeyd etdiyimiz kimi, Kapital Bankda yoxdur. Lakin bu rayonlardan olan Azərbaycan Respublikasının vətəndaşlarının, əgər əmanət kitabçaları varsa, baxılması üçün müvafiq sənədlərlə Xüsusi Komissiyaya müraciət edə bilərlər.

 Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində saxta əmanət kitabçalarının təqdim olunması, ümumən məlumatların saxtalaşdırılması kimi neqativ halların qarşısını almaq mümkün olacaqmı?

– Bu sahədə ciddi bir problem gözləmirik. Dəqiq araşdırmaların aparılması, təqdim edilən məlumatlarla arxiv sənədlərinin müqayisəsi belə ehtimalları aradan qaldırır. Əgər müraciətlər zamanı belə hallara təsadüf edilərsə, Kapital Bank qanunvericiliyə uyğun olaraq hüquqi ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir.

Mənbə: Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər