Keçmiş ‘BMW’ işçiləri öz ilk elektromobilləri olan Byton-u təqdim etdilər

Şirkət elektromobilin prototipini CES 2018 tədbirində təqdim edib.

BMW i8 modelinin keçmiş inkişaf rəhbəri Carsten Breitfeld və BMW Brilliance Automotive-in keçmiş vitse-prezidenti Daniel Kirchert tərəfindən təsis edilmiş yeni “Byton” adlı şirkət CES 2018 tədbiri çərçivəsində öz elektromobil modelinin prototipini təqdim edib. Elektromobilin 2019-cu ilin sonunadək satışa çıxması gözlənilir. Şirkət təmsilçiləri bildiriblər ki, elektromobilin final versiyası prototipdən o qədər də fərqlənməyəcək. Onun baza versiyasının təqribi qiyməti isə 45.000$ təşkil edəcək.

Elektromobil bir şarj vasitəsilə 400 km yol qətt etməyə imkan verəcək batareya ilə təchiz olunacaq. Şirkətin məlumatlarına əsasən batareyanı 80%-dək 30 dəqiqə ərzində şarj etmək mümkün olacaq. Həmçinin şirkət bir dəfə şarj ilə 500 km-dən çox yol qətt etməyi bacaracaq versiya üzərində də çalışır. Elektromobil həmçinin 3-cü səviyyəli avtopilot sisteminə də sahib olacaq. Belə səviyyədə avtopilot sistemində sürücü əsas faktor olsa da bir sıra proseslər avtomatlaşdırılmış olur. Gələcəkdə isə elektromobil 4-cü səviyyə avtopilot sisteminə kimi yenilənəcək.

Byton adlı elektromobil prototipinin əsas fərqləndirici özəlliyi salondakı bütün qurğu panelini əhatə edən 49 inç-lik ekrandır. Bu ekran naviqasiya və əlavə funksiyaların işə salınması üçün nəzərdə tutulub. Şirkət həmin ekranı elektromobilin final versiyasında saxlayacağına söz verib. Elektromobil sürücüsü jestlər və səsli əmrlərdən istifadə edə biləcək. Həmin əmrləri isə “Amazon” şirkətinin Alexa səsli köməkçisi yerinə yetirəcək. Qeyd etmək laızmdır ki, Byton Future Mobility” şirkətinin brendidir. Bu şirkət isə Asiyanın ən böyük telekommunikasiya holdinqi olan “Tencent”in dəstəyi ilə yaradılmışdır.

📝 RƏY BİLDİR