16 C
Baku
Friday, April 26, 2024

«Keçmiş sahibimə» – dünyanı sarsıdan məktub

1865-ci ilin avqustunda Tennesi ştatından olan polkovnik R. N. Anderson öz keçmiş qulu Cordan Andersona məktub yazır və ondan fermaya öz işinə geri dönməsini xahiş edir. Bu zamana kimi qul Cordan artıq Ohayaya gəlib çatmış, özünə iş tapmış və ailəsini dolandırmaq iqtidarında olmuşdu. Cordan aldığı məktubu yazdığı cavabı «NewYorkDailyTribune» qəzetində nəşr etdirir. Təhsili olmayan Cordan istəyirdi ki, onun cavab məktubu keçmiş sahibinə dəqiqliklə çatsın. O sözlərini qəzetin bir nümayəndəsinə diktə etmiş, o da qələmə almışdı.

Aşağıda məktubdan ayrı-ayrı hissələri təqdim etmək əvəzinə, onu bütünlüklə diqqətinizə təqdim edirik.

“Keçmiş sahibim polkovnik Andersona, Big-Spring, Tennesi ştatı.

Cənab. Mən sizin məktubunuzu aldım və çox şadam ki, məni unutmamısınız, geri qayıdaraq sizinlə yaşamağımı istəyirsiniz və başqalarından daha çox pul ödəməyi vəd edirsiniz. Tez-tez sizinlə bağıə nigaran olurdum. Düşünürdüm ki, şimal ordusunun əsgərlərini evinizdə gizlətdiyinizə görə yankilər sizi çoxdan asıb.  Düşünürəm ki, onlar heç vaxt sizin öz dostları tərəfindən tərk edilmiş İttifaqın əsgərini öldürmək üçün polkovnik Martinin yanına getdiyinizi eşitməyiblər. Baxmayaraq ki, sizi tərk etməmişdən öncə mənə iki dəfə atəş açmışdınız, mən yenə də sizin xəsarət almadığınıza və hələ də sağ olduğunuza şadam. Evə yenidən qayıtmağı və miss Merini, Martanı, Alleni, Esteri, Qrini və Li-ni görmək istərdim. Bu dünyada olmasa da o biri dünyada.

Mənə məhz nə təklif etdiyinizi bilmək istərdim. Burada olduqca yaxşı yaşayıram. Ayda 25 dollar alsam da, Mendi ilə yaşadığım rahat evim var. Uşaqlarım Milli, Ceyn və Qrandi isə məktəbə gedirlər və yaxşı oxuyurlar. Müəllimlər uşaqlarımın yaxşı gələcəyinin olduğunu deyirlər. Bəzən isə insanların belə dediyini eşidirəm: “Bu nəcib insanlar nə vaxtsa Tennesi ştatında qul idilər”. Uşaqlar bunu eşidəndə inciyirlər. Lakin mən onlara başa salıram ki, Tennesi ştatında polkovnik Andersona məxsus olmaq ayıb hesab edilmirdi. İndi siz mənə təklif edə biləcəyiniz əmək haqqının miqdarını yazsaydınız, mənə də qərar vermək asan olardı. Geri qayıtmağa dəyər, ya yox.

Əslinə qalsa, Mendi deyir ki, azadlığımıza hər hansı təminat olmadan geri dönməyə qorxur. Buna görə də biz sizin səmimiyyətinizin sübutu olaraq bu günə qədər sizin üçün işlədiyimiz illər üçün nəzərdə tutulmuş əmək haqqını göndərməyinizi xahiş edirik. Bu bizə keçmiş acı xatirələri unutmaq və gələcəkdə sizinlə dost münasibətləri qurmaq üçün inamımızı bərpa edəcək.

Mən sədaqətlə sizin üçün 32 il, Mendi isə 20 il işləyib. Əgər bir aya mənim üçün 25, Mendi üçün isə həftəyə 2 dollardan hesablasaq bizə ödəməli olduğunuz məbləğ 11680 dollar edir. Bu məbləğə əlavə olaraq əmək haqqımızı vermədiyimiz zamanların faizini, paltarlarımıza xərclədiyiniz pulu, Mendinin sındırılmış dişinin pulunu da göndərin.  Əgər siz keçmişdəki zəhmətimizin haqqını ödəməsəniz biz sizin gələcək vədlərinizə inana bilməyəcəyik. Mən əminəm ki, Allah sizin və sizin əcdadlarınızın mənə və mənim əcdadlarıma qarşı törətdiyiniz haqsızlıqlara qarşı gözümüzü açdı. Bizim bütün nəslimiz sizin üçün işləyib, siz isə heç vaxt haqqlarını ödəməmisiniz. Burada mən hər şənbə öz əmək haqqımı alıram, Tennessi ştatında isə haqqımızın verildiyi belə bir gün yox idi və orada qara dərililərə heyvan kimi davranılırdı. Əminəm ki, öz işçilərini yalan vasitəsilə əmək haqqlarından məhrum edənlər üçün mühakimə günü gəlib çatacaq.

Zəhmət olmasa, bu məktuba cavab olaraq mənim qızlarım – Milli və Ceyni-nin təhlükəsizliyini təmin edib-edə bilməyəcəyinizi qeyd edin. Qızlarım artıq böyüyüblər və çoz gözəl qızlardır. Yəqin bədbət Matilda və Yekaterina ilə nə baş verdiyi yadınızdadır. Yenidən izin cavan oğlanlarınızın törətdiyi qanunsuz hərəkətlər və təcavüzlərin şahidi olmaqdansa burada qalıb acından ölməyi üstün tuturam. Həmçinin xahiş edirəm ki, yaxınlıqda məktəbin olub-olmaması barədə də məlumat verin. Bu dəqiqə həyatdan istədiyim yeganə şey övladlarımın ləyaqətlə yaşamaları üçün onlara yaxşı təhsil verməkdir.

P.S. Corc Karterə mənim salamlarımı çatdırın və mənim adımdan təşəkkür edin ki, siz mənə atış açmaq istədikdə tapançanı sizin əlinizdən almışdı.

Sizin keçmiş qulunuz, Cordon Anderson

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər