8 C
Baku
Friday, March 29, 2024

Komisyon haqlarını salmaq lazımdırmı?

Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.

Mövzu ilə bağlı ekspert Samir Əliyev bildirir ki, Mərkəzi Bankın banklara bu tipli göstərişlərin verməsi onun səlahiyyətləri çərçivəsində deyil. Çünki bank qanunvericiliyinə görə, kreditlərin komisyon haqları banklar tərəfindən sərbəst müəyyənləşdirilir. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bank bununla bağlı uzaqbaşı tövsiyə verə bilər.

Ümumən götürdükdə isə bu təşəbbüs kredit bazarında rəqabətin yaranması baxımından müsbətdir və sui-istifadə hallarını aradan qaldıracaq. Hazırda banklar komisyon haqları hesabına kifayət qədər manevr etmək imkanına malikdirlər. Təsəvvür edin ki, müştəri cəlb etmək üçün faiz dərəcələrini aşağı təklif edirlər. Müştəri müqavilə imzalayan an məlum olur ki, böyük həcmdə komisyon haqq ödəməlidir. Bir sözlə, banklar marketinq strategiyasına uyğun olaraq “aşağı faiz dərəcəsi – yüksək komisyon haqq” prinsipinə üstünlük verilir. Komisyon haqları hətta 6-7%-ə qədər çatır. Bu gəlir bankların gizli gəliri hesab olunur. Təsəvvür edin ki, illik faiz dərəcəsi 24% olan 6 aylığa verilən kreditlərin effektiv faiz dərəcəsi təxminən 7%-yə bərabərdir. Yəni banklar komisyon haqları hesabına 6 aylıq qazancı birdəfəyə, bir günə qazana bilirlər. Ancaq komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq.

Mərkəzi Bankın bu qərarı kredit bazarına necə təsir göstərəcək?

İlk növbədə kreditlərin faiz dərəcələri artacaq. Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır. Digər təsir müştərinin sığortalanması ilə bağlı olacaq. Bəzi banklar düzgün olaraq komisyon haqları hesabına müştərinin həyatını sığortalayırdı. Mərkəzi Bankın göstərişindən sonra banklar müştərinin sığortalanmasını onun öhdəsinə buraxacaq.

Ona görə də Mərkəzi Bank yaxın dövrlərdə bank qanunvericiliyinə bir sıra dəyişiklik etməlidir.

  1. “Banklar haqqında” Qanuna dəyişiklik etməklə komisyon haqlarının həddini Mərkəzi Bank tərəfindən təsdiq edilmiş normativə əsasən müəyyənləşdirilsin.
  2. Kredit götürən müştərinin həyatının sığortalanması qanunvericiliklə icbari xarakter daşısın.

Son xəbərlər
Digər xəbərlər