23 C
Baku
Saturday, April 20, 2024

Kommersiya bankının likvidliyi

Bankın likvidliyi – bankın kreditorları, əmanətçiləri və başqa müştəriləri qarşısında öz öhdəliklərini vaxtında və itkisiz yerinə yetirmək qabiliyyətidir. Bankın öhdəlikləri real və şərti olur.

Real öhdəliklər bankın balansında tələb olunanadək depozitlər, təcili depozitlər, cəlb olunmuş banklararası resurslar, kreditorların vəsaitlər şəklində əks olunur.

Şərti öhdəliklər balansarxası passivlərlə (bank tərəfindən verilən zəmanətlər və təminatlar və s.) və balansarxası aktiv əməliyyatlarla (istifadə olunmamış kredit xətləri və verilən akkreditivlər) ifadə olunmuşdur.
Öhdəlikləri yerinə yetirmək üçün bank aşağıdakı likvid aktivlərdən istifadə edir:

• kassada və müxbir hesablarda pul qalıqları şəklində ifadə olunmuş nağd pul
• təcili surətdə nağd pula çevrilə bilən aktivlər;
• lazım gəldikdə banklararası bazardan alına biləcək banklararası kreditlər;
• başqa cəlb olunmaş vəsaitlər, məsələn, depozit sertifikatlarının və bank veksellərinin buraxılışı.

Bank tərəfindən yığılmış (nağd pul, yüksək likvidli qiymətli kağızlar) və alınacaq (yenidən alınmış) (cəlb olunan banklararası kreditlər, bank veksellərinin buraxılışı, depozit və əmanət sertifikatlarının buraxılışı) likvidlik vardır.
Bankın likvidliyinin bu əlamətlərinə riayət olunması (öhdəliklərin vaxtında və itkisiz yerinə yetirilməsi) bankın fəaliyyət keyfiyyətlərini və ətraf mühitin vəziyyətini müəyyən edən daxili və xarici amillərlə əlaqədardır.

Daxili amillərə bank aktivlərinin keyfiyyəti, cəlb olunan vəsaitlərin keyfiyyəti, aktiv və passivlərin müddətlər üzrə birləşməsi, savadlı menecment, bankın imici aiddir.

Bankın aktivlərinin keyfiyyəti üç xüsusiyyətə malikdir: likvidlik, risklilik, gəlirlilik.

Aktivlərin likvidliyi – aktivlərin borclu tərəfindən reallaşması və ya ödənilməsi vasitəsilə itkisiz nağd pula transformasiya olunması qabiliyyətidir. Bu zaman mümkün itkilərin dərəcəsi aktivlərin riskliliyi ilə əlaqədardır. Likvidlik dərəcəsinə görə bankın aktivləri bir neçə qrupa bölünür.

Birinci qrup birinci sinif likvid aktivlərindən ibarətdir:
• bankın kassasında və müxbir hesablarda yerləşən pul vəsaitləri;
• bankın portfelində yerləşən dövlət qiymətli kağızları.

Likvid aktivlərin (birinci və ikinci ehtiyatların) bu qrupunun daha yüksək payı depozitləri böyük və qeyri-sabit olan və ya ssudaya olan tələbatın artacağı gözlənilən banklar üçün zəruridir.
İkinci qrupa hüquqi və fiziki şəxslərə qısamüddətli ssudalar, banklararası kreditlər, faktorinq əməliyyatları, satış üçün nəzərdə tutulan korporativ qiymətli kağızlar. Bunlar nağd pula çevrilmək üçün daha uzun müddət tələb edir.

Aktivlərin üçüncü qrupu

Aktivlərin üçüncü qrupu uzunmüddətli əmanətləri və bankın investisiyalarını, o cümlədən uzunmüddətli ssudalar, lizinq əməliyyatları, investisiya qiymətli kağızlarıdır.

Aktivlərin dördüncü qrupu – vaxtı keçmiş ssudalar şəklində qeyri-likvid aktivlər, bəzi qiymətli kağız növləri, bina və qurğulardır.

Aktivlər az likvidli olduqca risklilikləri yüksəkdir, yəni aktivlər pul vəsaitlərinə çevrilən zaman itkilərin potensial imkanı yüksəlir.

Aktivlərin gəlirliliyi – onların banka gəlir gətirmək qabiliyyətidir. Bu meyara görə aktivlər gəlir gətirən (ssudalar, qiymətli kağızlara qoyulan vəsait və s.) və gəlir gətirməyənlərə (AR Milli Bankında müxbir hesabda olan pul vəsaitləri, bina və qurğular) bölünür.

Bankın likvidliyi həmçinin cəlb olunan vəsaitlərin keyfiyyəti ilə, yəni öhdəliklərin likvidliyi ilə, depozitlərin sabitliyi və xarici borclardan az asılılıqla müəyyən edilir.

Öhdəliklərin likvidliyi bank üçün cəlb olunan vəsaitlərin müəyyən səviyyədə saxlanması ilə ödənişin sürətini və təzələnmənin dərəcəsini xarakterizə edir, onların təcili strukturunu əks etdirir.

Bankın likvidliyinə məbləğlər və müddətlər üzrə aktiv və passivlərin birləşməsi ciddi təsir edir. Bank tərəfindən müştəri qarşısında öhdəliklərinin yerinə yetirilməsi investisiya qoyulan pul vəsaitlərinin müddətlərinin əmanətçilərin təqdim etdikləri pul vəsaitləri ilə razılaşdırılmasını nəzərdə tutur. Əsasən cəlb olunan resurslarla işləyən bank tərəfindən bu qaydanın nəzərə alınmaması onun kreditorlar qarşısında öz öhdəliklərinin yerinə yetirə bilməməsinə gətirib çıxarır.
Bankın aktiv və passivlərinin, həmçinin onun şərti öhdəliklərinin nisbəti, konkret dövr ərzində bankın likvidlik mövqeyinin vəziyyətini müəyyən edir. Bankın likvid mövqeyinin vəziyyətinin onun likvidliyinə təsirinin qiymətləndirilməsi zamanı nəinki müddətlər üzrə aktivlərin və passivlərin həcmində uyğunsuzluqları nəzərə almaq, həm də bu uyğunsuzluğun ümumi öhdəliklərə olan səviyyəsini, həmçinin bu uyğunsuzluqların dinamikasını nəzərə almaq lazımdır.
Bankın likvidliyinin daxili amillərinə menecment, yəni bütövlükdə bankın fəaliyyətinin və xüsusilə də likvidliyinin idarə edilməsi sistemi aiddir. Bankı idarə etmənin keyfiyyəti bank siyasətinin məzmunu; cari və strategi məsələləri həll etməyə imkan verən səmərəli təşkilati strukturu; bankın aktiv və passivlərinin idarəetmə mexanizmi; prosedurların dəqiqliyi, o cümlədən məsul qərarların qəbul edilməsi ilə müəəyən edilir.

Bankın likvidliyini imic kimi amil də şərtləndirir. Bankın müsbət imici ona resursların cəlb edilməsində başqa banklar qarşısında üstünlük verir, depozit bazanın sabitliyini və xarici tərəfdaşlarla əlaqələrin inkişafını təmin edir.
Bankın likvidliyinin xarici amillərinə ölkədə siyasi və iqtisadi vəziyyət, qiymətli kağızlar bazarının və banklararası bazarın inkişafı, Milli Bank tərəfindən ölkənin kommersiya banklarının yenidən maliyyələşdirilməsi sistemi, onun nəzarət funksiyalarının səmərəliliyi aiddir.

Kommersiya banklarının likvidliyinin qiymətləndirilməsinin Azərbaycan təcrübəsi

Müasir Azərbaycan təcrubəsində likvidliyin qiymətləndirilməsi üçün iki qiymətləndirmə metodundan istifadə olunur: əmsallar vasitəsilə və nağd pul axını əsasında. Əmsallar metodunun əsasını Milli Bankı tərəfindən müəyyən edilmiş likvidliyin qiymətləndirmə göstəriciləri təşkil edir. Hazırda bu göstəricilərin sayı üçdür:
N2 — bankın ani likvidliyi normativi. Bu normativ bir əməliyyat günü ərzində bankın itki riskini tənzimləyir. Son qiymət ≥ 15%-dir;

N3 — bankın cari likvidliyi normatividir. Normativin hesablanması tarixinə yaxın 30 təqvim günü ərzində bankın itki riskini tənzimləyir. Son qiymət ≥ 50%-dir;

N4 — bankın uzunmüddətli likvidliyi normatividir. Vəsaitlərin uzunmüddətli aktivlərdə yerləşdirilməsi nəticəsində bankın likvidliyinin itirilməsi riskini tənzimləyir. Son qiyməti ≤ 120%

Bankların likvidliyinin iqtisadi normativlər vasitəsilə dövlət tənzimlənməsi ilə yanaşı, Azərbaycanda hesablanan likvid mövqeyin likvidliyinin qiymətləndirilməsi də inkişaf edir: ümumi və valyuta kəsiyində. Bu metod zamanı likvidlik axın kimi (əmsallar metodunda – ehtiyat) başa düşülür.

Bankın likvidlik mövqeyi onun müəyyən dövrdə pul vəsaitlərinin və öhdəliklərinin nisbətini əks etdirir. Əgər bu dövr ərzində (müəyyən tarixə) müştərilərə tələblər (aktivlər) öhdəliklərdən artıq olarsa, likvidliyin artığı olacaq ki, bunlar da pul vəsaitlərinin axıb getməsi deməkdir. Bu, tələbləri (daxilolmaları) üstələyir – likvidliyin çatışmamasını göstərir.

Likvidlik vəziyyəti cari və növbəti tarixlər üçüe, yəni perspektiv üçün qiymətləndirilir. Likvid mövqeyin müəyyənləşdirilməsi üçün restrukturlaşdırılmış balans tərtib olunur ki, burada aktivlər və passivlər ödənimə və tələb olunana qədər müddətlər üzrə təsnifləşdirilir.

Kommersiya banklarının likvidliyinin qiymətləndirilməsinin xarici təcrübəsi

Xarici təcrübədə likvidliyi aşağıdakı əsaslarla ölçürlər:

1) balanslar üzrə hesablanan və balansın likvidliyini əks etdirən maliyyə əmsalları;
2)müvafiq dövrlərdə bankın balansının aktivləri və passivləri üzrə dövriyyələrin analizi nəzərə alınmaqla, likvid vəsaitlərə tələbatın müəyyən edilməsi.

Əmsallar metodu balansın maddələri arasında kəmiyyət nisbətlərinin qurulmasını nəzərdə tutur. Bəzi ölkələrdə bu nisbətləri hökumət, digərlərində, məsələn ABŞ-da bankların özü tətbiq edir.

Bankların qazandığı təcrübə müəyyən göstəricilərin daha tez-tez istifadə olunmasını şərtləndirmişdir.
Likvid aktivlərlə depozitlərin nisbətini müəyyənləşdirərkən iki göstəricidən istifadə edirlər:
1) [İlkin ehtiyatlar (Kassa + mərkəzi bankda müxbir hesab)] / Depozitlər.
2) [İlkin ehtiyatlar + İkinci ehtiyatlar (dövlət qiymətli kağızları)] / Depozitlər.

Bu göstəricilər vasitəsilə likvid aktivlərlə depozit şəklində yerinə yetiriləcək öhdəliklər arasında birbaşa əlaqə yaranır. Birinci göstəricinin səviyyəsi bankın likvidliyinin təmin edilməsi üçün 5-10%-dən az olmayaraq, ikincinin səviyyəsi 15-25%-dən az olmayaraq qəbul edilmişdir. İkinci göstəricidən Yaponiyada da (bütün banklar üçün yerinə yetirilməsi məcburi) istifadə olunur ki, burada onun səviyyəsi 30%-dən az olmamalıdır.

ABŞ-da likvidliyin qiymətləndirilməsi üçün verilən kreditlərin məbləğinin depozitlərə nisbəti (o, 1-dən artıq olarsa, bankın likvidliyi aşağıdır) və kreditlərin aktivlərin ümumi məbləğində payının aktivlərin diversifikasiyalılığının ifadəsi kimi(bu göstəəricini 65-70% səviyyəsində optimal hesab edilir) istifadə olunur.

Likvidliyin qiymətləndirilməsi üçün həmçinin aktivin təcili nağd pula çevrilməsi qabiliyyətini əks etdirən göstərici tətbiq olunur. Bu göstərici likvid aktivlərin aktivləri ümumi məbləğinə nisbəti kimi hesablanır. Likvid aktivlərə yalnız kassada vəsaitlərin qalığı, yolda, valyuta hesablarında olan pul vəsaitləri,mərkəzi bankda və başqa banklarda NOSTRO hesabları üzrə qalıqlar daxil edilir. bu göstərici yüksək olduqca, likvidlik də yüksək, gəlir isə aşağı olacaq. Likvidliyin idarə edilməsi sahəsində menecmentin məqsədi – likvidliyin və gəlirliliyin optimal nisbətidir.

Cəlb olunan resursların strukturunun,depozit bazanın sabitliyinin analizinə böyük diqqət yetirilir. Sabitliyi nöqteyi-nəzərindən depozitlər əsas (sabit) və «uçan» depozitlərə bölünür. Əsas (sabit) depozitlər banka təhkim edilmiş və onu tərk etməyən depozitlərdir. Onlar çox olduqca, bankın likvidliyi də yüksəkdir. Əsas depozitlər tələb olunana qədər qoyulan əmanətlər, təcili və əmanət hesabları arasında ola bilər.depozitlərin sabit hissəsi tələb olunana qədər qoyulan əmanətlərdən yüksəkdir. Təcili və əmanət qoyuluşları üzrə tələb olunana qədər əmanətlərdə olduğundan daha yüksək faiz müəyyən olunur. Təcili və əmanət depozitləri üzrə ödəniş müxtəlif banklarda müxtəlifdir, onlar daha çox hərəkətdədir və buna görə «uçan» adını almışlar.

Depozitlərin sabitliyini xarakterizə edən göstərici əsas depozitlərinin məbləğinin onların ümumi məbləğinə nisbəti kimi hesablanır. Əgər əsas depozitlərin payı depozitlərin ümumi məbləğində 75%-dən az deyilsə, – bu zaman bank likvid sayılır.

Depozit bazanın sabitliyini əks etdirən daha bir göstərici təcili və əmanət depozitlərinin depozitlərin ümumi məbləğinə nisbətidir. Təcili və əmanət depozitləri bankın resurslarıdır və onlar faiz dərəcəsinin dəyişməsinə daha həssasdır. Onların payının yüksəlməsi «uçan» depozitlərin həcmini artırır və bankın likvidliyini aşağı salır.
Bankın resurs bazasının keyfiyyəti də xarici mənbələr üçün (banklararası kredit – Kvi) kommersiya bankının açıq olmasını sübut edən göstəricisi ilə qiymətləndirilir:

KVİ = Sb / Sps,
burada Sb — Mərkəzi bank da daxil olmaqla, başqa banklardan alınan ssudalardır;
Sps — cəlb olunmuş vəsaitlərin məbləğidir.

Lazım gəldikdə banklararası bazardan və mərkəzi bankdan daha aşağı ödənişlə tez bir zamanda resurs cəlb etmək və likvid aəsaitlərin müvəqqəti çatışmazlığını aradan qaldırmaq imkanı bankın yüksək likvidliyi əlaməti, xarici borcların çox olması isə bankın aşağı likvidliyi kimi nəzərdən keçirilir. Ona görə də əlavə olaraq aşağıdakılar təhlil edilir:

1. borcların tezliyi;
2. borcların şərtləri (girovla və girovsuz);
3. vəsait cəlb olunmasının səbəbləri;
4. borclar üzrə faizlər.

Bir çox ölkələrdə kommersiya banklarının likvidliyi balansın müddətlər üzrə qruplaşdırılmış aktivlər və passivlərinin maddələrinin nisbəti əsasında hesablanır. Fransada bu müddət göstəricinin 60%-dən aşağı olmaması şərtilə üç ay, İngiltərədə bir aydır (likvidlik əmsalı 12,5%-dən az olmayaraq). Almaniyada kommersiya bankları hər ay balanslarının likvidliyinin vəziyyəti haqqında Almaniya Federal bankı qarşısında hesabat verirlər. Əmsalların 100% çərçivəsində tələb olunan səviyyəsi uzunmüddətli əmanətlərin daha qısamüddətli resurslarla qismən örtülməsini nəzərdə tutur. Əmsallar metodu ilə yanaşı, Yaponiyada, ABŞ-da və bir çox Avropa ölkələrində nağd pul axını əsasında bankların likvidliyinin qiymətləndirilməsi inkişaf etmişdir. Xarici ölkələrdə bankların likvidliyinin təmin edilməsi üçün kredit risklərinin məhdudlaşdırılmasına böyük əhəmiyyət verilir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər