Kredit mütəxəssisləri müştəriyə yalnız rəqəmsal yox, həm də analitik yanaşmalıdır

Müsahibimiz: BOKT VF AzərKredit MMC-nin kredit meneceri Vüqar Əsədov

Fikrinizcə, biznes kreditlərinin təhlilinin ilk addımı nədən ibarət olmalıdır?

Məlum olduğu kimi konseptual yanaşma kreditlərin qiymətləndirilməsində 6C prinsipini nəzərdə tutur. Bu prinsiplərə riayət etməyə qiymətləndirmənin tərəfdarıyam.

Biznes fəaliyyətinin təhlili və müəyyən əmsalların hesablanması əsasında müştərinin ödəmə qabiliyyətinin müəyyən olunması, kreditin təyinatının dəqiqləşdirilməsi və reallığı, borcalanın şəxsi keyfiyyətləri, işgüzar vərdişləri və öz fəaliyyət sferasında səriştəli, peşəkar olması, işgüzar partnyorları arasında etibarlılığı, kredit tarixçəsi və girov təminatı kreditin qiymətləndirilməsi prosesində kompleks şəkildə ciddi araşdırılmalıdır. Kredit mütəxəssisləri müştərinin biznes fəaliyyətinə yalnız rəqəmsal yox, həm də analitik yanaşmalıdır. Müştərinin biznesinin yaranma və inkişaf tarixini öyrənməli, müştərinin investisiya bacarıqlarını yoxlamalıdırlar.

Son dövrlər Mərkəzi Bankın iş yerindən arayışla bağlı məhdudiyyətlər biznes kreditlərinə də öz təsirini göstərdimi? Ümumiyyətlə iş yerindən arayış sənədinə Siz şəxsən alternativ hansı sənədi hesab edirsiniz? (təbii ki, risklərin sığortalanması baxımından)

Fikrimcə, Mərkəzi Bankın qeyd olunan tələbi əsasən istehlak kreditlərinə öz təsirini göstərdi. Əslində Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydalarında” da fiziki şəxslərə təminatsız kreditlər verilərkən borcalanın maliyyə vəziyyətinin rəsmi sənədlər (əmək haqqı, digər gəlir mənbələri haqqında arayış) əsasında qiymətləndirilməsi tələb olunurdu. Sadəcə, Mərkəzi Bank bir daha bankları bu qaydalara müvafiq olaraq əməl etməsini ciddi şəkildə  tələb etdi. Vəziyyətin nə üçün bu həddə gəlməsi ilə bağlı fikirlərimi də bölüşmək istərdim.

Məlumdur ki, son dövrlər kreditlərin verilməsi və daha çox müştərinin cəlb olunması uğrunda gedən mübarizədə əksər banklar və kredit təşkilatları kreditlər üçün tələb olunan ənənəvi girov növlərindən imtina etməyə və girovsuz, ən yaxşı halda isə “yumşaq” girovlar əsasında kreditlər təklif etməyə başladılar ki, bunun da nəticəsində girov tədricən öz vacibliyini itirdi. Bundan başqa şərtlərin daha da cəlbedici olması üçün bəzi bank və kredit təşkilatları “sərt” girov olmadan sürətli və minimum sənədləşmə ilə təklif edilən kreditlərin məbləğinin artırılmasına hədəfləndilər. Əgər əvvəllər girovun məhdud olması səbəbindən müştərilər paralel olaraq müxtəlif mənbələrdən kredit götürə bilmirdilərsə, son dövrlər girovun və gəlir mənbəyini təsdiq edən sənədlərin tələb olunmaması səbəbindən müştəri müxtəlif bank və kredit təşkilatlarına müraciət edərək bir neçə kredit götürə bilirdi. Nəticədə bank sektorunda paralel kreditləşdirmə, borcalanların ödəmə qabiliyyətlərindən artıq kredit borcları ilə yüklənməsi, habelə təyinatdan kənarlaşma kimi faktlar daha da artdı. Təbii ki, belə olan şəraitdə Mərkəzi Bank adekvat tədbirlər həyata keçirməli oldu.

Bu sualın 2-ci hissəsinə gəldikdə isə borcalanın gəlir mənbəyini təsdiq edən alternativ sənəd kimi əmək haqqı üzrə hesabından çıxarışı (bank tərəfindən təsdiqlənmiş halda), icarə müqaviləsini (əgər icarəyə verilmiş əmlakından gəlir əldə edirsə), əmanət müqaviləsini və bu müqavilə üzrə hesabından çıxarışı (əgər bankda əmanəti varsa və faiz gəliri əldə edirsə) qeyd edə bilərəm.

VF AzərKredit daha çox regionlarda biznes kreditləri verir. Sizin fikrinizcə, region biznes müştərisi ilə Bakı müştərisi arasında hansı fərqlər vardır. Oxucularımızı əsasən bu müştərilərin daşıdığı risklər daha çox maraqlandırır.

Regionlarda kreditləşmənin üstün cəhətləri kimi, orada yaşayan və çalışan müştərilərin şəxsi keyfiyyətlərinin dərindən öyrənilməsi imkanının olmasını, onların fəaliyyətərinin dayanıqlı olmasını, şəhər müştərilərinə nisbətən kredit yükünün az olmasını, ödəniş intizamına daha məsuliyyətli yanaşmalarını, regionlarda daha çox vətəndaşların az məbləğdə pula ehtiyaclarının olmasını qeyd etmək istərdim. Fikrimcə, biznes fəaliyyəti baxımından isə şəhər müştəriləri daha çox mənfəətlə çalışırlar.

Məlum məsələdir ki, Azərbaycan biznesinin bir qismində ətraflı maliyyə sənədləri yoxdur. Bu tip müştərilərin bizneslərinin böyüklüyü haqqında yalan məlumat vermək imkanı vardır – belə müştərilərin real vəziyyətini necə qiymətləndirmək olar?

Bankların və kredit təşkilatlarının üzləşdiyi çətinliklərdən biri də kredit üçün müraciət edən şəxslərin maliyyə vəziyyətlərinin düzgün qiymətləndirilməsidir. Müştərilər kredit üçün müraciət edən zaman fəaliyyətləri ilə bağlı müvafiq sənədləri (biznes-planı, balansı, gəlir və xərcləri, pul axınlarının hərəkəti haqqında hesabatı) təqdim etməlidirlər. Lakin müştərilərin nə dərəcədə doğru və yaxud yalan danışdığını, habelə qeyd olunan sənədlərdə əks olunan məlumatların həqiqiliyini ilk baxışda müəyyən etmək çox çətindir. Çünki, əksər hallarda müştərilər öz biznes fəaliyyətləri ilə bağlı rəqəmləri əlyazma ilə dəftərə qeyd edirlər. Buna görə də təhlil zamanı müxtəlif çarpaz yoxlama üsullarından istifadəyə üstünlük verilir.

Borcalanın şəxsi keyfiyyətləri, onun işgüzar vərdişləri, öz fəaliyyət sferasında səriştəli olması, məsuliyyətliliyi, işgüzar partnyorları arasında etibarlılığı da vacib amillərdəndir və qiymətləndirmə zamanı həlledici əhəmiyyətə malikdir.

Fərz edək ki, bir müştəri sizə kredit üçün müraciət edib. Müştərinin MKR-də 10 000 AZN aktiv krediti vardır. Amma müştəri bildirir ki, krediti alıb qardaşına verib və ödənişləri də o edir. Siz bu adama kredit verərdinizmi? Həmin krediti doğurdan da qardaşının ödədiyini necə müəyyən etmək olar? Əgər kreditin qardaşı ödədiyi təstiqlənərsə bu borcu müştərinin balansında saxlamaq lazımdırmı?

Birmənalı şəkildə bu cür müştərilərə kredit verilməsinin əleyhinəm. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, son dövrlər çox maraqlı bir hal müşahidə olunur. Müştərilərin çox böyük əksəriyyəti onlar barəsində MKR-dən alınan məlumatda əks olunan kreditlərin bir və ya bir neçəsinin (xüsusilə də gecikmədə olan kreditlərin) onlara aid olmadıqlarını, yəni krediti öz adlarına götürüb digər şəxslərə verdiklərini və ödənişi də həmin şəxslərin ödədiklərini bildirirlər.

Müştərinin kredit götürüb başqa şəxsə ötürməsi onu göstərir ki, o kredit təşkilatına yalan məlumat verib. Çünki, müştəri kredit üçün müraciət edərkən götürmək istədiyi kreditin təyinatı barədə məlumat verir. Bank və kredit təşkilatı heç bir halda başqa şəxsə ötürmək üçün müştəriyə kredit verməz. Deməli, yuxarıda qeyd etdiyimiz kimi müştəri kreditin təyinatı ilə bağlı banka yalan məlumat verərək krediti başqa şəxsə ötürüb. Bu cür halın olması da müştərinin bankla səmimi olmamasını, şəxsi keyfiyyətlərinin aşağı olmasını göstərir. Ona görə də bu cür müştəriyə kredit verilməsinin əleyhinəyəm. Bunun üçün bir arqumenti də bildirim.

Qəbul edək ki, sualda qeyd olunduğu kimi müştəri krediti götürüb həqiqətən də qardaşına verib. Nəzərə almalıyıq ki, əgər bu kredit ödənilməzsə, məhkəməyə veriləcək şəxs müştərinin qardaşı deyil, müştərinin özü olacaq və öhdəliyin icra olunması ilə bağlı çıxarılacaq məhkəmə qətnaməsinin icrası onun maliyyə vəziyyətinə ciddi təsir edəcəkdir.

Bundan əlavə, bu cür hala yol verməsi müştərinin özü üçün də məqsədəuyğun deyil. Çünki borc ötürülən şəxs ödənişlərini vaxtında həyata keçirməzsə, gecikmələrə yol verərsə, bu rəsmi borcalanın kredit tarixçəsində öz əksini tapacaq və gələcəkdə onun kredit götürmək şansı olmayacaq.

Sualların 2-ci və 3-cü hissələrinə cavab olaraq bildirmək istəyirəm ki, yuxarıda da qeyd etdiyim kimi, müştərilər tərəfindən deyilən bu cür hallar o qədər artıb ki, kredit mütəxəssislərinin bunun həqiqi olub-olmamasını  araşdırmağa vaxt sərf etməsini məqsədəuyğun hesab etmirəm. Kredit borcu müqavilə əsasında kimin adına rəsmiləşibsə, öhdəlik kimi də həmin şəxsin balansında əks olunmalıdır.

Sonda ənənəvi sualımızı vermək istərdik – kredit işçisi olmaq istəyən adam özündə hansı keyfiyyət və bilikləri inkişaf etdirməlidir? Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək maraqlı olardı.

Kredit mütəxəssisi nəzəri və praktik biliklərin vəhdətini özündə cəmləşdirməlidir. Bəzi nəzəriyyələrdə peşəkar kredit mütəxəssisi ilə bağlı belə bir yanaşma var ki, peşəkar kredit mütəxəssisi eyni zamanda görməyi, eşitməyi, danışmağı və yazmağı bacaran mütəxəssisdir.

Öz təcrübəmə əsaslanaraq hesab edirəm ki, yaxşı kredit işçisi olmaq istəyən şəxs  maliyyə təhlili aparmaq, ünsiyyət qurmaq, insanları inandırmaq, müştərilərlə işləmək, insanların xüsusiyyətlərini analiz etmək qabiliyyətinə malik olmalı, işlərində dəqiq olmalı və xırda detallara belə fikir verməli, gərgin iş yükünə tab gətirməlidir.

2 ŞƏRHLƏR

  1. Məncə bu mütəxəsis düz vurğulayır ki biznes kreditini çox verək ölkədə biznesmenlər çoxalsın və biznes inkişaf etsin. Amma mən başa düşə bilmirəmki, dırnaqarası orqanlar və 38 % ilə verilən kredit inkişafı artırır yoxsa…………………………….