8 C
Baku
Friday, March 29, 2024

Kredit xətti nədir?

Kredit xətti – bankın razılaşdırılmış zaman ərzində müştəriyə müəyyən həcmdə kreditin verilmə öhdəliyini hüquqi cəhətdən yerinə yetirməsidir. Kredit xətti adi kreditləşmədən onunla fərqlənir ki, müştəri krediti hər hansı razılaşdırılmış bir gündə deyil, ona lazım olduğu vaxt və hissələrlə əldə edə bilər.

Bank təcrübəsində kredit xətti bir neçə növlərə bölünür.

Sadə kredit xəttinin (yenilənməyən) mahiyyəti kreditin verilmə limitinin təyin edilməsidir ki, bu zaman müştəriyə pulları təyin edilmiş müddət ərzində 1 dəfə götürmək imkanı verilir. Bu o deməkdir ki, borcalan ehtiyacı olduğu zaman pulu əldə edə biləcək, lakin yalnızca 1 dəfə. Tutaq ki, hər hansı bir şirkət ona lazımi avadanlıq almağı planlaşdırır. Bu zaman şirkət bank ilə müqavilə imzalayır və ona kredit xətti açılır. Şirkət avadanlıq üçün ən yaxşı məhsul təminatçısını axtardığı bir zamanda kredit üzrə faizlər ödənilmir, çünki borc hələ götürülməyib. Şirkət avadanlıq alması ilə bağlı müqaviləni imzaladıqda, kredit xətti ilə krediti əldə edib məhsulun dəyərini ödədikdə istifadə etdiyi vəsaitlər üçün faiz ödəməyə başlayır. Zənn edək ki, müqavilə imzalanıb, avadanlıq alınıb və beləliklə şirkət krediti banka qaytarmağa başlayır. Borcluluq dərəcəsinin enməsi kredit limitini artırmır. Daha doğrusu, banka ödənilən pulları ikinci dəfə əldə etmək olmaz.

Yenilən kredit xətti – borcalana dövri olaraq əvvəlcədən təyin edilmiş limit çərçivəsində vəsait əldə etməyə, borc məbləğini tam və yaxud hissə-hissə ödəməyə, kredit xəttinin qüvvədə olduğu müddət ərzində təkrar olaraq borc götürməyə imkan verən kreditləşmə sxemidir. Dövri olaraq digər şirkətlərdən məhsul alan ticarət firmasını təsəvvür edin. Şirkət hər dəfə yeni alış prosesi həyata keçirir. Lakin şirkət məhsulları satdıqca pul əldə edir və borc həcmini azaldır. Lazım gəldikdə isə yenidən kredit götürərək satdığı məhsul çeşidlərini genişləndirir. Bununla yanaşı, şirkət banka öz fəaliyyətinin ayrı-ayrı dövrlərində banka pul ödəyir.

Kontokorrent kredit xətti – zamanı isə bank müştəri üçün vahid aktiv-passiv hesabı açır və borclar buradan götürülür və vəsait daxil olduqda avtomatik olaraq borc ödənilir. Beləliklə, bu kredit xəttinin vasitəsilə şirkət ona lazım olan dövrdə pullardan istifadə edə və kredit həqiqətən istifadə olunduğu dövr üçün faiz ödəyə bilər.

Bundan başqa, banklarla danışıqlar zamanı kredit xəttinin açılması ilə bağlı daha iki anlayışa da rast gələ bilərsiniz. Birincisi, limitlə verilən kredit xətti. Bu zaman təqdim edilən vəsaitlərin ümumi həcmi məhdudlaşdırılır. Borcun qaytarılması kreditləşmə limitini artırmır. Bu əsas olaraq yenilənməyən kredit xəttinə şamil edilir. İkincisi, borcluluq limiti ilə kredit xəttidir ki, bu zaman borcun ümumi həcmi məhdudlaşdırılır. Əgər şirkət borcun bir hissəsini qaytarıbsa, kreditləşmə həcmi bərpa edilir. Bu isə yenilənən kredit xəttinə aiddir.

Ümumilikdə kredit xəttinin təqdim edilməsi – müştərilər üçün kredit əldə etmək üçün ən rahat üsuldur. Belə ki, kredit xətti  – borcu yalnızca tələb olunduğu an götürməyə və götürüldüyü dövr üçün faiz ödəməyə imkan verir. Banklar özləri bir-birilərinə qarşı münasibətdə məhz belə sxemdən istifadə edirlər: bir-birilərinə limit təyin edir və bu limitlər çərçivəsində öz cari likvidliyini idarə edir. Yəni, borca vəsait götürür və əksinə artıq qalan pulları yatırım edir.

Son xəbərlər
Digər xəbərlər