Kriptovalyuta dünyasında nə baş verib? Qiymətlər niyə düşür?

Sənan Həsənov

Son bir neçə həftə ərzində, bir çoxlarının verdiyi sual kriptovalyuta bazarlarında baş verənlər və qiymətlərdə baş verən enişlərlə bağlıdır. Belə ki, son 10-15 gün ərzində qiymətlərdə 30%-ə qədər eniş müşahidə olunmuşdur. Kriptovalyuta bazarının ümumi kapitalizasiyası yanvar ayının əvvəllərində, 830 mlrd dollar həcmindən, bu gün üçün (21.01.2018) 590 mlrd dollar həcminədək düşmüşdür. Bu prosesin belə çox sual və narahatlıq yaratmasının əsas səbəbi isə ümumiyyətlə maliyyə bazarları sahəsində olmayan insanların kriptovalyutalar sahəsinə bu bazara istər istəməz daxil olmaları ilə bağlıdır. Hər kəs birjalarda hesab açaraq kriptovalyuta əldə edib bazarı izləməyə çalışır. Bir çox insanlarda rast gəldiyim problem isə ondan ibarətdir ki, bu gündəlik qiymətləri izləmə facebookdan da betər zaman oğrusuna çevrilmişdir. 🙂 İş, güc qalır bir tərəfdə bütün diqqət əldə olan kriptovalyutalaqın qiymət dəyişimlərində olur. Bu aslılıqdan azad olmaqla bağlı növbəti yazılarda bir neçə məsləhətlər yazacağam.

Beləliklə hər kəsi maraqlandıran sual: Qiymətlər niyə düşür?

Bu enişin iki əsas səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, bildiyiniz kimi kriptovalyutalar sahəsi yeni bir sahə olduğu üçün bütün dünyada bir çox ölkələr bu sahədə tənzimləmələri tətbiq etməyə çalışırlar. Öz təbiəti etibarı ilə kriptovalyutalar, heç bir mərkəzi idarəetmə mexanizmi olmayan bir struktur olduğuna görə, ölkələr bu yeni valyuta üzrə vergi mexanizmləri, nəzarət formaları və s.

yaradıb tətbiq etmək istəyirlər. Bunların ən böyükləri və ilk aqressiv reaksiya verən də Cənubi Kareya və Çin oldu. Dünya kriptovalyuta resurlarının 70%-dən çoxunun bu regionun payına düşdüyünə görə onların reaksiyası qiymətlərdə ciddi rezonans doğurdu. Bu yaxınlarda Çin və Cənubi Kareya hökümətləri kriptovalyuta birjaları, mübadilə saytlarının fəaliyyətini dayandıraraq, kriptovalyuta mədənçiliyi (mining) ilə məşğul olan şəxslərə ciddi təzyiqlər göstərməyə başlamışdı. Bunun nəticəsi olaraq böyük həmcdə, yuxarıda da qeyd olunduğu kimi 250 mlrd dollardan çox bazarın daralması müşahidə olunmuşdur. Bu tənzimləmələr bu gün də davam edir. Belə ki, bu həftə CNN-də yayımlandığı kimi Cənubi Kareyanın ən böyük birjalarından olan Korbit birjasında yeni istifadəçilərin qeydiyyatları dayandırılmışdır. Bundan əvvəl eyni məqam dünyanın qabaqcıl birjalarından olan Binance birjasında da baş vermişdi. Həmçinin qeyri rezidentlərə müştərini tanımaq (KYC) prinsipinin tətbiqi üçün birjada qeydiyyat, vəsait investisiya etmə və çıxarma imkanları Korbit birjasında ləğv olunub. Təbii ki, bu proseslər digər birjalarda da zamanla tətbiq olunacaqdır. Birja və kriptomübadilə saytları ilə bağlı tətbiq olunan bütün bu tədbirlər kriptovalyuta alqı satqı həcmlərinə və müvafiq olaraq qiymətlərə də öz mənfi təsirini göstərmişdir.

İkinci səbəb isə onunla əlaqədardır ki, bildiyiniz kimi bu dövrdə Çində və Cənubi Kareyada Yeni il qeyd olunur. Yeni il adətən 21 yanvar -19 fevral aralığında tarixə təsadüf edir. 2017-ci ildə məsələn Çin kalendarı üzrə yeni il 28 Yanvar tarixində qeyd olunmuşdu. Bayram dövründə Çin və ətraf ölkələrdə treyderlər tarixən aktiv hər hansı alqı satqı əməliyyatları aparmır.

Bütün bunları nəzərə alaraq təxmin etmək olar ki, ümumilikdə önümüzdəki həftə ərzində də qiymətlərdə eniş müşahidə olunacaqdır. Birjalarda canlanma düşünürəm əsasən fevral ayının ortalarından etibarən başlayacaqdır.

📝 RƏY BİLDİR