15 C
Baku
Saturday, April 20, 2024

Lizinqin kreditlə müqayisədə üstünlüyü

Kompaniya rəhbərlikləri həmişə öz hərəkətlərinin nəticəsini effektivlik nöqteyi-nəzərindən qiymətləndirməyə çalışırlar. Ona görə də söhbət maliyyələşmədən getdikdə ən optimal həll yolunun tapılmasına zərurət yaranır. Ən geniş yayılmış dilemma isə – kredit və lizinq arasında edilən seçimdir. 

İnflyasiyanın yüksək templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını tənzimləyə biləcək normativ aktların yoxluğu zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur.

Bir çox kommersiya bankları yüksək mənfəətli malların (EHM, videotexnika, avtonəqliyyat vasitələri) satışı üzrə müqavilələri lizinq müqaviləsi adı altında gizlədirlər. Bəzən də elə olur ki, kommersiya bankları lizinq əməliyyatları üzrə az biliyə malik olduqlarından bir çox digər xidmətləri də lizinq əməliyyatlarına daxil edirlər.

Lizinq – ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur:

1. Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə;
2. Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə;
3. Uzunmüddətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər.

Lizinq dedikdə maşın və avadanlıqların uzunmüddətli icarəsi başa düşülür. Bu zaman istehsal məqsədilə avadanlıq və maşınlar icarəçi tərəfindən icarədara verilir. Müqavilənin bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır.

Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında vasitəçilik edən ixtisaslaşmış şirkət kimi də nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti icarədara kredit verir. Buna görə də, lizinqə bəzən “kredi-bay” (fransızcadan tərcümədə – kredit-icarə) deyirlər. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqavilələrindən fərqli olaraq lizinq müqavilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqavilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqaviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər.

İqtisadi nöqteyi-nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə əsas fondlara ödənişlər daxil edir, bununla belə ssudanın tam ödənilməsinə qədər kreditə verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən sonra əmlakın sahibi olur. Amma bu deyilənlər yalnız maliyyə lizinqinə aiddir. Lizinqin digər bir növü olan operativ lizinq avadanlığın klassik icarəsinə daha çox oxşayır.

Ənənəvi kredit sistemi ilə müqayisədə lizinqin üstün tərəflərini nəzərdən keçirək.

Kreditin rəsmiləşdirilməsi prosesində bank borcalan tərəfə konkret ödənişlər cədvəlini təqdim edir. Əksər hallarda onu kreditorun razılığı olmadan dəyişmək olmaz. Mütləq ödənişlərdən əlavə kredit müqaviləsində komisyon haqların və mükafatların miqdarı da əks oluna bilər. Belə yanaşma isə əksər insanlarda krediti həqiqi dəyəri haqqında yanlış təsəvvür formalaşdırır.

Lizinqlə bağlı situasiya isə fərqlidir. Baxmayaraq ki, burada da ödəniş qrafiki lizinq verən tərəfindən tərtib olunur, lakin onun qüvvəyə minməsi üçün müştərinin tam razılığı və təsdiqi tələb olunur. Sistemin bu prinsip əsasında formalaşması borcla bağlı xidmət göstərilməsi prosesində çeviklik və elastikliyi təmin edir. Məsələn maliyyə çətinliyi olduğu təqdirdə ödənişlər qrafikini bir az korrektə etmək və ya əksinə borc məbləğini vaxtından öncə bağlamaq olar.

Əksər hallarda lizinq kredit sistemi ilə müqayisədə daha əlverişli maliyyələşdirmə cəlb edilməsi vasitəsi hesab olunur, çünki onun aşağıdakı üstün cəhətləri vardır:

  • Lazımı sənədlərin qısa müddət ərzində toplanması: bir qayda olaraq, bu zaman hüquqi şəxslərə hüquqi yardım tələb olunmur. Bütün lazımı sənədləri sayılı günlər ərzində götürmək olar.
  • Qərar qəbul sisteminin çevikliyi. Müqavilənin imzalanması zamanı müştərini narahat edən bütün məsələlər və nüanslar nəzərə alınır. Bank kreditinin tərtib edilməsi zamanı bu praktiki olaraq mümkün deyil.
  • Siz avadanlığın alınmasına vəsait qoymursunuz. Həmin vəsaitləri Siz marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərinizin ödənilməsinə yönəldə bilərsiniz.
  • Lizinq kredit xətlərini istifadəsiz saxlayır.
  • Lizinqdən istifadə edərkən Siz kredit xətlərindən istifadə etmirsiniz və onları operativ və qısamüddətli maliyyə ehtiyaclarınızın ödənilməsi üçün istifadə etmək imkanına malik olursunuz.
  • Daşınma, quraşdırma, personalın təliminə çəkilən xərclər də daxil olmaqla lizinq avadanlığın dəyərinin 100% maliyyələşdirə bilər. Bank kreditindən fərqli olaraq qabağcadan ödəniş və müəyyən dəyərdə aktivlərə malik olmaq tələb olunmur.
  • Avadanlığın lizinq verənin mülkiyyətində olması lizinq alanın kredit qabiliyyətli olmasını sübut etmək, yaxud girov təklif etmək vəzifəsini istisna edir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.
Son xəbərlər
Digər xəbərlər