Mərkəzi Bankın bu qərarından sonra nə dəyişəcək? Kredit faizləri düşəcəkmi?

Xəbər verdiyimiz kimi, 12 fevral tarixdə Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin iclasında qərara alınaraq uçot stavkasını 15 faizdən 13 faizədək endirib.

Güman olunur ki, uçot stavkasının azaldılması depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq.

İqtisadçı Vüqar Bayramov bildirir ki, bu isə o deməkdir ki, Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər. Uçot stavkasının azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır.

“Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot stavkasının aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot stavkası

  • Gürcüstanda 7,
  • Moldovada 8,
  • Rusiyada 9,
  • Qazaxıstanda 10.5,
  • Belarusda 12 faizdir.

Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot stavkasına baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar.” – deyə Bayramov bildirib.

Baş bankir Elman Rüstəmov bu gün, iclasda bildirib ki, AMB uçot dərəcəsini 13%-ə endirməsi ilə banklarda manatla yerləşdirilən əmanətlərin maksimal sığortalanma faizi də 13%-ə düşə bilər.

Eyni zamanda o qeyd edib ki, bununla bağlı qərarı istənilən halda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası verəcək.

📝 RƏY BİLDİR