19 C
Baku
Thursday, April 25, 2024

“Mənzillərin qiyməti niyə artmalıdır ki?”

Ekspertlər bildirirlər ki, əmlak bazarına yeni vəsait daxil olmayıb və artım gözlənilmir

Ölkədə mənzil bazarında ucuzlaşma olacağı barədə fikirlər ekspertlər arasında fikir ayrılığı yaradıb. Bəzi ekspertlər evlərin tezliklə ucuzlaşacağını, digərləri isə əksinə, bahalaşacağını bildirirlər. Bəzi ekspertlər bildirirlər ki, mənzil bazarında bir müddət durğunluq olacaq, gələn ilin əvvəlindən isə azalma baş verəcək. Yenidən qiymət azalmaları dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilir. Bildirilir ki, xüsusilə Bakının mənzil bazarındakı qiymətlər hədsiz baha olduğundan, yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur. Üstəlik, Rusiyadakı durğunluq da buna təsir edəcək.

Bəzi ekspertlərsə neftin ucuzlaşmasının evlərin qiymətinin aşağı düşməsinə səbəb olmayacağını bildirirlər. Onların fikrincə, ölkənin daşınmaz əmlak bazarında baş verən hadisələrə neftin qiymətində olan dəyişikliyin, həmçinin Rusiyada baş verən hadisələrin təsiri yoxdur.

Ekspert Vüqar Bayramov mənzillərin qiymətinin aşağı düşməyəcəyi ilə bağlı xəbərləri ciddi qarşılamır. O bildirib ki, mənzillərin qiymətinin artması barədə xəbərlər ciddi deyil:

“Qlobal maliyyə böhranından sonra, xüsusən də 2010 və 2011-ci illərdə bəzi ekspertlər, demək olar, hər ay gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırdılar.

Məlumat yayılırdı, amma qiymət artmırdı. Baxmayaraq ki, bununla mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və ”qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək. Yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Özü də kifayət qədər ciddi artımların olacağı bildirilir. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti yüksəlibmi? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Neftin qiyməti aşağı düşdüyü bir halda daxili tələbat artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?”

Milli.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər