16 C
Baku
Friday, April 19, 2024

Məzuniyyətə hələ çox varsa necə dincəlmək olar?

Məzuniyyətə hələ çox varsa, yaxud hər hansı başqa bir səbəbdən məzuniyətə yollana bilmirsinizsə və monoton iş günlərinə “necə dözmək olar?” barədə düşünürsünüzsə bu məqalə sizin üçündür.

  1. Düzəninizi dəyişin

Çox sayda psixoloji eksperiment və araşdırma sübut edib ki, vərdiş edilən mühitin dəyişdirilməsi əhvala və məhsuldarlığa müsbət təsir edir.

Hər gün eyni iş masasını, kompüteri və kabinetin dörd divarını görmək təbii olaraq insanı mənəvi cəhətdən yorur. Əgər işdəki vəziyyət artıq sizi qıcıqlandırmağa başlayıbsa, deməli nəyisə dəyişmək zamanı çatıb. Əks təqdirdə iş daha çox mənfi emosiya yaradacaq.

Köklü dəyişikliklər etməyə ehtiyac yoxdur. Mühiti dəyişmək üçün iş masanızın yerini dəyişə, kabinetin divarına könlünüzü oxşayan, motivasiya edici hər hansı şəkil asa, masanızın üzərinə bitki, kiçik məzəli oyuncaq və yaxud suvenir qoya bilərsiniz. Şərtlər daxilində iş otağınızı dəyişmək daha məqsədəuyğundur.

2. Gün bölgünüzdə dəyişikliklər edin:

Adətən dəyişikliklərdən qorxuruq və vərdiş etmədiyimiz şeyləri etməyə tərəddüd edirik. Lakin belə bir davranış mənfi nəticələr doğura bilər. Biz hətta fayda gətirməsə belə oturuşmuş gün bölgümüzün çərçivələrindən kənara çıxa bilmirik.

Neyrobioloqlar insan beyninin hər zaman hər hansı bir yeniliyə ehtiyac duyduğunu sübut etmişlər. Günlük iş bölgünüzdə hətta ən kiçik dəyişikliklər belə gününüzə müxtəliflik qatacaq və diqqətinizi daha səlis toplamağa imkan verəcək.

Bu vasitə həmçinin kreativ düşüncə tərzini də inkişaf etdirir. Vərdiş halını almış monoton iş bölgüsündən imtina etmək beynin neyroplastikliyini, yəni yeni neyron əlaqələri yaratmaq bacarığını yüksəldir.

İşdən sonra məşğul olduğunuz idmanı səhər işdən əvvələ keçirin, hər zamankı deyil, başqa restoranda nahar edin və yaxud standart tapşırıqların icrası üçün yeni metodlar tapın.

3. Smartfonunuzu söndürün

Bu məsləhət bir qədər qeyri-real təsir bağışlaya bilər. Axı gündəlik həyatımızı telefonsuz təsəvvür etmək demək olar ki, mümkün deyil… Lakin internetə sərf etdiyiniz vaxtı daha maraqlı və məhsuldar keçirmək olar.

Dostlarınız və yaxud tanışlarınız ilə görüş zamanı email poçtu yoxlamaq və işlə bağlı ismarıclara cavab vermək məqsədəuyğun deyil. Əlbəttə, qeyri-iş vaxtlarında “yoxa çıxmaq” və zənglərdən qaçmaq lazım deyil. Lakin cihazlara zamanınızın və gücünüzün çoxunu əlinizdən almasına icazə verməyin.

Son xəbərlər
Digər xəbərlər