16 C
Baku
Thursday, March 28, 2024

Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair məlumat yaydı

Makroiqtisadi vəziyyət

Cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 mln. manat təşkil etmişdir. Bu dövr ərzində qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 mln. manata çatmışdır. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələmişdir. Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq iyun ayının 1-nə 6,6 mlrd. manata çatmışdır.

Dövlət büdcəsi

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat, xərcləri 8723,8 mln. manat olmuş, 615,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.

Gəlirlər

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9192,6, mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6 faiz çox olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 123,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 mln. manat və ya 7,9 faiz çoxdur.

2014-cü ilin altı ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 732,8 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln. manat təşkil etmişdir.

Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln. manata qarşı büdcəyə 46,7 mln. manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 mln. manat vəsait transfert edilmişdir.
2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 mln. manat icra olunmuşdur.

Xərclər

2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln. manat icra olunmuşdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə Müdafiə xərclərinə 24,5 faiz (154,2 mln. manat), Mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 mln. manat), Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), Təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), Səhiyyə xərclərinə 7,6 faiz (19,6 mln. manat), Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq otrqanlarının saxlanılmasına 7,3 faiz (31,5 mln. manat), Sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 mln. manat), Nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilmişdir.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 mln. manat vəsait yönəldilmişdir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 mln. manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 mln. manat icra olunmuşdur.

Cari ilin ilk altı ayında dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapmışdır.

İcmal büdcə
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 mln. manat və ya 2,5 faiz çoxdur . İcmal büdcənin xərcləri 9913,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 mln. manat və ya 1,0 faiz coxdur.

2014-cü ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

Son xəbərlər
Digər xəbərlər