12 C
Baku
Friday, March 29, 2024

“Manat pulun bütün funksiyalarını yerinə yetirmir”

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” 30 dekabr 2017-ci il tarixdən qüvvəyə minib. Əsas məqsəd valyuta mübadiləsi məntəqələrinin fəaliyyətini bərpa etməkdir.

Hüquqşunas-eksper Əkrəm Həsənov bunu “müsbət məqam” adlandırıb. Lakin, ekspert deyir ki, həmişəki kimi yenə də manatı aşağılayıblar: “Belə ki, Qaydanın 5.4-cü bəndində deyilir: “Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır”. 2016-cı ilin sonunda qüvvəyə minmiş Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda da ekvivalent kimi dollar göstərilir.”

“Mən başa düşə bilmirəm: ölkəmizin milli valyutası başıbəlalı manatdır, yoxsa dünyanı zəbt etmiş dollar? Manatdırsa, niyə ekvivalent kimi dollar göstərilir? Məgər pulun funksiyalarından biri də dəyər ölçüsü deyilmi? Valyuta mübadiləsi əsnasında nəinki digər xarici valyutaların, hətta manatın da dəyəri dollarla ölçülürsə, deməli, manat pulun bütün funksiyalarını yerinə yetirmir. Əgər maliyyə sisteminin başında duran Mərkəzi Bank və Palata sənədlərində ölçü vahidi kimi dolları göstərirsə, adi vətəndaşlarımızdan milli valyutaya hörməti, ona arxalanmağı necə gözləmək olar axı? Faktiki olaraq belə davranışla dövlət qurumlarımız manatı gözdən salır, ona etimadı sarsıdır. Bunu bilərəkdən edirlərsə, xain, bilməməzlikdən edirlərsə, savadsızdırlar!” – deyə Həsənov bildirib.

Son xəbərlər
Digər xəbərlər