4 C
Baku
Friday, March 29, 2024

Marketinq: Vending nədir və nəyə görə onunla məşğul olmaq mütləqdir?

Vending – (ingilin dilində “vend” – satmaq (avtomat vasitəsilə deməkdir) məhsul və yaxud xidmətlərin avtomatlaşdırılmış sistemlər, yəni sadə dillə desək ticarət avtomatları vasitəsilə satılmasıdır. Vending bütün dünyada məhsul və yaxud xidmətlərin ən rahat şəkildə satılması üsulu kimi geniş yayılmışdır.

Vending avtomatlarının çoxlu sayda növləri vardır və satdığı məhsula uyğun olaraq qruplaşdırılır. Bəs vending aparatlarını ticarət aparılması zamanı mütləq edən nədir?

Aşağı dərəcəli start kapitalı:

Bu cəhət xüsusi olaraq yeni başlayan biznesmenlər üçün sərfəlidir. Vending biznesinə başlamaq üçün bir neçə min dollar kifayət edir. Bu ümumi mələğdir və biznesinizi daha az kapital ilə də qurmaq mümkündür. Məsələn, avtomatı icarəyə və yaxud kreditə götürməklə. Ticarət avtomatını alan zaman konsultantlara müraciət edin və vəziyyəti anlatmağa çalışın. Bu zaman effektiv biznesi iflasa uğratmamaq üçün daha nə ilə qənaət edə biləcəyinizi sizə izah edəcəklər.

Biznesi asanlıqla bu və ya digər formada satmaq imkanı:

İstənilən yeni biznesə başlayan zaman sahibkar gəlir əldə edə bilmədiyi halda nə edəcəyini düşünür. İstənilən bütün digər sahələrdə problemlər yaşana bilər, lakin vending biznesini hər zaman asanlıqla satmaq mümkündür.

Biznesin genişləndirilməsi üçün sadə imkanlar:

Heç bir çətin sxem və hesablamaya ehtiyac yoxdur: yeni satış nöqtəsini icarəyə götürürsünüz, avtomat alırsınız, bu proseduru sonsuza qədər davam etdirirsiniz. Müəyyən mərhələdə artıq personal cəlb etməyə başlayırsınız (avtomatların sayı çox olduqda). Hər şey maksimum dərəcədə sadədir!

Bütün incəlikləri tez bir zamanda öyrənmək imkanı:

Vending biznesi ilə məşğul olmaq üçün xüsusi təlim kurslarına yazılmaq və müəyyən biliklərə yiyələnmək tələb olunmur. Bu avtomatlardan istifadə qaydası çox sadə olduğunuzdan biznesə yeni başlayarkən bu sahə üzrə məlumata sahib olmamağınız biznesiniz üçün əngəl törətməyəcək.

Kifayət qədər tez bir zamanda passiv gəlir qazanmağa başlamaq imkanı:

Bildiyimiz kimi passiv gəlir gündəlik olaraq müəyyən səy göstərmədən əldə etdiyimiz gəlir mənbələridir. Belə ki, müəyyən ticarət nöqtələrində vending avtomatlarına sahib olmaqla yanaşı, tamamilə müxtəlif sahələrdə də çalışa bilərsiniz. Bu zaman vending avtomatı aylıq əmək haqqınızdan əlavə, passiv gəlir mənbəyinizə çevriləcək.

Tələbatın tez bir zamanda artması:

Biznesin əksər növlərindən fərqli olaraq vending asanlıqla istehlakçı tələbatına uyğunlaşır. Bu zaman atmalı olduğunuz əsas addım hədəf kütlənizin maraq dairəsinə və tələbatlarına uyğun məhsul seçməkdir.

Yaxşı gəlir qazanmaq üçün ideal vasitə:

Ticarət avtomatınızda satacağınız məhsulu təyin edərkən bu avtomatın yerləşəcəyi yerə uyğun olaraq seçim etməyiniz məqsədəuyğundur. Əgər vending aparatı tələbələrin və yaxud gənclərin daha çox olduğu ərazilərdə yerləşəcəksə, qəhvə, sərinləşdirici içkilər, dondurma kimi məhsullar üzərində düşünməyinizdə fayda var. Bunun üçün çətin və uzun araşdırmalar aparmağa ehtiyac yoxdur.

Avtomatın köməkliyi ilə əlavə gəlir qazanmaq şansı:

Avtomatın özündən əldə edilən gəlirlərin az olduğunu düşünürsünüzsə, bu zaman onun tək daxilindən deyil, xaricindən də istifadə edin. Öz avtomatınızı reklam daşıyıcısı qismində təklif edin və onun üzərində hər hansı şirkətin və yaxud məhsulun reklam edilməsi qaşılığında aylıq müəyyən məbləğ qazanın.

Yuxarıda sadaladığımız üstün cəhətlərdən və imkanlardan belə nəticəyə gəlmək olar ki, biznesə yeni başlayanlar və hələ hansı sahə ilə məşğul olacaqlarına qərar verməyən sahibkarlar bu prosesə məhz vending ilə başlaya bilərlər. Gördüyümüz kimi, vending çox xərc tələb etmədən, aylıq sabit gəlir qazanmaq şansı yaradır. Bu zaman biznesmendən tələb olunan yeganə cəhət ticarət avtomatının yerləşəcəyi məkanı və məhsulu hədəf kütləsinə uyğun şəkildə seçməkdir.

Son xəbərlər
Digər xəbərlər