Mastercard rəhbəri kriptovalyutaları “yararsız” adlandırdı

Banker.az xəbər verir ki, Mastercard şirkətinin icraçı direktoru Ajaypal Banga qeyd edib ki, onun şirkəti kriptovalyutalara adaptasiya olmağa hazırdır, lakin bir şərtlə ki, onlar dövlət tərəfindən buraxılsın.

Onun sözlərinə görə, dövlət rəqəmsal valyuta yaratdıqda ona uyğunlaşmaq üçün üsul tapılar, lakin hələ ki, rəqəmsal valyutalar “zibil”-dən artıq qiymətləndirilmir.

Banga The Economic Times nəşrinə verdiyi müsahibəsi zamanı qeyd edib ki, dövlət tərəfindən dəstəklənən rəqəmsal milli valyutalar maraqlıdır, qeyri-dövlət kriptovalyutalarına gəldikdə isə bunlar tamamilə yararsızdır.

“Bitcoin ilə müəyyən məbləğ mənə bu gün bir, sabah iki, o biri gün isə 9000 şüşə su almağa kifayət edəcək. Lakin pullar belə işləmir. İstənilən valyuta stabillik və şəffaflığa ehtiyac duyur, əks təqdirdə bütün dünyəvi cinayətkarlıq bu valyutadan istifadə etməyə başlayacaq “ – deyə Mastercard rəsmisi vurğulayıb.