MBNP Sığorta Agentliyində nöqsanlar aşkarladı, lisenziyasını dayandırdı

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb. Banker.az-a bu barədə Palatadan məlumat daxil olub.

Palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin  pozulması faktları  aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının  ləğvi məsələsinə baxılacağı bildirilmişdir.